"AP Ermənistanda Yeqizaryanın faciəvi şəkildə ölməsinə səsini çıxarmır" - İkili standartlar






"Doğrudan da çox anlaşılmaz bir situasiya yaranıb. Hamının gözü qarşısında bir siyasətçi və jurnalist aclıq aksiyası keçirərək həyatını itirir, amma beynəlxalq ictimaiyyət susmağa üstünlük verir. Sanki belə bir hadisə baş verməyib”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Ceyhun Əhmədli deyib.

Analitik bildirib ki əgər bu hadisə hansısa müsəlman ölkəsində baş vermiş olsaydı, sərt qətnamə və bəyanatların ardı-arası kəsilməzdi: 

"Çox uzağa getməyə ehtiyac yoxdur, bir neçə gün bundan əvvəl Avropa Parlamenti Mehman Hüseynovun aclıq keçirməsi ilə bağlı tələm-tələsik, heç bir fakta və sübuta söykənmədən Azərbaycan əleyhinə qərar qəbul etmişdi. Halbuki, həmin qərar qəbul edilməzdən əvvəl avropalı diplomatlar Mehmanın saxlanma şəraiti, mövcud durumu ilə əyani surətdə tanış olmuşdular. M.Hüseynov öz dili ilə aclıq etmədiyini bildirirdi. 

Lakin bəzi ermənipərəst deputatlarda ölkəmizə qarşı kin və nifrət o həddədir ki, bütün bu reallıqlar gözardı edildi və məlum sənəd qəbul olundu. Bəs, həmin qətnaməni qəbul edənlər niyə Ermənistanda Yeqizaryanın faciəvi şəkildə həyatını itirməsi faktı qarşısında susular? Bu sualın cavabını tapmaq üçün ölkəmizə qarşı tətbiq olunan ikili standartlı yanaşmaların tarixinə qısaca nəzər salmaq lazımdır. İllərdir torpaqlarımız Ermənistan dövlətinin işğalı altındadır. 

Çox mötəbər qurumlar tərəfindən işğal faktı dəfələrlə təsdiqlənib. BMT Təhlükəsizlik Şurası torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı 4 qətnamə qəbul etsə də, mənfur düşmən bu qətnamələri indiyədək icra etməkdən boyun qaçırır. Başqa vaxt bir neçə günün içərisində işə düşən sanksiyalar, 25 ildən artıqdır ki, Ermənistan dövlətinə qarşı tətbiq olunmur. Bu, dünya nizamının düzgün işləməməsindən xəbər verir”.

Ekspert bildirib ki, Yeqizaryanın ölümü bir daha təsdiq etdi ki, müasir dövrdə insan hüquqları məfhumu əslində böyük dövlətlər tərəfindən siyasi alət kimi istifadə olunur: 

"Bu baxımdan, əgər AŞPA, Avropa Parlamenti, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar özlərinə inamı bərpa etmək istəyirlərsə, insan hüquqları məsələsində eyni standartlar tətbiq etməlidirlər. Əks təqdirdə, qeyd olunan təşkilatların çıxardığı qətnamə və qərarlara insanlar şübhə ilə yanaşacaqlar”.

İsmayıl