“Ana kimi də, nənə kimi də narahatam”

“Bizdə necədir; qapının kandarında səbət qoymuşuq. Nəvələrim bizə gələndə telefonlarını o səbətə qoyub otağa keçir”
Bəsti İsmayılova: “Nəvələrim böyüyür, onlar küçəyə çıxanda fərqli vəziyyətlə qarşılaşırlar”





"Azərbaycan” nəşriyyatı mənim evimdir. Hətta deyirəm ki, gecə saatlarında evimin
eyvanına çıxmağa qorxaram, amma nəşriyyatın dəhlizlərində gecə də olsa, qorxmaram



"Bəzən qonaq getdiyimiz ailələrdə görürəm, masa arxasında 5 nəfər əyləşib, 5-i də telefonla məşğuldur”



"Əhaliyə ucuz şouları sırıyırlar. Əhali istəyir ki, evdən qaçan
qızla bağlı 3 ay danışılsın?!”


"Azərbaycan” nəşriyyatının direktor müavini Bəsti İsmayılova ilə söhbətə, etiraf edim ki, çəkinə-çəkinə razı oldum. Bilirdim ki, nəşriyyatın direktor müavinidir. Bunu da eşitmişdim, deyirdilər, Bəsti xanım ciddi qadındır. Nəşriyyatın işçiləri ona nəsə deməyə asan cürət etmir. Fikirləşirdim, belə sərt xanımla nədən, necə danışacam?! Jurnalistlik belədir. Nəticəni hesaba almadan addım atmalı olursan. Bu fikirlərlə də Bəsti xanımdan müsahibə almağa getdim. Məni ürəkləndirən, qəbul otağında əyləşmiş qadının Bəsti xanımın kabinetini nişan verərək, heç bir sıxıntısız, əvvəlcədən məlumat vermədən, sərbəst şəkildə "buyurun, keçin” deməsi oldu; demək, Bəsti xanım bürokrat deyilmiş. Qapısı da gələnlərin üzünə açıqmış...Kabinetə daxil olar-olmaz yeni yaranmış təsəvvürümdə yanılmadığımı anladım. Ziyalı xanım kimi həyat, müasir yaşam tərzi, çoxumuzu narahat edən gündəlik problemlər barədə düşüncələrini sərbəst ifadə etməyə başladı. Aramızda mehriban, səmimi bağlantı yarandı. Şablon suallara da ehtiyac qalmadı.

- Bəsti xanım, sizinlə söhbətimiz 8 mart öncəsi olmalıydı. Bildirdilər ki, tədbirdəsiniz, gün ərzində (7 mart) iş yerində olmayacaqsız...

- Düzdür, həmin gün bir neçə tədbirə dəvətliydim...

- Əgər söhbətimiz 7 martda gerçəkləşsəydi, ilk sualım 8 martla bağlı olacaqdı. Bayram günündə sizi ilk təbrik edənləri, ümumiyyətlə, 8 Mart bayramının, Beynəlxalq Qadınlar Günü xaricində, məhz sizin həyatınızdakı yerini soruşacaqdım...

- Bu gün də danışa bilərəm. Həyatımda ilk gülü 1968-ci ildə nişanlımdan almışam. Fevral ayında nişanlanmışdıq, martın 8-i mənə ilk gül dəstəsi o zaman nişanlım, sonra isə ömürlük ömür-gün yoldaşım olacaq şəxs verdi. Bundan sonra həyatımın 45 ilini o gülləri almışam. Hər il mənə gül alıb. Hər il 8 martda o güllər gözümün önünə gəlir.

- Deyəsən, həmin güllər ömrünüz boyu sizi müşayiət edib. Xoşbəxt ailəniz olub.

- Bəli. Çox gözəl insan idi. Gözəl ailə başçısı idi. Çox da gözəl, nümunəvi ailəmiz olub. Onunla birgə həqiqətən də xoşbəxt həyat keçirmişəm. Çiçəklər qəbul etmişəm. 2012-ci ilədək... 5 il əvvəl həyat yoldaşımı itirdim...

- Allah rəhmət eləsin. Yəqin ki, bu gün də övladlarınız sizi təbrik edir...

