Sinqapurda vətəndaşlara kitab oxuduqları üçün pul ödəməyə başlayıblar.
Axşam.az xəbər verir ki, dövlət “doomscrolling”lə (mənfi xəbərləri dayanmadan izləmə vərdişi) mübarizə aparmaq və oxu mədəniyyətini gücləndirmək məqsədilə beşillik milli proqram başladıb.
Milli Kitabxana Şurasının həyata keçirdiyi “ReadSG” kampaniyasına qoşulanlardan proqramın internet saytı və ya mobil tətbiqi vasitəsilə hər gün ən azı 15 dəqiqə kitab oxumaları tələb olunur.
Layihənin saytında qeyd olunur ki, 15 dəqiqəlik oxu müddəti metro ilə üç dayanacaq getmək, avtobus gözləmək və ya səhər qəhvəsi içmək üçün lazım olan vaxta bərabərdir.
Milli Kitabxana Şurasının rəhbəri Melissa Tem uzunmüddətli mütaliənin diqqəti, tənqidi düşüncəni və təxəyyülü gücləndirdiyini bildirib. Onun sözlərinə görə, layihənin əsas məqsədi maraqlı, düşüncəli və getdikcə mürəkkəbləşən dünyada düzgün istiqamət tapa bilən oxucu cəmiyyəti formalaşdırmaqdır.
Proqram çərçivəsində ən azı 15 dəqiqə kitab oxuyan iştirakçılar 20 virtual sikkə qazanırlar. Hər 1000 virtual sikkəyə görə isə iştirakçıya 1 Sinqapur dolları (təxminən 1 manat 33 qəpik) ödənilir.