Ata inanır, Orxan Zeynalov Azərbaycana gətiriləcək

Hüquq müdafiəçisi və millət vəkili də həmyerlimizin ekstradisiyasına ümid edirlər



Rusiyada 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalovun cəzasını vətənində çəkmək istəyi ilə bağlı məsələ xeyli vaxt idi mətbuatın əsas müzakirə predmetlərindən idi. Hətta həmyerlimizin hüquqlarını Apelyasiya Məhkəməsində müdafiə etmiş vəkil Abasmirzə Abdullayev mətbuata açıqlamasında demişdi ki, Orxan Zeynalov məhkəmənin qərarı ilə 3 milyon rubl təzminat ödəməlidir. Bu təzminat ödənilmədiyi müddətdə onun Azərbaycana ekstradisiyası mümkün olmayacaq.

Dünən isə Orxan Zeynalovun atası Zahid Zeynalov oğlunun Azərbaycana gətiriləcəyini bəyan edib.

Oğlunun Rusiyada siyasi məhbus kimi saxlanıldığını deyən Z.Zeynalov Orxanla görüşə bilmədiyini deyib: "Oğlumun yanına heç getməmişəm. Yeni ildə də əlaqə saxlamamışam. Bu işlərlə Rusiya məşğul olur. Bayram günlərində də Orxanın yanına heç kəsi buraxmayıblar. Oğlumun yanına getmək istəmirəm də! İndi gərək müharibə edək?! Mənim övladımı məndən çox heç kim istəyə bilməz. Mən ziyalı adamam. Bu bir siyasi oyundur. Bunu nazir də, prokuror da, hər kəs də bilir. Məni heç kəs qınamasın”.

Daha sonra Z.Zeynalov oğlunun Azərbaycana gətiriləcəyini deyib: "Oğlumuz barəsində bircə məlumatımız var ki, o da dövlət tez bir vaxtda Orxanı ölkəmizə gətirəcək. Onu Azərbaycana gətirəcəklər. Rusiya dövləti ona nəzarət edir. Onlar Orxanın səhhətini də nəzarətdə saxlayırlar. Onu Rusiyada siyasi məhbus kimi saxlayırlar. Bizim Rusiyadakı səfirimiz Polad Bülbüloğlu məsələni özü nəzarətdə saxlayır. Onun Azərbaycana gəlməsinin vaxtı dəqiq deyilmir. Amma gec-tez Orxanı Azərbaycana gətirəcəklər. Moskvada qardaşlarım var. Onlar Orxanla əlaqə saxlayırlar. Orxanın yanına heç kimi buraxmırlar. Bəzən onlar Orxana ərzaq məhsulları da göndərirlər”.

Qeyd edək ki, Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirləndirilərək 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalovun bir müddət öncə apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Rusiya Federal Ali Məhkəməsində keçirilən prosesdə O.Zeynalovun vəkili məhkəmə hökmünün ləğv edilməsini və cinayət işinə xitam verilməsini xahiş edib. Rusiya Ali Məhkəməsi birinci məhkəmə instansiyasının çıxardığı hökmü qüvvədə saxlayıb.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov isə deyib ki, Azərbaycan Konstitusiyasının 53-cü maddəsinin 3-cü hissəsinə görə, ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların hüquq və azadlıqlarının təmini üçün tədbirlər görülməlidir: "Şəxsən mən neçə-neçə azərbaycanlının Rusiyanın cəzaçəkmə müəssisələrindən Azərbaycana ekstradisiyası üçün ədliyyə naziri cənab Fikrət Məmmədova məktubla müraciət etmişəm və müraciətlərim də uğurla başa çatıb. Yəni bir neçə azərbaycanlı qalan cəzasını Azərbaycanda çəkmək şərti ilə ölkəmizə buraxılıb. Ancaq burada bir əsas şərt var ki, həmin şəxs Azərbaycan vətəndaşı olmalıdır. Rusiyada həbs olunan azərbaycanlı Rusiya vətəndaşı olduğu halda onun Azərbaycana ekstradisiya olunması mümkün olmur. Ancaq Rusiyada cinayət törədən şəxs Azərbaycan vətəndaşıdırsa və artıq onun məhkəməsi bitibsə, Ədliyyə Nazirliyi onu Azərbaycana ekstradisiya edə bilir. Bunun üçün nazirlik vəsatətlə Rusiyaya müraciət etməlidir”.

Orxan Zeynalovun Azərbaycana ekstradisiyası baş tutduğu halda cəzasını hansı formada çəkəcəyinə gəldikdə isə hüquq müdafiəçisi deyib ki, Azərbaycanda fəaliyyət göstərən cəzaçəkmə müəssisələri müxtəlif rejimlidir. Orxan Zeynalov da Rusiyada aldığı cəza rejiminə uyğun şəkildə ölkəmizdəki cəzaçəkmə müəssisələrinin birində yerləşdiriləcək.

Orxan Zeynalovun Azərbaycana ekstradisiyası ilə bağlı konkret məlumatlı olmadığını deyən millət vəkili Fəzail Ağamalı da Rusiyada həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun ölkəmizə ekstradisiyasının mümkün olduğunu bildirib. Rusiya ilə Azərbaycan arasında belə bir müqavilənin olduğunu xatırladan millət vəkilinin sözlərinə görə, qarşılıqlı şəkildə məhkumların ekstradisiyası həyata keçirilir: "Bu mənada Orxan Zeynalovun da cəzasının qalan hissəsini Azərbaycanda çəkməsi istisna deyil”.

Şəymən