Ananın iradları çox haqlıdır

Müharibədə vətəndaş öz canını qurban edəcəyi təqdirdə dövlət də öz öhdəliklərini yerinə yetirməlidir



Gəncənin Kəpəz rayon sakini Salmanova Xatirə Qulu qızı redaksiyamıza məktubla müraciət edərək 4 günlük aprel döyüşlərində böyük şücaətlər göstərərək həlak olmuş oğlu Fərman Əsədliyə şəhid statusunun verilməsi ilə bağlı yardım istəyib.

Oğlu ilə kürəkəninin döyüş bölgəsində olan zaman əsgərlərin cənazəsini hərbi hissənin qərargahına təhvil verdiyini, bundan sonra siqaret, kolbasa və başqa ərzaq məhsulları alıb, əsgərlərə payladığını yenidən rayonun mərkəzinə qayıtdıqlarını deyən ananın sözlərinə görə, Gəncəyə qayıdan zaman Şıxarx qəsəbəsinin qurtaracağına az qalmış N saylı hərbi hissənin zabiti kapitan Mübariz Rəhimovla rastlaşırlar. Bu qənaətə gəlirlər ki, zabiti mənzil başına çatdırsınlar. Beləliklə, həmin zabiti maşına otuzdurub hərbi hissə qərargahına doğru irəliləyirlər. Şıxarx qəsəbəsinin qum-çınqıl kombinatı adlanan ərazisinin təxminən 5 yüz metrliyində qəflətən düşmən tərəfindən atılmış mərmi qəlpələri Fərmanı ölümcül yaralayır. Tərtər Rayon Mərkəzi Xəstəxanasına gətirilib və bir neçə saatdan sonra elə oradaca dünyasını dəyişib. Kürəkəni isə həyati təhlükəsi olmayan xəsarətlər alıb. Ordumuzun zabiti isə heç bir xəsarət almayıb.

Şikayətçi diqqətə çatdırıb ki, məsələ ilə Gəncə şəhər və eyni zamanda Kəpəz rayon icra hakimiyyətlərinə müraciət etsələr də, müsbət cavab ala bilməyiblər. Oğlunun mülki vətəndaş olduğunu söyləyən X.Salmanova onu da əlavə edib ki, Fərman vətənin müdafiəsi yolunda şəhid olub: "Onu yolda maşın vurub öldürməyib ha, deyəsən ki, ona şəhidlik statusu düşmür. O, heç bir döyüş tapşırığı almadan qabağa atılıb. Fərman ailəlidir. Özünə uyğun təminatı da vardı. Amma oğluma şəhid statusu vermirlər”.

Məsələ ilə bağlı "Şərq”ə danışan Milli Məclisin Təhlükəsizik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə hesab edir ki, bu problemin həlli icra orqanlarından yox, qanunverici qurumdan keçir: "Əvvəla onu deyim ki, ordumuzun aprel əməliyyatlarında öz təşəbbüsü ilə vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan, cəbhə bölgəsinə gedərək hər hansı bir formada əsgərlərimizə dəstək nümayiş etdirən insanlar hər cür ehtirama layiqdir. Vətən uğrunda döyüşərək ölənlərlər, cəbhə bölgəsində hər hansı bir missiya yerinə yetirərək dünyasını dəyişənləri bir-birindən fərqləndirmək olmaz. Hesab edirəm ki, ananın iradları çox haqlıdır”.

