Arakanda qətliam...

Dünya faciənin önlənməsi üçün tədbir görmək istəmir
Myanmarda minlərlə müsəlmanın öldürülməsi və yaşadıqları ərazilərdən kütləvi şəkildə qovulmaları davam edir. Bu ölkədə 21 il həbsdə yatan və insan hüquqlarının davamlı müdafiəçisi olaraq ad çıxaran, Nobel Sülh Mükafatına layiq görülən Aun San Suçin hakimiyyət başındadır. Amma buna rəğmən, Myanmarda insan hüquqlarının ən kütləvi formada pozulması, irqi və dini ayrıseçkiliyin kuliminasiya həddində olduğu artıq dünyaya sirr deyil. Myanmarda müsəlmanlar ümumi əhalinin təqribən 4 faizini təşkil edir.
Lakin bəzi şəhərlərdə sakinlərin 30 faizini müsəlmanlar təşkil edir. Müsəlmanlara qarşı törədilən qətliamlarda Qərbin əlinin də olmasını istisna etmək olmaz. Çünki Qərb tərəfindən Myanmarın hərbi hakimiyyətinin demokratik hökumət kimi qəbul edilməsindən sonra müsəlmanların bəlaları başlayıb. Bundan sonra buddistlərin də müsəlmanlara qarşı özbaşınalıqlarına start verilib. Onlar müsəlmanlardan ölkə ərazisini tərk etməyi və Banqladeşə köçməyi tələb edirlər. İndiyə qədər hökumət müsəlmanlara vətəndaşlıq verməkdən imtina edib. Müsəlmanlar "Banqladeşdən gələn qanunsuz mühacirlər” kimi qəbul olunurlar.
Hökumət beynəlxalq qurumları ölkəyə buraxmır
Myanmar hökuməti beynəlxalq təşkilatların nümayəndələrinin hadisələrin baş verdiyi Arakan və digər bölgələrə daxil olmasına icazə vermədiyi üçün müsəlmanların öldürülməsi prosesi davam edir. İngiltərə Arakanda baş verənləri müzakirə etmək üçün Birləşmiş Millətlər Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb. Bu barədə Böyük Britaniyanın BMT-dəki Daimi Nümayəndəsi Metyu Rycroft sosial media hesabında məlumat verib. O deyib ki, İngiltərə Myanmardakı vəziyyəti müzakirə etmək üçün görüş tələb edib: "Arakanda uzun müddətdir davam edən problemlərin müzakirə olunması lazımdır”. Ancaq Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının rəhbərliyindən hələ ki, iclasa dair rəsmi açıqlama verilməyib.
Dünyanın buddist dərnəkləri Arakan qətliamına etiraz edir
Mərkəzi Yaponiyada olan Buddist təşkilatının İndoneziya şöbəsinin sədri Suhadi Sendjaja Arakandakı müsəlman qətliamına etiraz edib. Sədr Myanmarda müsəlmanlara qarşı həyata keçirilən hücumları qınayıb və deyib: "Bir buddist olaraq arakanlı müsəlmanlara edilənləri qınayıram. Baş verənlər heç bir dinə uyğun deyil”. Sendjaja bildirib ki, problemin həlli üçün Myanmar hökuməti təcili addımlar atmalıdır: "Arakanlı müsəlmanlara qarşı edilənlər insan haqlarına hörmətsizlikdir. Bu səbəbdən baş verən hadisələrin sosial və siyasi səbəblərinin təyin edilməsi, həll yollarının tapılması lazımdır. Etnik və dini fərqliliklər problemə səbəb olmamalıdır. İnsanların şəxsiyyəti dəyərləndirilməlidir. Hansı din bizə öldürməyi öyrədir? Heç bir din insan öldürməyi öyrətmir. Bütün dinlər sülhü təmsil edir. Dünyada terrorizm böyük problemə çevrilib”.
"Dünya Myanmardakı qətliam qarşısında kar və kordur”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Myanmarda ordunun müsəlmanlara qarşı törətdiyi qətliamı sərt dillə tənqid edib. Prezident son olayların daha acınacaqlı hadisə olduğunu söyləyib: "Gələn rəqəmlər təəssüf ki, 3 minə yaxın insanın öldürülməsi yönündədir. Əlbəttə, bu məsələni ağır, şiddətli bir şəkildə pisləyirik. Məsələni bütün beynəlxalq təşkilatların, BMT-nin qarşısında qaldıracağıq”. Ərdoğan Myanmar lideri Aun San Suçinə zəng edərək qətliama son qoyulmasını tələb edib. Türkiyə Prezidenti böhranın necə həll olunacağı və regiona humanitar yardımların çatdırılması məsələlərini müzakirə edib. Ərdoğan Türkiyənin dinc əhalini hədəfə alan hərbi əməliyyatları qınadığını bildirib.
