Avtobusu sərxoş vəziyyətdə idarə edən sürücü həbs olunmalıdır
09:19 28.03.2019
Arxiv
556
Daşıyıcı şirkət isə 500 manatdan 1000 manata qədər cərimə olunur
Dünən səhər saatlarında Bakıda sərxoş vəziyyətdə içi sərnişinlərlə dolu avtobusu idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Səməd Vurğun küçəsində 90-VX-692 dövlət nömrə nişanlı, 83 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü kobud qayda pozuntusuna yol verdiyi üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 10-cu tağımının əməkdaşları tərəfindən ona "saxla” işarəsi verilib.
Lakin sürücü yol polislərinə tabe olmayaraq hərəkətini davam etdirib, hətta hərəkət etdiyi marşrut xəttindən belə çıxaraq davamlı qayda pozuntuları törədib. YPX əməkdaşları avtobus sürücüsünü Hənifə Ələsgərov küçəsi və Azadlıq prospektinin kəsişməsində saxlatmağa nail olublar. Sürücünün yol hərəkəti qaydalarını pozması "Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə də lentə alınıb. Avtobus sürücüsü Təbin Hətəmovun hərəkətləri şübhə doğurduğu üçün o, polislər tərəfindən tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı sürücünün sərnişin avtobusunu sərxoş vəziyyətdə idarə etdiyi məlum olub.
Qeyd edək ki, avtobus saxlanılan zaman nəqliyyat vasitəsində olan sərnişinlər əvvəlcə yol polislərinə etiraz ediblər. Amma sürücünün sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olandan sonra sərnişinlər onların həyatına real təhlükə yaradan sürücünü hərəkətdən kənarlaşdırdıqları üçün polislərə minnətdarlıq ediblər.
Sürücü izahatında sərxoş vəziyyətdə spirtli içki qəbul etdiyini etiraf edib.
Araşdırma zamanı həmçinin avtobus sürücüsünün nəqliyyat vasitəsini gecə saatlarında qarajda yox, yaşadığı evin yaxınlığında saxladığı və səhər tezdən tibbi müayinədən keçmədən işə çıxdığı məlum olub. Onu da qeyd edək ki, sərnişin avtobusunun sürücüsü T.Hətəmov barəsində toplanan material qərar verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun "Şərq”ə açıqlamasına görə, avtobus sürücüsünün sərxoş halda xəttə çıxmasına görə cavabdehlik daşıyıcı şirkətə məxsusdur:
"Bakı Nəqliyyat Agentliyi nəzarət orqanı olsa da, bir-bir daşıyıcı şirkətləri gəzib avtobusları yoxlamaq, sürücüləri müayinə etmək səlahiyyəti yoxdur. Hətta təsadüfən belə avtobusların bazadan kənarda görsə belə tədbir görmək səlahiyyəti yoxdur.
Agentliyin sadəcə ümumi nəzarət funksiyası var. BNA cəza tədbiri kimi həmin o daşıyıcı şirkətlə müqaviləsini ləğv edə bilər. Bu zaman da xəttə buraxmağa başqa şirkət tapmırlar. Ona görə də bu xaos və özbaşınalıq davam edir.
Nazirlər Kabinetinin bu yaxınlarda təsdiq etdiyi qərarla Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslarla sərnişin daşıyan daşıyıcılara dair tələblər müəyyənləşib. Sənədə əsasən avtobusla sərnişin daşımalarını həyata keçirən daşıyıcı sərnişin daşımalarında istifadə olunan avtobusları reysdən sonra yalnız istehsalat bazasına daxil olan duracaq yerlərində saxlamalıdır. Xəttə çıxan nəqliyyat vasitələri reysqabağı texniki yoxlamadan keçib təmir olunmalı, sürücülər də tibbi müayinə olunmalıdır”.
Hüquqşünasın sözlərinə görə, konkret hadisəyə görə, 83 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü həbs olunmalı, daşıyıcı şirkət isə müvafiq məbləğlə cərimə olunmalıdır:
"Bu cür faktlarda sürücü barəsində həbs-qətiimkan tədbiri seçilir. İçi sərnişin dolu avtobusu idarə edən sürücünün bir il müddətinə sürücülük hüququ məhdudlaşdırılır və 15 gündən bir aya qədər də həbs olunur. Şirkət sahibi isə 500 manatdan 1000 manata qədər cərimə olunur. DYP əməkdaşları belə bir fakt aşkarlayırlar, protokol tərtib edərək işi məhkəməyə verirlər. Bu işə yalnız məhkəmə baxa bilər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət