Almaniya Qarabağ probleminin həllində real təsir gücünə malikdir: “İşğalçı Ermənistana təzyiq göstərilməlidir"



"Almaniya ATƏT-in Minsk Qrupunun üzvüdür və Avropanın aparıcı ölkəsidir”. Bunu "sherg.az”a açıqlamasında Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib. Analitik vurğulayıb ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirak etmək imkanına və gücünə sahibdir: 

"Dövlət başçımız mətbuat konfransında bir daha Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu, insanların öz yurdlarından didərgin salındığını və bununla bağlı BMT-nin 4 qətnaməsinin qəbul edildiyini bəyan etdi. Dünya ölkələri ilk növbədə buna diqqət yetirməlidir. Xanım Merkel bu məsələdə konkret fikir səsləndirməsə də, münaqişənin həlli ilə bağlı çalışacaqlarını, problemin sülh yolu ilə çözülməsinə tərəfdar olduqlarını söylədi. 

Azərbaycan tərəfi isə Almaniyanın diqqətinə öz qəti mövqeyini çatdırdı. Görüşdə vurğulandı ki, Azərbaycan dövləti və xalqı torpaqlarının itirilməsi ilə heç zaman barışmayacaq. Ərazi bütövlüyümüzü qorumaq üçün bütün vasitələrdən istifadə edəcəyik. Əgər Almaniya rəhbərliyi Bakının enerji resurslarından səmərəli istifadə etmək niyyətindədirsə, regionda mövcud olan münaqişənin nə qədər təhlükəli olduğunun fərqinə varmalıdır”. 

Professora görə, Almaniya münaqişənin həllində real təsiredici gücə malikdir: "Hər halda işğalçı Ermənistana təzyiq göstərilməlidir. Avropanın aparıcı ölkəsi olan Almaniya düşmənə təsir imkanlarına sahibdir. Rəsmi Berlindən gözləntimiz məhz bundan ibarətdir”.

Qeyd edək ki, Azərbaycana səfər edən Almaniya kansleri Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həllindən söz açıb. Merkel bildirib ki, Almaniya Qarabağ münaqişəsinin həllinə dəstək olmaq istəyir: "Biz regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir. Almaniya tərəfindən bu münaqişənin həllinə dəstək olmaq istərdik”.

İsmayıl