Qida Təhlükəsizliyi Agentliyi bu sahədə yaranmış özbaşınalığı aradan qaldıra bilər“Qida ilə bağlı olan bütün sahələr, həmçinin ət kəsimi məntəqələri sanitar-epidemioloji mərkəzlər tərəfindən hər 3-6 aydan bir yoxlamadan keçməlidirlər”
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin sahiblərinə növbəti xəbərdarlıq edib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən "Report”a verilən məlumata görə, "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Prezidentinin 11 iyun 2018-ci il tarixli sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edir.
Agentlik xəbərdarlıq edib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün qanunla müəyyən olunmuş qaydada tədbirlər həyata keçiriləcəkdir.
Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır.
Qeyd edilir ki, Qida Təhlükəsizliyi Agentliyi bu ilin may ayından etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində, eyni zamanda heyvan kəsimi məntəqələrində monitorinqlər həyata keçirib.
Monitorinqlərdə agentliyin əməkdaşları tərəfindən heyvan kəsimi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qanunvericiliyin tələbləri ilə yanaşı mərkəzləşmiş heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə bağlı geniş məlumatlar verilib, maarifləndirici iş aparılıb.
Amma paytaxtımızda az qala, hər addımbaşı ət dükanlarıdır. Sahibkarlar alıcını cəlb etmək üçün "halal dana, quzu əti” yazısından istifadə edirlər. Bu ət kəsimlərinin halallıq bir yana, sanitar normalara uyğun kəsilib-kəsilmədiyini isə heç kəs bilmir. Bəzən heç fərqinə də varmırlar. Belədə öz əlimizlə evimizə daşıdığımız ətlərin nə dərəcədə sağlam olduğunu da bilmirik. Yediyimiz qidanın təhlükəsizliyinə əmin olmadan onu qəbul edirik.
Görəsən, Qida Təhlükəsizliyi Agentliyinin bu xəbərdarlığından sonra qanunsuz ət kəsimi probleminin aradan qaldırılmasında irəliləyiş olacaqmı?
"Medical Plaza” Klinikasının terapevt-qastroentereloqu Sevindik Arazov "Şərq”ə açıqlamasında Qida Təhlükəsizl
- Məlumdur ki, Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılıb və əhalinin sağlamlığı, qida təhlükəsizliyi sahəsində vacib fəaliyyət həyata keçirir. İstər satıcılar, istər ictimai iaşə obyektləri əməkdaşları - bərbərlər, aşbazlar, ofisiantlar və s. bunlar hamısı obliqat qruplar sayılır. Yəni bu peşə sahibləri mütəmadi tibbi müayinədən keçməlidirlər, çünki ictimaiyyətlə, böyük əhali qrupları ilə daim təmasdadırlar. O cümlədən də qida ilə bağlı olan bütün sahələr, həmçinin ət kəsimi məntəqələri sanitar-epidemioloji mərkəzlər tərəfindən hər 3-6 aydan bir yoxlamadan keçməlidirlər. Ət kəsimi məntəqələrinin sanitar normalara uyğun olub-olmadığı yoxlanmalıdır. Kəsilən heyvanın sağlam olması böyük şərtdir. Ət kəsimi, satışı ilə məşğul olanların şəxsi gigiyenası, heyvanın kəsildiyi yer, axar suyun olması... bunlar hamısına ciddi nəzarət tələb edən məsələlərdir. Əgər hansısa obyektdə normalar pozulduğu aşkarlanarsa, QTA birinci dəfə xəbərdarlıq edir, ikinci dəfə cərimə edir, üçüncü dəfə artıq obyektin qapadılması qərarını verir. Bu da əlbəttə doğrudur.
S.Arazov qeyd etdi ki, paytaxt sakinləri adətən tanıdıqları, bələd olduqları satış yerlərindən ət alır:
- Tanımadığı satıcıdan, təsadüf yerlərdən ət alanlar çox azdır. Əksəriyyət uzun illər tanıdığı, alış-veriş etdiyi, tanış satıcılardan ət alır. Hətta son illərdə bölgələrdən ət, yağ, süd məhsulları sifariş edənlərin sayı da artıb. Düşünmürəm ki, kimsə tozun-torpağın içində satılan ətlərdən alsın. Ət alanda qəssaba da "nəzər yetirmək” lazımdı; bir qəssabın ki, dırnaqları uzun, dırnaqlarının arası kirli, üzü tüklü, aylarla təraş edilməmiş vəziyyətdə, önlüyü də qap-qaradır, özünə hörmət edən şəxs belə satıcıdan heç nə almaz. Bir də ki, ət kəsimi məntəqələri arasında gedən gizli rəqabət də var. Məncə, Qida Təhlükəsizliyi Agentliyinin xəbərdarlığı daha çox onları əhatə edir.
Məlahət Rzayeva