APA-nın əməkdaşının evini soydular: CİNAYƏT İŞİ AÇILDI

APA informasiya agentliyinin əməkdaşı Mübariz Aslanovun yaşadığı evin qarət edilməsi faktı ilə bağlı cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, jurnalistin kirayə yaşadığı və A.Məhərrəmov küçəsi 24/11 ünvanında yerləşən mənzildən 8 min manat dəyərində qızıl və 540 manat pulun oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə iş başlanılıb. Hazırda faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
*****
10:00
APA-nın əməkdaşı Mübariz Aslanovun yaşadı ev qarət olunub.
Bu barədə APA-ya jurnalistin özü məlumat verib.
Onun sözlərinə görə, mayın 17-də kirayədə yaşadığı, Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Hadisə baş verən vaxt evdə heç kim olmayıb.
Hadisə barədə Daxili İşlər Nazirliyinin "102” xidmətinə məlumat verilib. Daxil olan məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən məlumatlar toplayıblar.
Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən APA-ya bildirilib ki, hazırda polis daxil olan şikayət əsasında araşdırma aparır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.