Ankara fakt istəyir...

Rusiya isə Türkiyəni ifşa etmək üçün fürsət axtarır
Moskvanın uydurma açıqlamaları artıq dünya ictimaiyyətində ciddi reaksiya doğurmur


"Türkiyənin İŞİD-ə kömək etdiyinə dair bir sübutunuz varsa, istefa verməyə hazıram”. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Vyanada keçirilən "Suriyaya Beynəlxalq Dəstək Qrupu” toplantısında çıxışı zamanı rusiyalı həmkarı Sergey Lavrova xitabən bildirib. Çavuşoğlu deyib ki, belə qeyri-ciddi iddialara etimad göstərilməməlidir:

"Siz ciddi diplomatsınız, aramızdakı ən təcrübəli şəxslərdənsiniz. Qeyri-ciddi iddialara etimad göstərməyin. Cənab Prezidentimiz bu barədə qətiyyətlə fikrini bildirib, mən də təkrar edirəm. Türkiyənin İŞİD-ə kömək etdiyinə dair əlinizdə sübutunuz varsa, istefa verməyə hazıram. Lakin iddialarınızı sübut etməsəniz, sizi həyatınızın qalan dövrünü Antalyada keçirməyə dəvət edəcəyəm”. Rusiya XİN rəsmisi Mariya Zaxarova Çavuşoğlunun həmkarı barədə səsləndirdiyi fikirlərə münasibət bildirib. Qurum rəsmisi deyib ki, istefanı rus təyyarəsinin vurulmasından sonra etmək lazım idi: "İŞİD-lə əlaqəyə görə isə istefaya yox, həbsxanaya gedirlər”. Xatırladaq ki, daha əvvəl də Rusiya Prezidenti Vladimir Putin Türkiyəni İŞİD-ə köməkdə ittiham edib. Türkiyə Prezidenti Ərdoğan isə Putinə cavabında deyib ki, "əgər Putin iddialarını isbatlayarsa, istefa verəcəm. Yox, isbat edə bilməsə, özü vəzifəsindən istefa versin”. Rusiya tərəfi hələlik ortaya heç bir dəlil çıxarmayıb.

Politoloq Natiq Miri "Şərq”ə açıqlamasında deyib ki, Moskvanın əlində rəsmi Ankaranı şantaj etmək üçün heç bir dəlil yoxdur: "Rusiyanın əlində Türkiyənin əleyhinə hansısa sənəd və videogörüntü olsaydı, dünya ictimaiyyətinə çoxdan təqdim edərdi. Moskva qərəzli münasibətdə olduğu Türkiyəni ifşa etmək üçün fürsət axtarır. Kremlin bir neçə cəhdi uğursuz alınıb və Rusiya özünü biabır edib. Bu ölkənin əksər bəyanatları yalandır. Ona görə də Moskvanın uydurma açıqlamaları artıq dünya ictimaiyyətində ciddi reaksiya doğurmur. Çünki ittihamların heç birinin arxasında faktlar yoxdur”. Ekspert bildirib ki, Rusiyanın ittihamları Türkiyəni Suriyadakı proseslərdən təcrid etmək üçündür: "Gördüyünüz kimi, Kreml buna nail ola bilmir. Rusiya terrorçuların Türkiyə-Suriya sərhədindən keçə bilməməsi üçün sərhədin qapadılmasını tələb edir. Bu, çox absurd bir tələbdir. Axı terrorçular sadəcə Türkiyə sərhədindən deyil, Suriyaya qonşu bütün dövlətlərdən keçə bilər”.

İsmayıl