Avropa İttifaqı israr edir

“Metsamor”un istismarının dayandırılması olduqca vacibdir
“Cənubi Qafqaz regionunda ekoloji təhlükəsizliyin gələcəyi bundan asılıdır. İrəvan buna müqavimət göstərməklə həm Ermənistanı, həm də bölgəni təhlükəyə sövq edir”




Ermənistanla Avropa İttifaqı arasında yeni sazişə əsasən, Ermənistan "Metsamor” Atom Elektrik Stansiyasını bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarmalıdır. İmzalanması 2017-ci il noyabrda nəzərdə tutulan sazişin mətni Avropa İttifaqının rəsmi internet saytında dərc olunub.

Məlumat üçün deyək ki, "Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması öhdəliyi Ermənistanın qarşısında 2013-cü ildə qoyulub. Sənəddə 2020-ci ilə qədər Ermənistanda yeni elektrik stansiyasının inşası nəzərdə tutulurdu. Lakin rəsmi İrəvanın bu sazişdən imtina edərək Avrasiya İqtisadi Birliyinə qoşulması ilə AES-nin fəaliyyət müddətinin uzadılmasına şərait yaratdı. İndi isə Avropa İttifaqı həmin tələbi yenidən Ermənistanın qarşısında qaldırıb. Hazırkı saziş layihəsində yeni elektrik stansiyasının tikilməsi təklifi əks olunmayıb. Hökumətin 2018-2022-ci illərə dair proqramını təhlil edən ekspertlər yaxın 20 ildə yeni enerji blokunun inşasının nəzərdə tutulmadığını bildiriblər. 

Bununla bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Azər Rəşidoğlu deyib ki, Ermənistanı enerji itkisi gözləyir. Çünki ölkənin enerji sistemində resurslar ildən-ilə azalır: 

"Ermənistanın seysmik zonada yerləşməsi və istənilən vaxt baş verə biləcək güclü zəlzələ böyük fəlakətə yol aça bilər. Heç kəsə sirr deyil ki, "Metsamor”un işlək blokunun istismar müddəti başa çatıb. Lakin hazırkı durumda bu amil Cənubi Qafqazın Ermənistanla həmsərhəd ölkələri üçün təhlükəni azaltmır. Təbii ki, "Metsamor” Atom Elektrik Stansiyasında baş verəcək qəza təkcə Ermənistanın ərazisinə təhlükə deyil, bu fəlakət qonşuların, o cümlədən, Gürcüstanın, Azərbaycanın, Turkiyə və İranın ərazilərinin təhlükə ilə üz-üzə qalması deməkdir. Birmənalı olaraq stansiya region üçün təhlükədir. "Metsamor”un istismarının dayandırılması olduqca vacibdir. Cənubi Qafqaz regionunda ekoloji təhlükəsizliyin gələcəyi bundan asılıdır. İrəvan buna müqavimət göstərməklə həm Ermənistanı, həm də bölgəni təhlükəyə sövq edir”.

İsmayıl