"Avropalı futbolçu bizim ali məktəb müəllimindən savadlı danışır"




"Avropa ölkələrində, bir futbolçunun biliyi zəifdirsə, onu komandadan qovurlar”.

Sherg.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa bildirib. O qeyd edib ki, Avropada düşüncəsi, savadı olmayan bir futbolçuya ehtiyac yoxdur:

"Diqqət edin ki, onların bir futbolçusu televiziyada bizim ali məktəb müəllimimizdən daha savadlı çıxış edir. Bizim elmə, təhsilə olan qeyri-ciddi yanaşmamız bir çox hallarda mütaliə mədəniyyətimizə əsas təsir edən amildir. Əslində mütaliənin düşmənlərindən biri məhz televiziyadır. Avropada tamaşaçılar dinləsin deyə, ayrıca telekanallar var. Həmin telekanallarda əsərləri oxuyurlar. 
"Bir qalanın sirri” filmi çəkilib. O kinoda kitab oxucunun üzərinə cumur ki, məni oxu. Biz Azərbaycan cəmiyyətində bunu ənənəyə çevirməliyik, insanları alışdırmalıyıq ki, bizim dünyada yeganə mövcudluq formamız intellektimizdir. Biz müstəqilliyimizi dişimizlə, dırnağımızla qazanmış xalqıq. Rusiya, Türkiyə, Amerika kimi imperatorluq olmamışıq. Ona görə intellektimizlə mövcud olmalıyıq.

Məsələn, mən həkimlərimizlə də söhbətlərimdə deyirəm ki, bir cihaz icad olundu, aparat alındı, sən onun bir detalını, funksiyasını mənimsəyib, öyrəndin. Dünya hər gün inkişaf edir, yeni texnologiyalar icad olunur. Əgər onları öyrənməyib, bu günlə ayaqlaşmağı bacarmasan, mütaliə etməsən yeni dövrün adamı ola bilməzsən.

Xatırlayıram ki, bizə istehsalatda dərs keçirdilər, maşın hissələri ilə bağlı. Müəllimimiz yəhudi idi və bizə yalvarırdı ki, maşın sadəcə sürməkdən ibarət deyil, maraqlıdır, oxuyun. Amma biz oxumurduq. İndi isə görürsən ki, Azərbaycanda 90 faiz avtomobil istifadəçisi maşının necə işlədiyini, hətta ən xırda məsələlərini bilmir. Bunları bilməmək həm də əlavə xərcdir. Bütün bunların qarşısını almaq üçün insanları maariflənməyə, elmə, təhsilə, mütaliəyə istiqamətləndirməyin yolunu tapmalıyıq”.

Ayyət Əhməd