Elman Məmmədov: “Bu cür çağırış tək Uorlik tərəfindən deyil, hər üç həmsədr tərəfindən birgə bəyanat şəklində verilməlidir”
Akif Nağı: “Həmsədrlər başa düşürlər ki, girovlar məsələsi danışıqlar prosesində maneə yarada bilər”
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Ermənistana çağırış edib. Girovların Azərbaycana qaytarılmasının vacibliyini vurğulayan Uorlikin sözlərinə görə, bu kimi humanist addımlar tərəflər arasında etimadın yaradılmasına və gərginliyin azaldılmasına yardım edə bilər:
"Həm keçmiş təcrübədə olduğu kimi, həm də Həştərxan Bəyannaməsinə uyğun olaraq tərəflər girovların qaytarılması istiqamətində razılığa gəliblər. Biz ümid edirik ki, vəziyyətdən çıxış üçün eyni addımlar bu dəfə də atılacaq”. Amerikalı həmsədrin bəyanatı ictimaiyyət nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov deyib ki, bu cür çağırış tək Uorlik tərəfindən deyil, hər üç həmsədr tərəfindən birgə bəyanat şəklində verilməlidir: "ABŞ, xüsusən Rusiya da eyni mövqedən çıxış etməlidir. Hər üç dövlət açıq formada bildirməlidir ki, girovlarımız üzərində qurulan məzhəkə heç bir qanuna sığmayan vandalizm hərəkətidir. Çünki o insanlar hansısa başqa dövlətin ərazisinə keçməyiblər, heç kimə güllə atmayıblar. Bəyəm bunu görmək, anlamaq o qədər çətindir? Müharibə şəraitində olan dövlətlər hətta əlində silah əsir düşmüş hərbiçiləri belə qarşı tərəfə təhvil verirlər, dəyişirlər. Bəs silahsız mülki adamlar hansı qanunlara əsasən girovluqda saxlanılır?”. E.Məmmədovun sözlərinə görə, həmsədrlər bu müddəaları əsas götürərək, sadəcə quru çağırışlarla kifayətlənməməlidir. Onlar Ermənistana təzyiq göstərməli, girovların qaytarılmasını tələb etməlidir: "Həmsədrlərin vasitəçilik missiyasına girovların azad edilməsinə nail olmaq da aiddir. Amma Minsk Qrupu öz borcunu yerinə yetirmir, sadəcə boş sözlər deyirlər. Belə bəyanatlar, çağırışlar boğazdan yuxarı sözlərdir. Şərt nəsə demək deyil, deyib sonra onu etməkdir. Ancaq ötən 20 ildə biz gördük ki, həmsədrlərin sözləri ilə əməlləri üst-üstə düşmür. Onsuz da hansı yolla olur-olsun, Azərbaycan dövləti öz girovlarını azad edəcək. Ancaq yaxşı olmazmı ki, bunu insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar etsinlər. Əgər onlar öz missiyasını yerinə yetirərsə, cəmiyyətin beynəlxalq qurumlara etimadı artar”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı amerikalı həmsədrin girovlarla bağlı çağırışını Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirib: "Rusiya və ABŞ-ın girovların azad olunması məsələsinə reaksiya verməsi ermənilərin haqsız mövqedə olduğunu göstərir. Ona görə də Azərbaycanın qaldırdığı məsələ qarşısında ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatlar bir söz deyə bilmirlər. Həmsədrlər başa düşürlər ki, girovlar məsələsi danışıqlar prosesində maneə yarada bilər. Bu səbəbdən məcburiyyət qarşısında girovların azad olunması məsələsini qabardırlar. Hesab edirəm ki, ABŞ-lı həmsədrin girovların azad olunması ilə bağlı çağırışı ciddi göstəricidir. Yəqin ki, buna məsələnin tezliklə həllinin əlamətləri kimi baxmaq olar”.
İsmayıl