Asan məsələ deyil, buna vaxt lazımdır

Yaxın zamanda kriptovalyutanın beynəlxalq ödəniş vasitəsinə çevrilməsi inandırıcı görünmür
Dünyanın nəhəng şirkətləri neft satışını kriptovalyuta ilə həyata keçirməyə hazırlaşır. BP, "Royal Dutch Shell”, "Statoil”, "İNG Bank” və "Societe Generale” kimi nəhəng şirkət və banklardan ibarət konsorsium fiziki neft ticarətini blokçeyn texnologiyası vasitəsi ilə həyata keçirmək üçün platforma hazırlayırlar.
Konsorsium tankerlərlə neft satışını blokçeyn vasitəsilə həyata keçirməyi artıq 3 dəfə test edib. Verilən xəbərə görə, "China National Chemical Corp” şirkətinə çatacaq olan neft üçün tranzaksiyaya 25 dəqiqə vaxt sərf olunub. Adətən, bu tip əməliyyatlara 3 saat zaman sərf edilir. Şirkət əməkdaşlarının sözlərinə görə, blokçeyn texnologiyası sürət və inamla yanaşı, xərclərin də önəmli dərəcədə azaldılmasına gətirib çıxaracaq. Məlumdur ki, əksər iqtisadçılar kriptovalyutaların müsbət tərəfləri ilə yanaşı, mənfi yönlərini, etibarsız olmalarını da gündəmə gətiriblər. Bu baxımdan düşünülür ki, iri neft şirkətlərinin satışı kriptovalyuta ilə reallaşdırması müəyyən problemlərə gətirib çıxara bilər.
Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, kriptovalyuta reallıqdır və istəsək də, istəməsək də, bunu qəbul etməliyik: 
"Lakin yaxın zamanda onun mühüm beynəlxalq ödəniş vasitəsinə çevrilməsi inandırıcı görünmür. Bəli, bu gün dünyanın hər yerində, istər ayrı-arı ölkələrdə olsun, istərsə də ümumən beynəlxalq miqyasda alqı və satqı mexanizmlərində ödəniş proseduralarının sadələşdirilməsi və müvafiq vaxt itkisinin qarşısının alınması istiqamətlərində müəyyən addımlar atılır, yeniliklər barədə düşünülür. Təbii ki, kriptovalyuta da bunun üçün konkret vasitə kimi görünə bilər. Ancaq bu asan məsələ deyil, buna vaxt lazımdır. Müvafiq texnologiyadan istifadə təcrübəsi və onun əvvəlcə tətbiq edilməsi lazımdır”.
Ekspertin sözlərinə görə, neft alqı-satqısı dünyada ən mühüm və vacib alqı-satqı prosesidir: "Neft ən mühüm strateji məhsuldur. Bu sahədəki vəziyyət bütün dünya iqtisadiyyatı üçün barometr sayılır. Adi neft ixrac edən ölkə ABŞ dollarından imtina etdiyini bəyan edəndə bütün maliyyə bazarları çalxalanır. Yəni, kriptovalyutaya keçid birdən-birə baş verə bilməz. 
Ölkələr bu ödəniş vasitəsinə investisiya qoymalıdır. Yalnız o halda dünya maliyyə bazarlarında kriptovalyutalar aparıcı, sərbəst və dönərli valyutaları əvəz edə bilər. Hesab edirəm ki, bütün bunlar tədricən baş verə bilər. Amma bir həqiqət var ki, kriptovalyutanın dünyada aparıcı ödəniş vasitəsinə çevrilməsi məhz enerji resurslarının alqı-satqısı zamanı reallaşacaq. Bu isə ən tezi orta perspektivdə mümkündür”.
İsmayıl