Ankara PKK-nı əfv etməyəcək

Çevriliş cəhdindən sonra Türkiyədə terrorçuların aktivləşməsi gözlənilən idi



Türkiyədə hərbi çevriliş cəhdindən sonra PKK terror təşkilatı tərəfindən biri-birinin ardınca terror aktları gerçəkləşdirilir. Son günlər Elazığda, Bitlisdə və digər bölgələrdə törədilən terror hadisələrində onlarla əsgər və polis həyatını itirib. Xeyli sayda da yaralı olduğu bildirilir. Maraqlıdır, PKK-nın fəallaşması hansı səbəblərlər bağlıdır.

Bəzi ekspertlər terror olaylarını dövlətin Fətullahçı şəbəkəyə qarşı apardığı əməliyyatlarla bağlayırlar. Həmçinin, Türkiyə mediasında və sosial şəbəkələrdə "FETÖ-nün kökü kəsilərsə, PKK məhv olar” sloqanlı yazılar yayımlanır. Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın həyata keçirdiyi terror aktlarının arxasında Fətullahçı terror təşkilatının olduğunu bəyan edib. Ərdoğan deyib ki, Türkiyə adları fərqli olsa da, eyni məqsədlə hərəkət edən və bir-biri ilə yaxın əlaqədə olan terror təşkilatlarının ortaq hücumuna məruz qalır.

Prezident bildirib ki, PKK-nın hücumlarının arxasında FETÖ-nün olduğunu anlamaq üçün kahin olmağa gərək yoxdur. Türkiyənin terror təşkilatlarına qarşı mübarizə aparacaq qüdrətə malik olduğunu vurğulayan Ərdoğan ABŞ-a da mesaj verib: "İraq və Suriyada Türkiyənin təhlükəsizliyini təhdid edəcək proseslərə nail olmaq istəyənlərə söyləyirəm ki, biz hər şeyin fərqindəyik. Türkiyə bir çadır dövləti deyil”. Türkiyənin müdafiə naziri Fikri İşıq da söyləyib ki, son hadisələrə görə, PKK çox ağır cavab verəcək: "Türkiyə 15 iyuldan sonra çox güclənib. PKK-nın artıq ordu içindəki xainlərdən dəstək almaq ehtimalı sıfırdır. Bundan sonrasını PKK düşünsün. FETÖ-nün xəyanətini əfv etmədiyimiz kimi PKK-nı da əfv etməyəcəyik. Bu qruplaşma qlobal güclərin bölgədəki maşasıdır”. Məsələ ilə bağlı danışan politoloq Vüqar Zifəroğlu deyib ki, Türkiyədə baş verən terror aktları ölkə daxilində gedən siyasi proseslərlə

bağlıdır: "Bildiyiniz kimi, Suriyadakı terrorçuların Türkiyə sərhədlərinə doğru irəliləməsi ciddi narahatlıq doğurur. Düşünmək olar ki, daxildəki bölücü qruplaşmalar da fəaliyyətlərini aktivləşdirməklə həmin prosesə dəstək verirlər. 15 iyul çevriliş cəhdi ilə əlaqədar rəsmi Ankara ABŞ-a qarşı müəyyən ittihamlar irəli sürüb. İncirlik hərbi bazası ilə bağlı Türkiyənin son təhdidlərini də əlavə etsək, belə nəticə çıxarmaq olar ki, ABŞ hərbi güclərinin müəyyən hissəsini İraqdakı kürd bölgəsinə daşımağa məcbur ola bilər. Bu isə özlüyündə Vaşinqtonun bölücü qruplaşmalara müəyyən dəstəyini təmin edə bilər”. Siyasi şərhçi onu da bildirib ki, ölkədə baş verən son hadisələrin fonunda kürd bölücü qruplaşmalarının aktivləşməsi gözlənilən idi: "Təqribən 4 gün əvvəl kürd lider Bərzaninin rəhbərliyi altında peşmərgə gücləri İŞİD-ə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Hədəf Mosulu nəzarət altına almaqdır. Baş verənlərin fonunda Türkiyənin daxilindəki terrorçu qruplaşmaların da aktivləşməsi gözlənilən idi. Hazırkı proseslər onu deməyə əsas verir ki, regionda maraqlı olan güclər "Kürdüstan zolağı” adlanan ərazinin İraqla Suriya hissələrini birləşdirmək niyyətindədir və Mosul bu birləşmədə çox ciddi halqadır. Türkiyə dövlətinin FETÖ-çülərə qarşı mübarizə apardığı bir zamanda, bölücülərin terroru ilə qarşı-qarşıya qalması əslində bu proseslə əlaqələndirilə bilər”.

İsmayıl