Maddi çətinliklərdən əlavə onları ən çox narahat edən atasının komaya düşməsinə səbəbkar olan sürücünün davranışıdır“Atamın durumu onları qətiyyən maraqlandırmır. Nə zəng edir, nə baş çəkirlər”
"Atam hələ də komadadı, vəziyyəti ağırdı, heç bir ciddi dəyişiklik yoxdu. Yenə də Mərkəzi Klinik Xəstəxanada müalicəsini davam etdirir. Əvvəlki günlərlə müqayisədə cüzi irəliləyişlər olsa da, həkimlər tərəfindən bu, komadan çıxma və ya ciddi irəliləyiş kimi qiymətləndirilmir. Həkimlər belə vəziyyətdə əlavə nəsə etməyin mümkün olmadığını deyirlər. Sadəcə gözləmək lazımdır. Gözləmək isə daha çox çarəsizlik deməkdir. Hər şey zamanın öhdəsinə buraxılıb, ümid Allahadı”.
Bu sözləri atasının səhhəti ilə bağlı "Şərq”ə açıqlama verən jurnalist, "report.az”-ın redaktoru İmdad Əlizadə deyib.
Müalicə mərhələsində ciddi maddi çatışmazlıqlarla üzləşdiklərini vurğulayan həmkarımız atasının müalicəsinin həddindən artıq bahalı olduğunu deyib: "Bilirsiniz ki, Mərkəzi Klinika özəl xəstəxanadır və qiymətlər də kifayət qədər yüksəkdir. Düzdür, məcburi köçkün olmağımızı və atamın Qarabağ müharibəsi veteranı olmasını nəzərə alaraq Xəstəxana rəhbərliyi tərəfindən mümkün olan güzəşt edilir. Amma yenə də tələb olunan qiymətlər bizim imkanlarımızdan çox-çox yüksək qiymətlərdir. Çətinliklərimiz çoxdur. Şox sağ olsun, dostlar, yaxın qohumlar, müəyyən qədər köməklik göstərirlər”.
Jurnalistin sözlərinə görə, maddi çətinliklərdən əlavə onları ən çox narahat edən atasının komaya düşməsinə səbəbkar olan sürücünün davranışıdır: "Sürücü və onun ailəsi bizə nə maddi, nə də mənəvi cəhətdən dəstək olur. Atamın durumu onları qətiyyən maraqlandırmır. Nə zəng edir, nə baş çəkirlər. Dəfələrlə sürücü ilə əlaqə saxlamışam. Ağsaqqallarımız ağsaqqalları ilə danışıb, amma heç bir faydası yoxdur. Biz onlara başa sala bilmədik ki, atamın sağalması üçün ümid var və bu ümid üçün pul lazımdır. Mən heç bir halda atamın bütün müalicəsini onların üstələməsini istəməmişəm. Amma belə hallarda 10 gün müddətində vuran adam xəstəni müalicə etdirməlidir. Sözün düzü, imkanımız olsa, heç onlardan yardım ummaram da. Özünə də demişəm ki, sən bu hərəkətlərinlə məni pislik eləməyə vadar edirsən. Heç bu günün özünə qədər həmin sürücünün başımıza gətirdiyi hadisə ilə bağlı onun iş yerinə məlumat da verməmişəm. O yenə də öz işində-gücündədir”. İstintaqın obyektiv araşdırılması ilə bağlı daxili işlər naziri Ramil Usubova ünvanladığı müraciətə cavab verildiyini vurğulayan İmdad Əlizadənin sözlərinə görə, bu cavab daha çox məlumat xarakterli olub: "Mənim əsas tələbim kamera görüntülərinin üzə çıxarılması ilə bağlı idi. Amma çox təəssüflər olsun ki, bu günə qədər də həmin görüntülər üzə çıxarılmayıb. Hazırda yenə də işə Nərimanov Rayon Polis İdarəsi baxır. Avtotexniki ekspertizanın cavabları gəlib, tibbi ekspertizanın cavablarını isə hələlik atamın vəziyyətinə görə əldə eləmək mümkün deyil. Artıq kamera görüntülərinin üzə çıxarılmasına ümidim qalmasa da, bundan sonrakı mərhələdə işin obyektiv araşdırılacağına ümidlərim artıb”.
Qeyd edək ki, İmdad Əlizadənin atasını bu il fevral ayının 14-də "Koroğlu” metrostansiyasının yaxınlığında yolu keçmək istəyərkən maşın vurmuşdu. Ağır kəllə-beyin travması alan 70 yaşlı Əli Əliyev həmin gündən indiyədək komadadır.
Biz də "Şərq” qəzeti olaraq, həmkarımızın atasına Allahdan şəfa diləyirik! İnşallah, tez bir zamanda sağalıb ayağa qalxar.
Şəymən