Aydın Quliyev: "Cəmiyyətimizin bütün sosial təbəqəsi dövlətin diqqət və qayğısından kənarda qalmır"



"Cənab prezidentin sosial siyasətinin əsas məqsədi vətəndaşlarımızın rifahının yaxşılaşmasından ibarətdir”. "Sherg.az” xəbər verir ki, bu sözləri "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, dünya praktikasında sosial siyasətin yeganə missiyası xalqa xidmət etməkdir: "Sadəcə olaraq dövlətlər həmin missiyanı aparmaq qabiliyyətinə görə bir-birindən fərqlənirlər. Nə yaxşı ki dövlətimiz və ölkə başçısı özünün bu siyasətini yüksək səviyyədə aparır. Cəmiyyətimizin bütün sosial təbəqəsi dövlətin diqqət və qayğısından kənarda qalmır. Tələbələrdən tutmuş əlillərə qədər, hətta dünyasını dəyişmiş və vətən uğrunda xidmətləri olan insanlar belə sosial siyasətin əsasını təşkil edir.

Prezidentin vətəndaşlarla birbaşa təmasına gəldikdə isə bu praktikanın çox az ölkələrdə özünü doğrultduğunu deyə bilərəm. Hansısa Avropa ölkəsinin rəhbəri cəmiyyət içinə çıxır və insanlarla görüş keçirir. Amma inanmıram ki, həmin ölkələrdə dövlət başçılarının cəmiyyətlə geniş və açıq təmasları olsun. Hətta olsa belə bunun Azərbaycandakı qədər nəticə verə biləcəyini düşünmürəm. Ona görə də bir çox dövlət başçıları əhali ilə səmimi söhbətlərdən yayınırlar. Lakin bu Azərbaycan cəmiyyətində özünü tam doğruldan bir fəaliyyət üsulu kimi göstərir”.

A.Quliyev bildirib ki, ölkə başçısı vətəndaşlarla bütün görüşlərində onların problemlərini dinləyir və məsələnin dərhal həlli üçün göstərişlər verir: 

"Sumqayıtda tələbənin qaldırdığı məsələdə prezident milyonlarla insanların gözü qarşısında problemin həll olunacağına söz verdi. Bunun da səbəbi odur ki, ölkəmizdə cəmiyyətlə prezident arasında anlaşılmaz bir mühit yoxdur. Dövlət başçısının siyasəti cəmiyyət tərəfindən başa düşülür”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Sumqayıt şəhərinə gedib və orda inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olub.Ölkə başçısı sakinlərlə səmimi söhbət edərək onların problemləri ilə maraqlanıb.

Yeganə Bayramova