Avtobus sürücülərinə cəza sonuncu dayanacaqda veriləcək

Azər Allahverənov: “Qanuna dəyişikliyin müsbət tərəfi budur ki, gecikmələrin qarşısı alınacaq, sərnişinlərin də mənzil başına vaxtında çatmalarına əngəl yaranmayacaq”
 Avtobusların yolun ortasında dayandırılması,  sürücü ilə nəqliyyat müfəttişləri və ya yol polisi  əməkdaşının "çənə-boğaz” olması hallarını çox  müşahidə etmişik. Amma əgər Milli Məclis "Yol  hərəkəti haqqında” qanuna yeni dəyişikliyi təsdiq  etsə, daha bu halların şahidi olmayacağıq.
 Qanuna təklif edilən yeni dəyişiklik yol hərəkəti  qaydasını pozan sürücü barəsində inzibati xəta  haqqında protokolun sonuncu dayanacaqda tərtibini  nəzərdə tutur. Yəni ki, daha nəqliyyat müfəttişləri və  ya yol polisi sürücü ilə yolun ortasında mübahisəyə  girişməməli, sərnişinləri gözlətməməli, gecikməyə  səbəb olmamalıdırlar.
 Bəs təklif olunan bu dəyişikliyi ekspertlər necə  qiymətləndirir? Ekspert Azər Allahverənov  "Şərq”ə açıqlamasında bildirdi ki, inzibati protokolun sonuncu dayanacaqda tərtib edilməsi  qaydası hazırkı qanunda da əksini tapıb. Lakin qanunda bu, "tərtib edə bilər” formasında əksini    tapdığından çox zaman nəqliyyat müfəttişləri və yol polisi əməkdaşları özlərinə sərf edən "edə bilər”  variantına üstünlük verirdilər. Bu da avtobusların hərəkətində gecikmələrin yaranmasına, sərnişinlərin  də narazılığına səbəb olurdu:
 - Tez-tez şahidi olurduq ki, sürücü ilə yol polisi əməkdaşı mübahisə edir, biri-birinə nəyisə başa  salmağa, inandırmağa çalışır. Nəticədə xətt avtobuslarının hərəkətində gecikmələr yaranırdı,  dayanacaqlarda sərnişin sıxlığı yaşanırdı, həm də evəmi, işinəmi tələsən sərnişinlər bu cür  dayanmalardan narazılıq edirdilər, sərnişinlərin də hüquqları pozulurdu. Ona görə də qanuna belə bir dəyişiklik təklif olunur ki, "protokolu sonuncu dayanacaqda tərtib edə bilər” ifadəsi dəqiqləşdirilsin və "tərtib edir” şəklində qanunda əksini tapsın. Bu artıq o deməkdir ki, müvafiq icra hakimiyyəti orqanı hər hansı qayda pozuntusuna görə, avtobus sürücüsü ilə bağlı yalnız sonuncu dayanacaqda protokol tərtib etməlidir. Qanuna dəyişikliyin müsbət tərəfi budur ki, gecikmələrin qarşısı alınacaq, sərnişinlərin də mənzil başına vaxtında çatmalarına əngəl yaranmayacaq.
Lakin A.Allahverənov hər bir qanunun icrasında olduğu kimi, burada da effektiv nəzarət mexanizminə ehtiyac olduğunu bildirdi:
- Effektiv nəzarət mexanizmi tətbiq edilməyəcəksə, sözügedən dəyişikliyin mənfi hallara yol açacağı da istisna olunmur. Ola bilər ki, nəqliyyat departamentinin əməkdaşları sonuncu dayanacaqda protokol tərtibi qaydasına görə, yollarda ictimai nəqliyyata nəzarəti lazımi qaydada həyata keçirməsinlər. Yollarda daimi müşahidə aparmasınlar. Bu dəyişikliklə əlaqədar nəqliyyat müfəttişlərinin maraqları zəifləyə bilər. Amma bilirik ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi fəaliyyət göstərir. Yaxşı olardı ki, bu mərkəz əlində olan sistem vasitəsilə ictimai nəqliyyatın hərəkətini, sürücülərin davranışını nəzarətdə saxlasın və lazım gəldiyi anda müdaxilə imkanlarına sahib olsun. Hər bir sistemin icra mexanizmi təkmil olmalıdır. Effektiv nəzarət mexanizmi işləməyəcəksə, avtobusların dayanacaqdan kənar saxlaması, yol hərəkəti qaydalarını pozması, marşrutdan yayınmaq halları yenə baş verəcək. Eyni zamanda xatırlatmaq istəyirəm ki, müşahidə kameraları vasitəsilə də ictimai nəqliyyata nəzarəti lazımi formada həyata keçirmək tamamilə mümkündür. Paytaxtda demək olar ki, əksər avtomobil yollarında, dayanacaqlarda müşahidə kameraları quraşdırılıb. Buna əsasən qayda pozan sürücüləri inzibati məsuliyyətə cəlb etmək çox asandır. Amma təəssüf ki, sürücülərin qayda pozuntuları kameralar tərəfindən qeydə alınsa da, onlar çox zaman məsuliyyətdən kənarda qalırlar.
Məlahət Rzayeva