Qabil Hüseynli: “Kimlərsə sivilizasiyalararası qarşıdurmalara və toqquşmalara dəstək verir”Arzu Nağıyev: “Demokratiya adı altında insanların inancı, əqidəsi ilə oynamaq olmaz”
Fransanın "Charli Hebdo” satirik jurnalı redaksiyasında baş verən qətliamdan sonra Avropadakı müsəlmanlar hədəfə alınıb. Səbəbi isə hadisəni törədənlərin müsəlman olması ilə izah olunur. Doğrudur, Fransa və bir sıra Avropa ölkələri özlərini bəşəriyyətə humanizm və tolerantlığın beşiyi kimi təqdim edir və bu istiqamətdə müəyyən bəyanatlar səsləndirirlər.
Lakin bütün bunlar gözə kül üfürməkdən başqa bir şey deyil. Belə ki, artıq son günlər məlum olayla bağlı oradakı müsəlmanlar xeyli təzyiq və basqılara məruz qalıblar. Artıq Avropada islamafobiya hərəkatına start verilib. Verilən məlumatlara görə, Avropa ölkələri dini ekstremizmə qarşı mübarizə adı ilə bir çox müsəlmanları ölkələrinə deportasiya ediblər. Bir sözlə, Avropa ölkələri artıq müsəlman "ovu”na çıxıblar. Fransanın baş naziri Manuel Valsun "ekstremizmlə mübarizəni yüksəltmək məqsədilə 425 milyon avro xərclənərək 2680 iş yeri yaradılıb” açıqlaması isə iddiamızın sübutu kimi yozula bilər.
Məsələni şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, Fransada baş verən terror aktından sonra artıq müsəlmanlara qarşı anti-təbliğat kampaniyasına başlanıb. Onun sözlərinə görə, artıq bəzi Avropa ölkələrində müsəlmanlara qarşı hücum kampaniyası start götürüb. Bu yöndə kütləvi nümayişlər keçirilir, müsəlmanların Avropadan, ilk növbədə Fransadan çıxarılması üçün şüarlar səsləndirilir: "Əslində əvvəllər də müsəlmanlara qarşı bir kampaniya mövcud idi. Fransadakı terror aktının törədilməsində də anti-müsəlman təbliğatı, islamafobiya böyük rol oynayıb. Bir sözlə, Avropada çox təəssüflər olsun ki, sağçılar və onların əsas radikal qanadı olan millətçilər sayca çoxalmaqda, təşkilatlanmaqdadırlar. Bunun da nəticəsində müsəlmanlara qarşı müxtəlif təzyiqlərin sayı artır. Biz 21-ci əsrdə müxtəlif sivilizasiyaların dialoq və birliyinin olacağını düşünürdük. Lakin əksini müşahidə etdik. Kimlərsə sivilizasiyalararası qarşıdurmalara və toqquşmalara dəstək verir”.
"Trend” İnformasiya Agentliyinin analitiki, siyasi ekspert Arzu Nağıyev isə düşünür ki, belə təxribatlar mütəmadi olaraq təkrarlanır və bu, birinci hal deyil: "Rüşdinin yazdığı anti-İslam xarakterli şeirlər, ABŞ-da katolik kilsənin nümayəndəsinin "Qurani-Kərim”i yandırması və digər bu kimi məsələləri hər kəs yaxşı xatırlayır. Bu məsələlərdən sonra islamın tənqid hədəfinə alınması, müəyyən qadağaların qoyulması, bəzi geyimlərin yasaqlanması, beynəlxalq mükafatların təsis edilməsi və başqa hallar baş verir”. Ekspert hesab edir ki, tənqidə görə silaha əlatma və qətllər pislənməlidir: "Lakin bu heç də demokratiyanın təzahürü demək deyil. Bir tərəfdən də bu, qanunlarda boşluqdan əmələ gəlir. Demokratiya adı altında insanların inancı, əqidəsi ilə oynamaq olmaz. Azərbaycanda, Rusiyada, ümumiyyətlə, bir sıra ölkələrdə bu qanunlar tətbiq olunur. Müşahidələr göstərir ki, tolerantlıq baxımından bu, öz bəhrəsini verir”.
Politoloqun qənaətincə, hadisədən sonra bütün istiqamətlərdə, istər maarifçi, istərsə də radikal islama basqılar artıb: "Birmənalı şəkildə belə qətlləri dəstəkləmək olmaz. Dünyada baş verən bütün proseslər nəzərə alınmalıdır. Maraqlısı da odur ki, həmin hadisəni törədənlər Fransanın öz vətəndaşlarıdırlar”.
Ayyət Əhməd