Azərbaycan Myanmardakı qətliamı pisləyib
Azərbaycanın Xarici İşlər Nazirliyi Myanmardakı qətliama münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan Rohingiya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatdır: "Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik” . Qafqaz Müsəlmanları İdarəsi də Myanmarda baş verən kütləvi qırğınla bağlı bəyanat verib. Bəyanatda deyilib ki, QMİ Myanmarda Rohinca müsəlmanlarına qarşı həyata keçirilən soyqırımını qətiyyətlə pisləyir, insanlıq əleyhinə əməllərin dərhal dayandırılmasını tələb edir: "Məqsəd və məramından asılı olmayaraq, insanların milli, dini, irqi mənsubiyyətə görə kütləvi şəkildə məhv edilməsi genosiddir. Arakanda müsəlmanlara qarşı reallaşdırılan qətliamın dini mənsubiyyət amilinə görə həyata keçirilməsini islamofobiyanın bariz nümunəsi kimi qiymətləndirir, belə halların qətiyyən yolverilməz olduğunu bəyan edirik. Myanmarda siyasi ambisiyalar üzərində təşəkkül tapmış bu cür ksenofobiya təzahürləri insanlıq adına ləkədir”.
Putin də qətliama münasibət bildirib
Rusiya Prezidenti Vladimir Putin Myanmarda baş verən hadisələr barədə danışıb: "Biz istənilən zorakılığa qarşıyıq və Myanmar hakimiyyətini vəziyyəti nəzarətə götürməyə çağırırıq. O ki qaldı Rusiya vətəndaşlarının rus dövlətinin xarici siyasətinə dair fikir bildirməsinə, vəzifəsindən asılı olmayaraq hər bir insan öz rəyini bildirmək hüququna malikdir”. Xatırladaq ki, Rusiyada yaşayan müsəlmanlar Myanmarda müsəlmanların qətlə yetirilməsinə etiraz edərək paytaxt Moskvada aksiya keçiriblər. "Allahu Əkbər” sədaları ilə keçirilən aksiya insidentsiz başa çatıb. Çeçenistan Prezidenti Ramzan Kadırov Rusiyanın Myanmarda törədilən müsəlman qətliamına seyrçi qalmasından qəzəblənib. Kadırov özünün "İnstagram” səhifəsindən etdiyi canlı yayımda Myanmarda müsəlmanlara qarşı həyata keçirilən soyqırıma kəskin reaksiya verib.
"Orada öldürülənlər müsəlmanlar olmasaydı...”
Myanmarda baş verən müsəlman qətliamı haqqında danışan politoloq Fikrət Sadıqov deyib ki, orada müsəlmanların öldürülməsi, öz yurd-yuvalarından qovulması prosesi xeyli vaxtdır davam edir: "Çox təəssüflər olsun ki, aparıcı dünya dövlətləri bu hala biganəlik nümayiş etdirirlər. Guya Myanmar dövlət başçısı keçmiş insan haqları müdafiəçisi olub, demokratik insandır. Orada öldürülənlər müsəlmanlar olmasaydı, aparıcı dövlətlər özlərini indiki kimi aparmazdı. Əksinə, ayağa qalxar, dərhal sanksiyalar haqqında danışar, təzyiqlərə başlayardılar. Ancaq müsəlmanları qırmaqda həmin hakimiyyəti kimsə günahlandırmır. Görünür, bu məsələdə dini amil də güclü rol oynayır”. Politoloq əlavə edib ki, Myanmar hakimiyyəti hesab edir ki, "separatçılıqla” məşğul olduğu üçün müsəlmanları qırmaq, onların guya ölkəni dağıtmasına imkan verməmək lazımdır: "Halbuki belə hal yoxdur. Sadəcə azlıqda olan müsəlmanlar öz hüquqları uğrunda mübarizə aparır. Onlar nə hakimiyyətə gəlmək, nə də dövləti devirmək istəyir. Müsəlman azlıq digər xalqlara qarşı mübarizə aparmaq niyyətində də deyil. Onlar elementar hüquqlarının olmasını istəyirlər”.
İsmayıl