Qeyd olunan münasibətin yalnız mülki vətəndaşlara deyil, bəzi vaxtlarda orduda xidmət edən əsgərlərə də şamil olunduğunu vurğulayan millət vəkili ötən illər ərzində bu cür hadisələrə şahidlik etmişik: "Fəal hərbi əməliyyatlarda iştirak etməyən, lakin təsadüfi düşmən gülləsi ilə həyatını itirən insanların hər hansı bir status əldə etməki mümkün olmur. Bu qanunvericilik aktının natamamlığının göstəricisidir. Bu baxımdan sözügedən məsələdə icra orqanlarının hər hansı bir günahı və ya məsuliyyəti olduğunu düşünmürəm. Parlament üzvləri olaraq bu problemi həll etmək bizim vəzifə borcumuzdur. Bir neçə dəfə Milli Məclisdə bu problemlə bağlı iradlar səslənib ki, təsadüfi halda düşmən gülləsinə tuş gələn, bəzi hallarda isə hərbi əməliyatlarda iştirak edən əsgərlərimiz bir çox hallarda məhkəmə qaydası ilə şəhid statusu adını almağa nail olurlar. Axı iki cəbhədə (səngər və məhkəmə) bir düşmənə qarşı vuruşmaq insanlarımızın mənəviyyatına və heysiyyatına mənfi təsir edir. Torpaqlarımız uğrunda döyüşməyə hazır olan oğulları bu yoldan çəkindirir. Təbiidir ki, hər bir Vətən oğlu şəhid statusu almağı yox, şəhid olmağı bir amal kimi qarşıya qoyub. Ancaq nəzərə almalıyıq ki, bu yolla gedən hər bir kəs öz həyatını qurban verir. Hər hansı bir ad və ya müavinət insan həyatından önəmli deyil, amma vətən uğrunda həlak olan insanlara şəhid statusunun verilməsi həmin insanın yaxıları üçün bir təsəlli, yaşam mücadiləsi rolunu oynaya bilər”.

Z.Orucun sözlərinə görə, məhkəmə müstəvisinə qalxsa belə, indiki qanunvericilik şəraitində bu məsələ öz həllini tapmayacaq: "Problemin media orqanlarında dərc olunması bizim üçün bir siqnaldır. Hesab edirəm ki, "Şəhid statusunun verilməsi və onun adının əbədiləşdirilməsi haqqında” qanun büsbütün dəyişdirilməlidir. Bu eyni zamanda torpaqlarımız uğrunda mübarizənin tərkib hissəsinə çevrilməlidir. Vətəndaş niyə və nəyin uğruna öləcəyini bilməlidir. Vətəndaş öz canını qurban edəcəyi təqdirdə dövlət də öz öhdəliklərini yerinə yetirməlidir. Ağız dolusu ilə Amerika ordusunun gücündən danışırıq, ancaq bir amili unuduruq. ABŞ əsgəri bilir ki, torpaq uğrunda həyatını itirəcəyi təqdirdə onun ailəsinə 100 min dollardan artıq vəsait veriləcək və aylıq müavinətlər ödəniləcək. Bütün bunlar əvvəlcədən dövlətlə hərbi qulluqçu arasında imzalanan müqavilədə öz əksini tapıb”.

Bu cür hadisələrin müstəsna hallardan biri olduğunu vurğulayan hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, müvafiq qurumlar bu cür vətənpərvər insanlardan öz köməyini əsirgəməməlidir: "Ən azından ona görə ki, Fərman anasının da dediyi kimi, yolda-izdə dünyasını dəyişməyib. Öz vətəndaşlıq borcunu yerinə yetirən zaman düşmən təcavüzünün qurbanı olub. Şəxsən mən həmin ailəyə öz köməyimi təklif edirəm. Məhkəmə qaydasının mövcud prosedurları ilə bağlı onları maarifləndirə bilərəm. Mən bilirəm ki, müvafiq dövlət qurumlarının edə biləcəyi yeganə kömək həmin şəxsin həqiqətən də döyüş bölgəsində, əsgərlərə yardım edən zaman qəlpə yarasından həlak olmasını təsdiq edən sənədi qəbul eləməkdir. Həmin sənəd qəbul olunandan sonra ailəyə lazım olan hüquqi köməyi göstərmək olar”.

Müdafiə Nazirliyi istəsə belə, bu ailəyə kömək edə bilməyəcəyini deyən Ü.Cəfərovun sözlərinə görə, burada söhbət hansısa əsgər və ya zabitdən yox, mülki şəxsdən gedir: "Ona şəhidlik statusunun alınması yalnız məhkəmə qərarı ilə mümkündür. Yenə təkrar edirəm ki, bu işdə həmin ailəyə kömək etməyə hazıram. Mənə elə gəlir ki, müvafiq qurumlar bu ailə üçün əlavə problemlər yaratmaq əvəzinə bu cür qəhrəman insanları nümunə olaraq ictimaiyyətə təqdim etməlidir. Bu insanlar vətəndaşlıq mövqeyi nümayiş etdirərək öz yardımlarını ordumuzun əsgərlərindən əsirgəməyiblər. Bu cür hallar insanların vətənpərvərlik ruhunun daha yüksəldilməsinə xidmət etdiyi üçün onlara layiq olduqları münasibət göstərilməli və statuslar verilməlidir”.

Şəymən