Atatürkə Azərbaycan adı ilə iftira atılır

Fərəc Quliyev: “Atatürk türk dünyasının azadlığını və birliyini arzulayan bir lider olub”
Tənzilə Rüstəmxanlı: “Bu cür iftiralarla Atatürk heç vaxt Azərbaycan xalqının ürəyindən, beynindən silinə bilməz”


Türk dünyasının görkəmli şəxsiyyətlərindən olan Mustafa Kamal Atatürk haqqında qalmaqallı iddia ortaya atılıb. Türkiyənin "TV NET” telekanalında çıxış edən araşdırmaçı-yazar Mustafa Armağan Atatürk tərəfindən SSRİ-nin rəhbəri Leninə yazılmış məktubu ictimaiyyətə təqdim edərək Azərbaycanın 5 milyon rubl qarşılığında sovetlərə satıldığını iddia edib.

Leninə yazılan məktubun 1964-cü ilə qədər gizli saxlandığını bildirən tarixçinin sözlərinə görə, "birinci təklifnamə” adlanan məktubda "bolşevik qüvvələri ingilislərə qarşı hərəkata başlayarsa, Türkiyə də Azərbaycan hökumətini bolşevik dövlətlər zümrəsinə daxil etməyi öz üzərinə götürəcək” ifadələri qeyd olunub. M.Armağanın Atatürklə bağlı iddiası Türkiyə və Azərbaycan cəmiyyətində tənqidlə qarşılanıb. Məsələyə münasibət bildirən ictimaiyyət nümayəndələri qardaş ölkələr arasında nifaq yaratmağa və Atatürkü qaralamağa hesablanmış bu cür çıxışların yolverilməz olduğunu deyiblər.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev Atatürkə qarşı aparılan hücum kampaniyasının uzun müddətdir davam etdiyini bildirib: "Atatürk bütün türklərin lideri, mənəvi atasıdır. O, böyük savaşdan milləti sağ-salamat çıxaran və dünyada sayılıb-seçilən bir dövlət quran görkəmli şəxsdir. Amma bəzi dairələr Atatürkə qarşı mübarizə aparmaq üçün onun düşüncə sisteminə qarşı savaş açaraq prinsiplərini çökdürməyə çalışıblar. Elə bu məqsədlə də "Ərgənəkon” və s. davaları ortaya ataraq Atatürkün qurduğu ordunu zəiflətməyə, nüfuzdan salmağa çalışıblar. Amma ötən zaman ərzində bu hücumların heç birinin effekt vermədiyi bəlli oldu. Proseslər bumeranq effekti verdi. Hücum edənlər isə məğlub oldular. İndi də həmin proses baş verəcək”.

F.Quliyevin sözlərinə görə, məqsəd Türkiyəni zəiflətmək, cümhuriyyətçiliyi aradan qaldırmaqdır. Yoxsa bu gün Atatürk fiziki mənada həyatda yoxdur ki, ona qarşı hücumlar olsun: "Bu məktubu tapan əllərin gövdələri Türkiyədə yox, kənardadır. Amma seçilən üsullar olduqca bayağıdır. Məktub məsələsi də çox primitivdir. Mən bu sənədin saxta olduğunu düşünürəm. Hətta belə bir məktub olsa belə, bunun nəyəsə təsir göstərəcəyinə inanmıram”. Deputat vurğulayıb ki, Atatürk türk dünyasının azadlığını və birliyini arzulayan bir lider olub: "Türkiyə bizə çox köməklik göstərib. Bu gün Azərbaycanda türk şəhidliklərinin olması edilən yardımların bariz nümunəsidir. Eyni zamanda azərbaycanlılar da Çanaqqala savaşında döyüşüblər, şəhid olublar. Həm də Türkiyəyə xeyli miqdarda maddi yardım göstəriblər. Yəni iki dövlət və xalq bir-birinə qarşılıqlı, təmənnasız yardımlar edib”.

Azərbaycan-Türkiyə Evinin və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da düşünür ki, məktub məsələsi Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü "vurmaq” və unutdurmaq siyasətinin təzahürüdür: "İstənilən formada uydurma məktub hazırlamaq mümkündür. Amma Atatürkə iftira atanlar öz istəklərinə nail ola bilməyəcəklər. Çünki türk milləti artıq öz liderləri haqqında son və qəti sözünü deyib. Azərbaycanı satmaq məsələsi də böhtandır. Atatürk "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyərək dövlətimizə öz münasibətini açıqlayıb. Həmçinin deyib ki, "zaman gələcək sovetlər dağılacaq və qanı qanımızdan, dili-dilimizdən olan qardaşlarımız öz azadlıqlarını əldə edəcəklər. Biz Türkiyə olaraq buna hazırlıqlı olmalıyıq”. Bu sözləri deyən adamı "satqınlıqda” ittiham etmək ağılsızlıqdır. Bu cür iftiralarla Atatürk heç vaxt Azərbaycan xalqının ürəyindən, beynindən silinə bilməz. Ona olan sayğı və sevgi hansısa bir tarixçinin araşdırması ilə azalmaz. Fikrimcə, Atatürkə qarşı edilən bütün hücumların kökündə indiki Türkiyə iqtidarının apardığı siyasət dayanır”.

İsmayıl