- İki oğlum var. Gəlinlərim, nəvələrim. Mən bütün qadınlara belə övladlar, belə ailə arzulayıram. Valideyn üçün övladı haqqında xoş sözlər eşitməkdən böyük səadət ola bilməz. Sağ olsunlar ki, onlar mənə bu səadəti yaşadırlar. Atalarının layiqli davamçılarıdır. Ali təhsil alıblar. Yaxşı ailə başçısı, yaxşı da işçilərdir.

- Bəsti xanım, madam ailədən söz düşdü, son zamanlar bizi ən çox narahat edən məsələyə - ailə dəyərlərimizin təhdid olunmasına toxunmaq istərdim. Dediniz ki, "Şərq” qəzetini hər gün oxuyursunuz. Deməli, qəzetimizdə milli-mənəvi dəyərlər, ailə problemləri ilə bağlı vaxtaşırı yazılanları da oxuyursunuz.

- Bu, mənim yaralı yerimdir. Ana kimi də, nənə kimi də məni narahat edir. Çünki nəvələrim böyüyür. Onlar küçəyə çıxanda evdəkindən tamam fərqli vəziyyətlə qarşılaşırlar. Tərbiyənin, ailənin möhkəmliyi evdən başlamalıdır. İkincisi, görürük ki, cavanlarımız avropalaşmaq istəyir. Adını eşidiblər, amma məğzinə bələd deyillər. Avropadan örnək alınacaq məsələlər var. Geyimi, elmi, təhsili, texnologiyaları əxz etmək olar. Ailə modelinə gəldikdə, məncə, Azərbaycan ailə modelindən yaxşısı ola bilməz. İstər milli ənənələr baxımından, istər dini baxımdan, türk-islam dəyərlərindən yaxşısı yoxdur. Azərbaycan ailəsi dünyaya örnək ola biləcək bir modeldir. Amma görün, bu son zamanlarda nələr baş verir. Çox təəssüf ki, malik olduğumuz yüksək dəyərlərimizi bəzi cavanlarımız avropalaşmaq adı altında itirirlər. Ola bilsin, hesab edəcəklər ki, mən mühafizəkaram. Ailə dəyərləri məsələsində, bəli, mühafizəkar olmalıyıq. Sosial şəbəkələr, internet nə qədər yayğınlaşıb. Biz gənc olanda, kənd camaatı səbirsizliklə gözləyirdi ki, gələcəyik, şəhərdən, mədəniyyətdən, baxdığımız tamaşalardan danışacağıq. Amma indi ən ucqar kənddə də bizim burda oxuduğumuz informasiyanı oxuyurlar, istənilən sayta daxil olub, hər cür hadisə barədə məlumat alırlar. Bütün informasiyalara, saytlara, videolora giriş açıqdır. Axı bununla pərdələr aradan qalxır. Bu məni çox narahat edir.

- Sosial şəbəkələrə qadağa qoymaq, qarşısını almaq mümkün deyil, fikri ilə razılaşırsınız?

- Yox, mümkündür. Hər şey ailədən asılıdır. Yaxın qohumumuz var, ziyalı ailədi. Həm də vəzifə sahibidir. Oğlu 11-ci sinfi bitirdikdən sonra ona mobil telefon aldı. Dedi ki, oğul, evdə naharını edib gedirsən, maşın səni aparır, məktəbdə 6 saat müəllimlərin nəzarətində olursan. Dərsdən sonra da müəllim yanına gedirsən. Telefon sənin nəyinə lazımdır?! Axşam gələndə televizora bax. Mənim yanımda internetə daxil ol. İndi o uşaq Türkiyədə təhsil alır. Dediyim budur ki, evdə qadağa qoymaq mümkündür. Bizdə necədir; qapının kandarında səbət qoymuşuq. Nəvələrim bizə gələndə telefonlarını o səbətə qoyub otağa keçir. "Nənəni görməyə gəlmisənsə, telefon əlində olmamalıdı”. Bəzən qonaq getdiyimiz ailələrdə görürəm, masa arxasında 5 nəfər əyləşib, 5-i də telefonla məşğuldur. Bizim ailədə qanunlar başqadır. Həftədə bir gün bizim ailə günümüzdü. Nəvələrim, övladlarım, gəlinlər gəlir, söhbət edirik, fikir bölüşürük. Danışırıq. Əvvəllər belə idi. Ailə üzvləri bir yerdə masa arxasında əyləşərdi. Dərd-sərlərini bölüşərdilər. Amma indi, hər kəs çəkilir öz otağına, telefonu da alır əlinə. Nahara da ana telefonla çağırır ki, gəl yeməyini ye. Uşaqları düzgün tərbiyə etmək lazımdır. Uşaq məhdudiyyətlərin nə olduğunu bilməlidir. Uşaq saatlarla internetin, kompüterin arxasında oturmamalıdır. Saatlarla televizora baxmamalıdır. Bir dəfə evdə söhbət edirdik, nəvələrim də bizdə idi, babaları dedi ki, bir televizor vardı, qonşular bir yerə yığışırdı xəbərlərə baxmağa. Nəvəm təəccüb etdi ki, a, necə kasıb yaşamısınız, beş-altı ailənin bir televizoru varmış. Onun sözünə hamımız güldük. İndi elə dövrə gəlib çıxmışıq ki, evdə 3 nəfər var, 5 televizor. Az qala bütün otaqlara televizor quraşdırırlar. Etiraz etmirəm. Varlığa nə darlıq. Qoy olsun. Amma uşaq məhdudiyyət bilməlidir. Mənəviyyat bundan başlayır. 30-40 il əvvəl belə hadisələr olardı ki, oğul ataya, anaya əl qaldırsın?! Belə hadisələr məni dəhşətə gətirir. Mənə belə gəlir ki, sosial şəbəkələrdə, mətbuatda bunları qabartmaq, dəqiqliyi açıqlamaq lazım deyil. Bəzən elə hadisələri ictimailəşdirirlər ki, insanlara mənfi təsir göstərir. Xəbər verilsin, amma bütün çılpaqlığı ilə olmamalıdır.

