Elməddin Muradlı: “Qanunvericilikdəki dəyişiklik bu günümüz üçün çox zəruridir”
"Azərbaycanda avtomobil qaçıranlar daha sərt cəzalandırıla bilər”. Milli Məclisdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 185-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsinin 185.1-ci bəndində avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmənin (qaçırma) 1000 manatdan 2000 manatadək cərimə və iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.
Xatırladaq ki, hazırda bu cinayət əməlinə görə pul cəriməsi nəzərdə tutulmur. Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına tövsiyə olunub. Addımı dəyərləndirən nəqliyyat üzrə ekspert, avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı "Şərq”ə deyib ki, qanunvericilikdəki dəyişiklik bu günümüz üçün çox zəruridir: "Son vaxtlar maşınqaçırtma halları çoxalıb. Bəzən görürsən ki, dost-tanışlar bununla zarafat edirlər. Biri-birinin maşınını götürüb qaçırırlar. Məsələn, elə olur ki, bəziləri yaxın qohumlarının əmisinin, dayısının maşınını götürüb qaçırır. Təbii ki, burada məqsəd maşını talamaq deyil. Amma qaçırtma əlamətidir”. Ekspert diqqətə çatdırıb ki, bəzən "Son zəng” günündə yeniyetmə uşaqlar, 11 sinif şagirdləri bu əməli törətməyə meyilli olurlar: "Qohumları, tanışlarının və ya valideynlərinin xəbəri olmadan avtomobillərini qaçırıb şəhərdə idarə edirlər. Bunun da sonu faciəyə gətirib çıxarır. Bəzən o uşaqlar sükan arxasında sərxoş vəziyyətdə otururlar. 11-ci sinif şagirdləridir. Beyinləri qandır. Onlara meydan vermək olmaz”. E.Muradlının sözlərinə görə, paytaxtda və regionlarda avtomobil oğurluğu hallarının sayı artıb: "Devalvasiyalardan sonra küçələrin işıqlandırılmasında problemlər yaşanır. Saat 11-12 arasında və yaxud da 12-dən sonra işıqlar söndürülür. Bəzi küçələr zülmət qaranlıq olur. Bunun özü də oğurluq hallarına yol açan amillərdəndir. Əksər yaşayış binaları elə inşa olunub ki, orada avtomobili həyətdə saxlamaq mümkün deyil. Hamı avtomaşını yolun kənarında saxlayır. Orada nəzarətçi, qarovul olmur. Heç nəzarət kamerası da quraşdırılmayıb. Ona görə də, avtomobil oğrularına geniş meydan yaranır. Avtomobil oğurluqları və avtomobili talamaqla bağlı hadisələri analiz edəndə görürük ki, əksəriyyəti yeniyetmələrdir. İşsiz-gücsüz adamlardı. Maşınları qaçırıb, satmağa çalışırlar. Maşındakı dəyərli bir avadanlıq - səs siqnalı, maqnitofon və monitor varsa, söküb satırlar. Bu tipli əməllər məcbur edir ki, qanunvericilikdə dəyişikliklər olsun və talamaq məqsədilə qaçırılan avtomaşınlara görə, həm də cərimə tətbiq olunsun”. E.Muradlı onu da əlavə edib ki, qaçırılan maşın qəza törədibsə, avtomobilə dəyən ziyanı maşını qaçıran şəxs ödəməlidir: "Sığortalı maşın olsa belə, avtomobili sahibi idarə etmir. Oğurlayan şəxs idarə edir. Bu səbəbdən sığorta şirkəti əksər hallarda sığorta ödənişindən imtina edir ki, sükan arxasında mənimlə müqavilə bağlayan şəxs olmayıb. Yəni problemlər ortaya çıxır. Hesab edirəm ki, bu yenilik yerində atılan addımdır”.
Ayyət Əhməd