Azərbaycan Tibb Universitetinin məzunu, hazırda Almaniyanın "Helios Kliniken" klinikasının professoru, Moskvada yaradılan Sosial Reabilitasiya Akademiyasının İdman Travması kafedrasının müdiri, müxtəlif dillərdə çap olunan 100-ə qədər elmi məqalənin müəllifi, ortopedik idman travmalarının müalicəsi sahəsində peşəkar mütəxəsis, əslən Qazaxda olan həmyerlimiz Rauf Əliyev bu gün Azərbaycan Dövlət İdman Akademiyasında təlimat proqramı ilə çıxış edib. Təlimat proqramı idman travmaları və onlara səbəb olan amillər, travmadan sonra idmançılara göstərilən ilkin yardım və müalicə metodlarını əhatə edib.
R.Əliyev bildirib ki, təlimin əsas məqsədi idman travmasının qarşısını alma yolları, idmançılara ilkin yardım sahəsində iştirakçıları maarifləndirməkdir:
"Həmçinin Avropa standartlarına uyğun müalicə üsullarının tətbiq edilməsi üçün təlimatlarla çıxış edirik. Bu sahədəki bilikləri ölkəmizdə yüksəltmək, idmançılarımıza və idman sahəsində çalışanlara faydalı məlumatlar ötürmək niyyətindəyik. Bundan sonra ildə bir neçə dəfə belə təlim proqramları həyata keçirəcəyimizə ümid edirik”.
Bundan başqa qeyd edək ki, təlimdən sonra R.Əliyev "Şərq” qəzeti redaksiyasına təşrif buyurub. Qəzetin baş redaktaoru, tarix elmləri üzrə fəlsəfə doktoru Akif Aşırlı qonağı redaksiyada yaradılan Mətbuat Tarixi Muzeyi ilə tanış etdi.
Redaksiya otaqlarını bir-bir gəzərək muzeydə yer alan eksponatlar haqqında ətraflı məlumat verən A.Aşırlı vurğulayıb ki, muzeydə Azərbaycan mətbuatının keçdiyi tarixi dövrün bütün mərhələləri əks olunub.
R.Əliyev isə muzeyin əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, burada toplanan qəzet, kitab nüsxələri və başqa eksponatlar mətbuat tarixinin əhəmiyyətli nümunələridir.
Aysel Aslan