Ana və körpə ölümləri bir dərs olmalıdır

“Etiraf edək ki, bəzən bizim xanımlar özləri də səhlənkarlıq edir”
“Hətta qan analizlərinin mənfi göstəricilərinə də səhlənkar yanaşır, lazımi müalicəni almırlar”


Səhiyyə Nazirliyi Azərbaycanda ana ölümlərinin ilkin səbəblərini açıqlayıb. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru
Sevinc Məmmədova açıqlamasında deyib ki, ana ölümlərinin ilkin səbəbləri iki qrupa bölünür. O bildirib ki, bir qrup səbəblər hamiləlikdən öncə qadında mövcud olan xəstəliklərdir:

"Məsələn, anadangəlmə ürək qüsurları, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, revmatizm, bir sıra irsi qan xəstəlikləri, epilepsiya, vərəm. Adətən bu qrup xəstəliklər hamiləlikdən öncəki dövrdə gizli keçir və yalnız hamiləlik zamanı özünü büruzə verir. Hamilə qadınlar bunu hamiləliyin gedişi ilə əlaqəli hesab edərək həkimə müraciət etmirlər. Xəstəlik ağır dekompensasiya mərhələsinə çatdıqda artıq gec olur və çox vaxt hamilə qadına yardım ləngiyir”. S.Məmmədovanın sözlərinə görə, ikinci qrup səbəblər yalnız hamiləliklə əlaqəlidir və yalnız hamiləlik vaxt üzə çıxır. Məsələn, hamiləlik hipertenziyası, hestasion diabet, hamiləlik proteinuriyası, preeklampsiya, eklampsiya, ciftin vaxtından əvvəl ayrılması. Bu xəstəliklər vaxtında araşdırılıb, yardım göstərildikdə qadının həyatını xilas etmək mümkündür. Bu səbəbdən respublikada mövcud olan antenatal qulluğa dair tövsiyələrdə göstərilir ki, hər bir hamilə ilk gündən qadın məsləhətxanasında qeydiyyata düşməlidir, mütəmadi olaraq həkim nəzarətində olmalıdır, vaxtlı-vaxtında müvafiq müayinələrdən keçməlidir. Hər bir normal hamiləlikdə antenatal qulluq 7 gəlişdən ibarətdir. Lakin müayinələr zamanı hər hansı bir patalogiya aşkarlanarsa, həkim müvafiq stasionara daha həcmli və dolğun müayinə və müalicə məqsədi ilə göndəriş verərək hospitalizasiya etməlidir. Araşdırma zamanı məlum olur ki, hamilə qadınlar və onların yaxınları əksər hallarda hospitalizasiyadan imtina edirlər və nəticədə təəssüf ki, bədbəxt hadisə baş verir”. S.Məmmədova qeyd edib ki, müvafiq təlimatlara uyğun olaraq, hər bir ana ölümü halı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına təqdim edilir: "Qısa bir müddətdə mütəxəssislərə təhlilə təqdim edildikdən sonra, zəruri hallarda əlavə mütəxəssis rəylərinə verilir. Ana ölümünün nəticələri toplandıqdan sonra, xüsusi keçirilən iclasda müzakirə edilib, müvafiq qərar qəbul edilir. Çox vaxt Komissiyaya ana ölümü kimi təqdim olunan halın təhlili qadının ölüm səbəbini hər hansı bir hamiləliyə əks göstəriş olan ekstragenital xəstəlik ucbatından baş verməsi müəyyən olunur. Məsələn, ağır ürək qüsuru, vərəm, anadangəlmə böyrək qüsuru və çatışmazlığı, idiopatik trombositar purpura və s. kimi xəstəliklər”.

Komissiya sədrinin açıqlaması günahın daha çox ölənin üzərinə yüklənməsinə oxşayır. İndiyədək ana və körpə ölümləri ilə bağlı bircə dəfə də olsun həkim səhlənkarlığı, həkim savadsızlığı, həkim məsuliyyətsizliyinə vurğu edildiyinin şahidi olmadıq. Görəsən, həqiqətən də baş vermiş ana və körpə ölümlərində tək günahkar ancaq hamilə qadınlar və dünyaya gəlməmiş körpələrdir?!

Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova "Şərq”ə açıqlamasında ana və körpə ölümlərinin müxtəlif səbəblərdən baş verdiyini bildirdi:

- Əlbəttə, heç bir həkim arzulamaz ki, pasiyenti vəfat etsin, yaxud yeni doğulmuş körpə tələf olsun. Amma hadisələr müxtəlif səbəblərdən baş verir. Bəzən pasiyentlər günahkar olur, vaxtında həkimə müraciət etmirlər, gecikmiş halda xəstəxanaya gəlirlər və həkim də məcburiyyət qarşısında pasiyenti əməliyyat masasına qaldırmalı olur. Yəni, doğuş zamanı ana və körpə ölümlərinə bir çox amillər təsir göstərə bilir. Əlbəttə, bəzən həkim səhlənkarlığını, yetərsiz tibbi savadı istisna etmək olmaz. Hamilə qadın 9 ay müddətində ciddi nəzarət altında olmalıdır. Gənc xanımlarımız, dünyaya körpə gətirməyə hazırlaşan qadınlar, sağlamlıqlarına ciddi yanaşmalıdırlar, mütəmadi ginekoloji yoxlamalardan keçməlidirlər, yaşadıqları ərazi üzrə poliklinikalarda, qadın məsləhətxanalarında qeydiyyata düşməlidirlər. Qadın gözləməməlidir ki, nə vaxt həkim gəlib onu müayinə edəcək, qadın özü həkimi məcbur etməlidir ki, onu müayinədən keçirsin, analizləri ilə tanış olsun. Etiraf edək ki, bəzən bizim xanımlar özləri də səhlənkarlıq edir. Hətta qan analizlərinin mənfi göstəricilərinə də bəzən səhlənkar yanaşır, lazımi müalicəni almırlar. Doğrudur, biz məsələnin iqtisadi tərəflərini, sosial durumu da gözardı edə bilmərik. Sırf maddi imkansızlıq səbəbindən müayinə və müalicədən kənar qalanlar da olur. Amma çalışmaq lazımdır ki, sağlamlıqla bağlı problemlər erkən müəyyən edilsin. Bütün xəstəliklərdə, bütün hallarda erkən diaqnoz, pasiyentin vəziyyətinin əvvəlcədən müəyyənləşməsi həkim üçün də, pasiyent üçün də zəruri əhəmiyyət daşıyır. Baş vermiş hər bir ana və körpə ölümü əlbəttə ki, Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılmalı,
səbəblər müəyyənləşdirilməli və əgər həkim tərəfindən hər hansı səhlənkarlığa, qeyri-peşəkarlığa yol verilibsə, cəzalandırılmalıdır.

Məlahət Rzayeva