Bakı metrosundakı mənzərə mütaliə üçün əlverişli deyil“Ümid edirəm ki, bu ardıcıl bir layihə olacaq, tez-bazar, hansısa maddiyyat güdmədən növbəti mərhələsi gələcək”
"Bakı Metropoliteni” QSC kitab oxuyanlar üçün "Metroda oxu” adlı sosial-aksiya həyata keçirir. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, aksiyanın məqsədi mütaliənin faydası və onun daha geniş təbliğinin təşkilinə dəstək olmaqdır.
"Bizə çox maraqlıdır, siz - bizim sərnişinlərimiz, hansı kitabları oxuyursunuz, ətrafdakıların buna reaksiyası necədir, elektron, yoxsa adi kitablara üstünlük verirsiz və sair. Aksiyada iştirak etmək üçün metroda oxuduğunuz kitabla selfi və ya kitab oxuyan sərnişinlərin maraqlı fotosunu çəkib onu #metrodaoxu heşteqi ilə facebook səhifənizdə paylaşmaq lazımdır. Fotoya qısa şərh də əlavə edə bilərsiniz, yəni, oxuduğunuz kitabın adı və onun haqqında fikirləriniz”.
N.Paşayev bildirib ki, "Bakı Metropoliteni” "Əli və Nino” mağazalar şəbəkəsi ilə birlikdə həftə ərzində paylaşılan bütün fotoları dəyərləndirib, qalibi seçərək rəsmi səhifəsində paylaşacaq və statusun müəllifinə 20 manat nominalında kupon hədiyyə edəcək.
Yeni aksiyanın nə dərəcdə effektiv olacağını söyləmək bir qədər çətindir. Çünki hər zaman buna bənzər layihələr keçirilsə də, mütailə ilə bağlı mənzərə ürəkaçan deyil. Yenə də aksiyada kitab və mütaliəni sevənlər iştirak edəcək. Yerdə qalanların bu cür aksiyalara maraq göstərəcəyi isə düzü, inandırıcı gəlmir.
Bəs, gənc yazarlar "Metroda oxu” aksiyası ilə bağlı nə düşünürlər?
Yazar xanım Sevinc Elsevərin fikrincə, belə aksiyaların ölkəmizdə heç bir rolu olmayıb. Onun sözlərinə görə, həmçinin Bakı metrosundakı mənzərə mütaliə üçün əlverişli deyil: "Metro çox basabas olur. Şəxsən mən dəfələrlə metroya minmişəm, hər dəfə də minəndə ayağımı qoymağa yer axtarmışam, nəinki oturub rahat kitab oxuyum. Bəlkə də bəxtim gətirməyib ki, həmişə çoxluğa düşmüşəm. Mütaliə o demək deyil ki, kitab mütləq kağızdan ibarət olsun. Elektron kitablar da var. İndi hamı belə kitabları telefona, planşetə yükləyir. Əgər gəncin əlində telefon görürüksə, ön yarğılı olmalı deyilik. Bəlkə o telefonda maraqlı bir məqalə və ya kitab oxuyur.
Təbliğat üçün maraqlı layihədir. Amma bu cür aksiyaların hamısı ötəri səs-küy qoparır. Sonra da elə bil ki, qurbağa gölünə daş atırsan. Yenə də kitablar alınmır və oxucuların sayı artmır.
Təcrübəmdən deyə bilərəm ki, mütaliə üçün əsəblər sakit olmalıdır. İnsan oxuyarkən diqqətini yönəltməyi bacarmalıdır. Mən son vaxtlar diqqətimi kitaba verə bilmirəm. Yaşadığımız həyat bizi gətirib buna çıxarır, yəni insanları o qədər qınamıram. Amma fiziki və psixoloji cəhətdən narahat olmayan və kitab almağa pulu olan insanlar mütaliə etməlidirlər”.
Gənc şair Aqşin Evrən isə bildirib ki, cəmiyyətimizdə oxu arzusu var, sadəcə, bunu topluma xatırlatmaq lazımdır: "Bir qədər qəribə səslənsə də, bu, "Bakı Metropoliteni” üçün tarixi addımdır. Arzu edirik ki, Təhsil Nazirliyi də mütaliə məsələsinə heç olmasa, Bakı metrosu qədər diqqət ayırsın. Kitab, bədii əsər oxutmağa orta məktəblərdən başlamaq lazımdır, çünki insanın maraq dairəsi məhz bu dövrlərdə formalaşır. Məktəblərdə hər həftə bir çağdaş müəllifin əsəri ətrafında müzakirələr aparılsa, yaxın 10 il ərzində belə kitab oxumaq aksiyasını nəinki Bakı metrosunda, kosmosda da həyata keçirə bilərik. Yəni oxu vərdişinin, mütaliəyə meylin artması toplumun mədəni, texnoloji sahədə də intibahına zəmin yarada bilər”.
Yeni aksiyanın maraqlı olduğunu deyən yazar Cəlil Cavanşir həmçinin xarici ölkələrdə buna bənzər layihələrin olduğunu bildirib: "Təəssüf ki, belə layihələr bizdə azdır. Bakı Metropoliteni bunu edirsə və mütaliəyə dəstək verirsə, çox yaxşı haldır. Ümid edirəm ki, bu ardıcıl bir layihə olacaq, tez-bazar, hansısa maddiyyat güdmədən növbəti mərhələsi gələcək. Adətən, bu tip aksiyalarda müəyyən qrantı alırlar, layihə 2-3 ay ərzində baş verir və heç kəsin xəbəri olmadan yekunlaşır. Ümid edirəm ki, bu aksiya ictimailəşəcək və geniş oxucu kütləsinə çatacaq. İdeya olaraq çox gözəldir və davamı olsa, işə məsuliyyətlə yanaşsalar, ortalığa möhtəşəm bir oxucu kütləsi çıxarmaq olar”.
Yeganə Bayramova