ATƏT-ə sədrlik İtaliyaya keçib, Qarabağda nə dəyişəcək?

Amma təəssüflər olsun ki, indiyədək nəticəsiz bəyanatlara çox rast gəlmişik




Bu ölkənin münaqişə ilə bağlı verdiyi bəyanatlar maraqlarımıza cavab verir

Yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik İtaliyaya keçib. Artıq İtaliya rəsmiləri və Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə aktiv şəkildə məşğul olacaqlarını açıqlayıblar.

Məlumdur ki, ATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi də daxil edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bunu müsbət qiymətləndirdiyini deyib. XİN rəsmisi bildirib ki, Azərbaycan tərəfi İtaliyanın öz mövqeyində davamlılıq nümayiş etdirəcəyinə ümid edir.

 Bəs, Avropanın nüfuzlu dövlətlərindən sayılan İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllində nə qədər fəallıq nümayiş etdirə bilər?

Məsələni "Şərq”ə dəyərləndirən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, ATƏT-in bütün üzvləri vaxtaşırı bir il ərzində təşkilata sədrlik edirlər. 

Ekspert İtaliya-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsində olduğunu xatırladıb: 

"İtaliya rəsmilərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdikləri bəyanatlar maraqlarımıza cavab verir. Biz bu cür bəyanatları müsbət dəyərləndiririk. Əgər İtaliya iddia etdiyi kimi vəzifəsinin öhdəsindən layiqincə gələrsə, biz buna ancaq sevinə bilərik. Amma təəssüflər olsun ki, indiyədək nəticəsiz bəyanatlara çox rast gəlmişik. 

ATƏT-in sədrliyində təmsil olunan bir çox ölkələr oxşar bəyanatlar səsləndiriblər. Azərbaycana quru bəyanatlar yox, əməli fəaliyyət lazımdır. Fəaliyyət də ondan ibarətdir ki, bizi işğalçı Ermənistanla tərəzinin eyni gözünə qoymasınlar və beynəlxalq hüququn normalarına riayət etsinlər. Ən əsası isə işğal olunmuş torpaqların azadlığı uğrunda ciddi addım atsınlar. 

Əgər İtaliya sədrlik boyunca bu istiqamətdə fəaliyyət göstərərsə, çox güman ki, müsbət nəticə əldə etmək mümkün olar. Lakin İtaliyanın buna nail olub-olmayacağı sual altındadır”.

İsmayıl