Anormal doğulan körpələrin sayı artır

Adil Qeybulla: “Hər bir ana hamilə qalmazdan əvvəl tam müayinə olunmalıdır”




Son günlər ölkəmizdə dünyaya gələn qüsurlu körpələrin sayı artmaqdadır. Doğulan uşaqlar müxtəlif xəstəliklərdən, anormallıqdan, ya da çəki çoxluğu və ya azlığından əziyyət çəkirlər.

Ötən günlər çəkisi cəmi 950 qram olan oğlan uşağı həkimləri və tibb personalını təəccübləndirib. Respublika Müalicə Diaqnostika Mərkəzindən verilən məlumata görə, həkimlər uşağı xilas etmək və normal vəziyyətə gətirməyə nail olublar. Bu, son illər ərzində son dərəcə aşağı çəkisi olan uşağın xilas edilməsi ilə bağlı ilk belə haldır. Adı çəkilməyən ana artıq 8 ildir ki, nikahda olsa da, sistematik uşaq düşməsindən əziyyət çəkib.

Bəs, hamiləlik dönəmində hansı anormal proseslər gedir ki, nəticə xoşagəlməz olur? Ana olmağa hazırlaşan qadınlar nələrə diqqət yetirməlidirlər?

Tibb elmləri doktoru, professor Adil Qeybullanın "Şərq”ə açıqlamasına görə, hamiləlik dövründə uşağın fizioloji quruluşunun normal olması üçün ananın praktiki sağlam olması vacibdir. Anada müxtəlif xəstəliklər, xüsusilə ginekoloji infeksiyalar olmamalıdır. 

Bütün bunlar hamısı dölə neqativ təsir edir: "Əgər uşağın çəkisi azdırsa, deməli hansısa bir xəstəlik baş verib. Ananın qidalanması hamiləlik dönəmi adekvat olmalıdır. Bütün bunların fonunda əlbəttə ki, uşaqda müxtəlif eybəcərliklər, çəki azlığı kimi problemlər baş verə bilər. Bu da vaxtından qabaq dölün düşməsinə, doğuş prosesinin ağırlaşmasına və s. gətirib çıxarır. Təbii ki, 950 qram çox azdır. Belə uşaqların yaşam şansı da bəzən aşağı olur. Çalışırlar ki, bu cür körpələri doğuşdan sonra süni qidalanma vasitəsilə həyatda saxlasınlar.

Hazırda kök uşaqlara meyillilik də çoxdur. Yəni, çəkisi 4-5 kq, hətta daha artıq çəki ilə dünyaya gələn körpələr də var. Belə köklükdə uşaqlar doğuş üçün çox ziyanlıdır və problemlər yaşanır. Ümumiyyətlə, bu gün xolesterinli qidalar, müxtəlif "fastfood”lar da kök uşaqların doğulmasının sayını artırır. Sonra bu cür uşaqlar kökəlməyə meyilli olur. Artıq çəkidəki uşaqlar isə daha çox hamiləlik zamanı qidalanmanın adekvat olmaması, dölün normal qidalanmaması zamanı doğulur. 

Əslində problemin həlli odur ki, hər bir ana hamilə qalmazdan əvvəl tam müayinə olunmalıdır. Sabahısı gün onun orqanizmində dölə ziyan vuracaq hansısa bir əlamət olmalı deyil. Qadın bütün bunlara əmin olduqdan sonra hamilə qala bilər. Nə qədər ki, analar bu yolla getmir, o qədər də problemlərlə üzləşəcək. Həmin doğuşu keçirən qadınların əksəriyyəti hamiləlikdən öncə yoxlanmayıblar, ona görə də belə xoşagəlməz hallar yaşanır”.

Yeganə Bayramova