- Təkcə, sosial şəbəkələr, xəbər saytları deyil, telekanallarda da "realiti-şou”lar efirə verilir. Belə verilişlərin əksəriyyətində ailə dramları, ailə münaqişələri göstərilir.

- Bunlar ucuz "şou”lardır. Kənardan gələn haqqımızda nə düşünər? Fikirləşər ki, görün bunların qız-gəlinləri nə işlərlə məşğuldur, haralarda gəzirlər. Efirə çıxanlar milyondan biridir. Amma elə təsəvvür yaranır ki, əhalinin yarısı həmin yolun yolçusudur. 3 uşaq anası körpəsini atıb başqa ölkəyə gedibsə, bunu mütləq efirdə göstərmək lazımdırmı? Belə şeylər başqaları üçün də pis örnəkdir. Televiziyada bir dəqiqəlik reklam üçün hardasa, 700-800 manat ödənir. Hansısa boşboğaz oturub saatlarla lağ-lağı edir. Niyə bizim vaxtımızı alırlar? Buna niyə icazə verilməlidir? Xalq artistlərimiz, ziyalılar qalıb kənarda. Hüquqlarımızı bilmirik. Təbliğat işi zəifdir. Qanunları öyrədin, Konstitusiyanı öyrədin. Türk həkimi çağırırlar efirə, elə sözlər danışır, qadınlar heç nə başa düşmür. Nə var ki, o həkim pul ödəyir. Bizim savadlı, təcrübəli həkimlərimiz var. Onları dəvət etsinlər, əhaliyə məsləhət versinlər. Baxırsan, hamı efirdə xörək bişirir. Kişisi də, qadını da. Mənim evmidə hansı ərzağım varsa, ondan xörək bişirəcəyəm. Bu məqsədli yönləndirmə nəyə lazımdır?

- Məsələ burasındadır, televiziyalar tənqid olunanda, günahı əhalinin üzərinə atırlar ki, camaat bunu istəyir. Guya camaat şou "tələb edir”.

- Xeyr. Əhaliyə ucuz şouları sırıyırlar. Əhali istəyir ki, evdən qaçan qızla bağlı 3 ay danışılsın?! Bunun üçün hüquq-mühafizə orqanları var, qoy işlərini görsünlər. Efirlərimiz tamamilə bərbad haldadır. Əvvəlcə 1-2 telekanal vardı, sanballı verilişlər efirə gedirdi. Maarifləndirirdilər tamaşaçını. İndi kimi dindirirsən, deyir, Azərbaycan telekanallarına baxmıram. Bizim televiziyalar tamaşaçılarını itirib artıq. Biz niyə özümüzdən qaçmalıyıq?!

- Hər gün mətbuatı izləyən xanım (Bəsti xanımın masasının üzərində nəşriyyat bazasında çap olunan bir xeyli qəzet vardı - red.) kimi mediadan gözləntiləriniz nədir?

