Tofiq Abbasov: "AŞPA bütöv şəkildə oturuşmuş struktur kimi fəaliyyət göstərmək istəyirsə, gərək, yeni prezidenti indidən islahat aparıb, köhnə yarıtmaz yanaşmaları aradan qaldırsın”
"AŞPA və digər beynəlxalq strukturlar hamısında lobbiçilərin fəaliyyəti nəticəsində qeyri-sağlam mühit formalaşıb”.
Bunu "Sherg.az”a Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti haqqında danışarkən politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, hər hansı ölkədə cinayət, qayda pozuntusu varsa, bu, qanuni şəkildə həllini tapmalıdır:
"Qərəzli, qeyri-obyektiv mövqedən məsələləri qiymətləndirmə həmin beynəlxalq təşkilatlarda müşkülə çevrilib. Belə vəziyyətlə barışmaq olmaz. Təşkilatların daxilində öz problemlərimizi dilə gətirdikdə onlarda etinasız yanaşma hiss olunur. Ermənistan dünya nizamını kobud şəkildə pozub, başqa dövlətə təcavüz edir, lakin həmin dövlətə qarşı dözümlülük göstərilir.
Bu, çox anlaşılmaz situasiyadır. Dağlıq Qarabağ problemi ilə bağlı o qədər oyunbazlıq baş verdi ki, indi Kataloniyada, Gürcüstanda, Britaniya adalarında və s. belə münaqişələr baş qaldırdı. Bir yerdə ki, beynəlxalq təşkilatların nümayəndələri oyunbazlıq edir, hər şeyi olduğu kimi demirlər bu, mənfi nəticələrə gətirib çıxarır. "Xəstəlik” olan yerdə düzgün diaqnoz qoyulmalı və məsələ həllini tapmalıdır. Belə edilməsə, xəstəlik baş alıb gedir.
Ona görə, düşünürəm Avropa Şurasının və digər təşkilatların bu cür yanaşması çox təhlükəlidir və dünya nizamını çətinləşdirir. Bütün bunları nəzərə aldıqda AŞPA-nın yeni prezidentindən əvvəlki sədrin səhvlərini təkrarlamamasını gözləməliyik. Təşkilatın fəaliyyətinə Qərb təsisatlarının, Amerika, Rusiya kimi iri dövlətlərin təzyiqi arzuolunmaz hal kimi qiymətləndirilir. Belə gedərsə, tək Azərbaycan deyil, daha bir neçə ölkə təşkilatı tərk edə bilər.
AŞPA bütöv şəkildə oturuşmuş struktur kimi fəaliyyət göstərmək istəyirsə, gərək, yeni prezidenti indidən islahat aparıb, köhnə yarıtmaz yanaşmaları aradan qaldırsın”.
Qeyd edək ki, Avropa Xalq Partiyası qrupundan (EPP) xanım Stella Kyriakides (Kipr) 132 səslə qurumun yeni prezidenti seçilib. Digər namizəd Emanuelis Zingeris (Litva) 84 səs ala bilib.
Aysel Aslan