İnstitutların laboratoriyalarının universitetlərə verilməsi də nəticəsiz olacaq
“AMEA Azərbaycana hava-su kimi lazımdır”
“İlk olaraq Gürcüstan irəli düşmək istədi və Elmlər Akademiyasının institutlarını universitetlərə birləşdirdilər. Qısa müddət sonra isə səhv etdiklərini anladılar”
İnstitutların laboratoriyalarının universitetlərə verilməsi də nəticəsiz olacaq
İnstitutların laboratoriyalarının universitetlərə verilməsi də nəticəsiz olacaq
Fəaliyyəti hər zaman müzakirə - həm də daha çox mənfi yöndən müzakirə predmeti olan qurumlardan biri Azərbaycan Milli Elmlər Akademiyasıdır. AMEA-nın fəaliyyəti ilə bağlı zaman-zaman tənqidlər səslənib. Nəinki AMEA institutlarının, elə bütövlükdə bu elm mərkəzinin özünün də "bilmərrə” qapadılması gündəmə gətirilib. Milli Məclisin ötən iclaslarında bu mövzu yenə qabardıldı.
Millət vəkillərindən bəziləri AMEA institutlarının bağlanmasını, ya da elmlə təhsilin birləşdirilməsini - akademiya institutlarının universitetlərin nəzdinə verilməsini təklif etdilər. Cəfakeş alimlərimizin doğma yuvası barədə "AMEA-nın işi dövlət büdcəsindən ayrılan vəsaiti əmək haqqına yönəltməkdir” deyənlər də tapıldı. Fikirlər daha çox bu mülahizənin üzərində cəmləşir ki, AMEA artıq tarixi missiyasını başa vurub. Müasir dünyada AMEA tipli qurum və quruluşlara yer qalmayıb. Ya AMEA yenilənməlidir, ya da yenilənə bilmirsə əgər, bağlansın. Bitsin bu iş. Yəni, bitsin artıq bu çilə. Təbii, alimlərin çəkdiyi çilədən söhbət gedir.
AMEA ilə bağlı fikirlər yenə müxtəlifdir. Müasirliyə inteqrasiya olunmuşlar AMEA-nın yenilənməsini zəruri sayır. Məsələn, millət vəkili Fazil Mustafanın qənaətincə, bizim AMEA da dünyanın aparıcı elmi-tədqiqat institutları kimi, xüsusi sifarişlə çalışmalıdır:
- AMEA nəzdindəki institutların laboratoriyalarının müəyyən dərəcədə universitet bazasına köçürülməsinə ehtiyac var. Yeni universitet modelinə ehtiyac var. Bu model qurulmadığına görə çox təəssüf ki, problemlər yaşanır. Bizdə elmin inkişafı o səviyyədə deyil ki, elmi-tədqiqat institutları müəyyən layihələr hazırlasınlar, proqnozlar versinlər.
Parlamentdə bu məsələ ətrafında danışıldı, rəylər bildirildi, lakin AMEA-da nə kimi struktur dəyişiklikləri aparılmalıdır, hələ də müzakirələrə açıq qalır.
Tarixçi-alim Boran Əzizli "Şərq”ə açıqlamasında AMEA-nın fəaliyyətinin dövlət büdcəsindən elmə ayrılan vəsaitlə adekvat olduğunu dedi:
- Ayrılan vəsaitin müqabilində AMEA-dan bundan artığını gözləməyə dəyməz. Görülən iş ayrılan pulun müqabilindədir. Dövlət büdcəsindən elmin inkişafı üçün həqiqi lazım olan məbləğ ayrılarsa, o zaman AMEA-dan tutarlı iş tələb etmək olar. Ümumilikdə, elmə ayrılan vəsait artırılmalıdır. Struktur islahatlarına gəlincə, islahatlara həmişə ehtiyac var. Deyirlər, dünyada elmi-tədqiqat institutları xüsusi sifarişlə işləyir. Hələ biz inkişaf etmiş ölkələr səviyyəsinə çataq, sonra bu barədə danışarıq.
İqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu da AMEA-nın qorunub saxlanmasını istəyənlərdəndi:
- 1993-cü ildə bu məsələ qalxmışdı ki, AMEA ləğv edilsin. Bilirsiz ki, 1992-ci ildə parlamentdə "Humanitar tədqiqatlar və Proqnozlaşdırma Mərkəzi” yaradılmışdı və mən mərkəzin rəhbəri idim. O zaman da mən əlimdən gələni etdim ki, AMEA bağlanmasın. Əsaslandırdım da ki, AMEA Azərbaycana hava-su kimi lazımdır. Çünki ciddi elmi tədqiqatların aparılmasında, ümumilikdə ölkənin elmi tərəqqisində AMEA generator rolunu oynayır. Yəni, əslində, belə olmalıdır. AMEA institutlarının laboratoriyalarının universitetlərin nəzdinə verilməsi də nəticəsiz olacaq. Lazım deyil bu. Çünki Gürcüstan bunun zərərini artıq gördü. İlk olaraq Gürcüstan irəli düşmək istədi və Elmlər Akademiyasının institutlarını universitetlərə birləşdirdilər. Qısa müddət sonra isə səhv etdiklərini anladılar. Ona görə ki, tələsik qərar verilmişdi. Birləşməyə hər iki tərəf hazır olmalıdır. Universitetlər daha çox tədrislə məşğuldur. Alimləri tədrisəmi cəlb etməlidirlər? Alimlər də bilmir, onları niyə universitetlərə yönəldirlər, nə edəcəklər, onların qarşısına qoyulan tələb nədən ibarətdir? Tədrisin keyfiyyətinin yüksəldilməsinəmi çalışmalıdırlar, yoxsa tədqiqat işiyləmi məşğul olmalıdırlar? Nə elm, nə də təhsil birləşə biləcək səviyyəyə çatmayıb hələ.
AMEA-nın fəaliyyətini yüksəltməyin 2 istiqaməti var. Birincisi, elmi bazanı inkişaf etdirmək, müasir dünya elmi ilə ayaqlaşmasını təmin etmək. İkincisi, tətbiqi sahəni inkişaf etdirmək. Bunun üçün də elmi təminatı gücləndirmək. Baxın, hər gün qəzetlərdə, xəbər saytlarında ailə institutları ilə bağlı problemlərlə rastlaşırıq. Ailə institutunda yaşanan problemlərlə bağlı indiyədək nə qədər açıqlamalar verilib. Bir sahədə problem artıq qabarıq şəkildə özünü göstərirsə, deməli, orada elmi yanaşmaya ehtiyac var. Akademiya bu işdə aparıcı rol oynaya bilər.
AMEA-nın müvafiq institutlarının iştirakı ilə fəaliyyət proqramı hazırlanmalıdır. Şübhəsiz, proqramı hazırlayanlar alimlər, bu sahə üzrə mütəxəssislər olacaq. Fəaliyyət proqramının tətbiq sahələri də müəyyənləşməlidir. Və yaxud iqtisadiyyatla bağlı da həmçinin. Elə sahələr var, orada hökmən elmi təminata ehtiyac var. Bunu da AMEA həyata keçirməlidir. Nə AMEA-nı ləğv etmək, nə də institutları harasa birləşdirmək lazımdır. Sadəcə, AMEA-da həqiqi elmlə məşğul olanlar qalmalıdır və onlar da konkret istiqamətlər üzrə, fəaliyyət proqramına uyğun çalışmalıdırlar.
Məlahət Rzayeva