- İstəyim budur ki, olanı yazsınlar, şişirdilmiş xəbərlər verməsinlər. Başlıqları sensasiya xətrinə cəlbedici etməsinlər. Elə başlıq yazırlar ki, oxucunu cəlb etsinlər, amma baxırsan, əslində aidiyyəti olmayan bir məsələdir, Düşünmürlər ki, bu xəbər kiməsə mənfi təsir göstərə bilər. Xəbəri dəqiqləşdirməmiş yaymaq olmaz. Yalnız rəsmi məlumatlar olduğu kimi verilə bilər. Yaşlı və orta nəsil "Azərbaycan qadını” jurnalını yaxşı xatırlayar. Bu jurnal 350 min tirajla nəşr olunurdu. Niyə bu qədər oxunaqlı idi, çünki jurnalda həyatın bütün sahələri əhatə olunurdu. Məsələn, bir səhifə tibb üzrə idi. Başqa səhifədə dərzilik məsləhətləri, başqa səhifədə hamiləlik dövründə qadın nə etməlidir, lazımlı informasiyalar verilirdi. Dünyada o qədər maraqlı hadisələr baş verir. Bunların arasından insanlara lazım olanı, xeyirli olanı seçilməlidir. Uşaqların marağına səbəb olacaq informasiyalar verilməlidir. Ginnesin rekordlar kitabına düşən hallar. Elmlə, texnologiya ilə, dünya ilə, idmanla, zehni inkişafla bağlı faktlar, rəqəmlər qoy verilsin. Daha 300 ədəd "perajki” yeyəndən yazmasınlar. Bilirsiz, maarifləndirmə işi aparılmır. Təbliğat yoxdur.

- Söhbətimizin əvvəlində dediniz ki, 51 ildir direktor müavini işləyirsiniz. Bu vəzifəyədək keçdiyiniz yol maraqlıdır...

- Birinci onu deyim ki, bu sənəti seçdiyimə heç vaxt peşman olmamışam. Əksinə, həmişə özümə demişəm ki, nə yaxşı, məhz bu sənəti seçdim. Mən ali məktəbə daxil olduğum vaxt hazırkı Texniki Universitetin texnologiya fakültəsində poliqrafiya ixtisası vardı. Poliqrafist ixtisasına yiyələndim. 1965-ci ildə ali məktəbə daxil oldum. 6 bacı idik. Atam mən çox kiçik ikən vəfat etmişdi. Bizi dayım himayə edirdi. Böyük bacım da orta məktəbi bitirdikdən sonra ali məktəbə daxil oldu. Kimya ixtisası üzrə. Biz ikimiz də qərara gəldik ki, dayımın yükünü azaldaq. Ona görə əyani şöbədən axşam şöbəsinə keçdik ki, gündüzlər işləyək, axşam oxuyaq. İlk iş yerim də "Azərbaycan” nəşriyyatı oldu. Burada hesablayıcı kimi işə başladım. Sonra kadr hazırlığı üzrə mühəndis, dispetçer, baş dispetçer, baş texnoloq, istehsalat şöbəsinin müdiri... və direktor müavini.

- Deməli, direktor müavini vəzifəsinə pillə-pillə irəliləmisiniz...

- Əsl kadr 15 ilə yetişir. İşinin ustası olmaq üçün gərək sıfırdan başlayasan. "Azərbaycan” nəşriyyatı mənim evimdir. Hətta deyirəm ki, gecə saatlarında evimin eyvanına çıxmağa qorxaram, amma nəşriyyatın dəhlizlərində gecə də olsa, qorxmaram. Çünki buranın divarları mənə doğmadır. Amma təəssüf ki, daha poliqrafist kadrlar yetişmir. Bizim buraxılışdan sonra daha bir neçə il də Texniki Universitetdə poliqrafist ixtisası saxlanıldı. Amma sonra ləğv etdilər ki, bu qədər poliqrafist nəyimizə lazımdır?! O zamanlar indiki qədər mətbu orqan yoxuydu. Kim düşünə bilərdi ki, elə bir zaman gələcək müstəqil dövlətimiz olacaq və müstəqil də mətbu orqanlar fəaliyyət göstərəcək. Amma Təhsil Nazirliyinə müraciət etmişik ki, poliqrafist ixtisası bərpa olunsun. Çünki hazırda ölkəmizin buna ehtiyacı var.


Məlahət Rzayeva