"Ayda bir dəfə məktub alıb, təsəlli tapırdıq, indi o da yoxdu” - Girovun oğlu






"Atamın nə vəziyyətdə olduğunu, necə yaşadığını bilmirəm”.

Bunu "Sherg.az”a ata-baba yurdu olan Kəlbəcərə yaxınlarının məzarını ziyarət etməyə gedərkən separatçılar tərəfindən girov götürülən həmvətənimiz Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Onun sözlərinə görə, bir ildən artıqdır ki, atasından xəbər almır:

Beynəlxalq Qızıl Xaç komitəsi atam Dilqəm Əsgərovdan hər ay məktub, üç aydan bir video görüntü gətirməli idi. Lakin bir ildən artıqdır ki, bizə nə məktub gəlir, nə də video. Yəni atamdan xəbərsizik. Hər ay bizə verilməli olan məktub nə üçün gəlmir ? Erməni girovuna Azərbaycanda yaxşı baxılır və bunu Azərbaycan dünyaya sübut edir. Amma bu niyə Ermənistandan tələb olunmur ? Ölkəmizdə olan erməni girov ailəsi ilə video görüntü ilə danışır. 

Azərbaycanlı girovların ailəsi isə bir məktuba həsrətdir. ATƏT, BMT, MDB və başqalarının demokratiya və insan hüquqlarından danışmaları əbəsdir. BQXK erməni girov üçün bütün şəraitləri təmin edir. Bizə gəldikdə də iki kəlmə deyir:

"Atan yaxşıdır”. Sifahi məlumat verərək işini bitmiş sayır. Axı şifahi şəkildə deyilən sözə necə inanaq ? Mən birbaşa atamdan məlumat almaq istəyirəm. Bu haqda bir çox dövlət qurumlarına müraciət edib, istəyimi demişəm. Lakin ortada heç bir nəticə yoxdur. Ayda bir dəfə məktub alırdıq, dərdimizə təsəlli tapırdıq, amma bir ildən çoxdur ki, o da yoxdur”.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

Kənan Eynuroğlu