Azad söz, məlumat azadlığı və plüralizm...

Azərbaycanda jurnalistikanın inkişafı bu üç prinsipə söykənir




Plüralizm latınca "plüralis” sözündən olub "çoxluq” deməkdir. Plüralizm ictimai-siyasi həyatda daim yarışda və rəqabət mübarizəsində olan, bir-birindən asılı və bununla yanaşı, muxtar olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu mənasını verir. Plüralizmin siyasi, mədəni-mənəvi iqtisadi, sosial və s. növləri mövcuddur. Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. Plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hər biri öz muxtariyyatına doğru inkişaf etməyə başlayır. Politoloqlar demokratik, hüquqi dövlət quruculuğunda plüralizmin inhisarçılığın istənilən formasının əleyhinə çıxış etdiyini göstərməklə, plüralist tipli ümumi mühüm əlamətlərini də qeyd edirlər:

- Sosial davranışın hərəkət dinamikasını buxovlayan stereotiplərin "silinib getməsini” stimullaşdırır.

- Qeyri-dözümlüyün, qarşıdurmanın, dünyanı ikiqütblü varlıq kimi anlamağın əsaslarını aradan qaldırır.

- Sosial, ideya, konseptual fərqləndirməni dəyər və norma kimi qəbul edərək şəxsiyyətin azadlığı dərəcəsini artırır. Plüralizm sosial qrup və təbəqələrin müxtəlifliyi şəraitində formalaşır. Siyasi plüralizmin formaları müxtəlifdir. Bu, həm çoxpartiyalılıq, həm hakimiyyətin müvafiq səlahiyyətlərə malik olan müxtəlif mərkəzlərə bölünməsi, həm də formal yox, həqiqətən, yerlərdə özünüidarənin inkişafı və "dördüncü hakimiyyətin” - müstəqil mətbuatın olması deməkdir.

Plüralizm siyasi nəzəriyyə prinsipi kimi fəlsəfi-metodoloji əsas olmaqla nəzəri fikrin açıqlığı konsepsiyalarından çıxış edir. Bu konsepsiyaya görə, hər bir intellektual prosesdə fikir ayrılığı labüd haldır. Elmi biliyin artması təlimlərin çoxluğu ideyasını rədd etmir, əksinə, onların dərki üçün toplayan konseptual plüralizmə söykənir. Belə halda plüralizm bu və ya digər konsepsiyalar çərçivəsində müəyyən prinsiplərə riayət etməyi inkar etmir. Dünyanın nəzəri mənzərəsinin yaradılmasına plüralist yanaşma biliklərin əldə edilməsinin mövcud üsulunun müstəsnalılığına iddia irəli sürmür, lakin müxtəlif hipotezlərin zəruriliyini, onların inkarı üçün aşkarlığı qanuniləşdirərkən, elmi axtarışı obyektin daha adekvat dərkinə istiqamətləndirir.

Plüralist demokratiya yalnız o zaman "işləyə” bilər ki, milli ənənəyə uyğun gəlsin, özünün təcəssüm formaları və metodları ilə milli mədəniyyətlə üzvü vəhdətdə olsun, milli şüura ləngidici təsir göstərməsin. Plüralist demokratiya ictimai şüuru peşə-nəzəri, siyasi-idarəetmə, həmçinin, kütləvi şüura uyğun gəldikdə, milli şüuru da müasirləşdirir, zənginləşdirir.

Siyasi institutlara zidd durmağın zəruriliyi meydana çıxdıqda sosial ümumilik plüralizmə ehtiyac duyur. Plüralizm bir siyasi prinsip kimi sosial sistemi müxtəlif, o cümlədən, əks, iqtisadi, sosial, etnik, mədəni, ekoloji və prinsipcə, müstəqil və potensial olaraq özü tənzim olunan, dövlət hakimiyyəti sahəsindən kənarda qalan, daşıyıcıları isə siyasi prosesin muxtar və bərabərhüquqlu iştirakçıları olan digər fərdi və ictimai mənafelərin qarşılıqlı təsiri məkanı kimi təşkil etməyə imkan verir.

Plüralizm sosial qrup və təbəqələrin müxtəlifliyi şəraitində formalaşır. Siyasi plüralizmin formaları müxtəlifdir. Bu, həm çoxpartiyalılıq, həm hakimiyyətin müxtəlif muxtar mərkəzlərə bölünməsi, həm də formal yox, həqiqətən, yerlərdə özünüidarənin inkişafı və "dördüncü hakimiyyətin” - həqiqi müstəqil mətbuatın olması deməkdir.

Plüralizm şüur prinsipi kimi mahiyyəti və məzmunu, funksional keyfiyyətləri aşağıdakılardan ibarətdir: hadisələri və prosesləri onların dəyəri, yaxud üstünlüklərindən asılı olmayaraq, nəzərdən keçirməyə kömək edir, bütün mövcud baxışların, ideyaların, nəzəriyyələrin legitimliyini, müxtəlif fikirlərə, konsepsiyalara, proqramlara mütləq dözümlə yanaşmağı nəzərdə tutur, intellektual fəaliyyətin və təfəkkürün təbii vəziyyətin normal forması kimi dialoqun zəruriliyini tələb edir, mənafelərin qarşılıqlı başa düşülməsini, onların razılaşdırılmasına doğru inkişafına və bu müxtəlifliyi ümumbəşəri invariant əsasına tabe olmasına səy göstərir.

Yazar-publisist Hafiz Mirzənin fikrincə, hüquqi dövlət quruculuğunda əsas cəhət kimi plüralizm anlayışının önə verilməsi düzgün deyil: "Önə qanunların aliliyi, hamının qanun qarşısında bərabərliyi və cəmiyyətdə sağlam rəqabətin formalaşdırılması amili çıxarılmalıdır. Cəmiyyət formalaşdıqdan sonra plüralizm fayda verə bilər. Amma bütün bunlar olmadan birbaşa plüralizmin hakim mövqeyə qaldırılması cəhdləri əslində milli-mənəvi dəyərlərə qarşı basqı niyyətinə və milləti sıradan çıxartmaq istəklərinə xidmət edəcək. Necə ki, müstəqilliyimizin ilk illərində bu hal özünün fəsadlarını göstərdi. Hər kəs ağzına gələni yazarsa, danışarsa, hələ formalaşmamış cəmiyyət bundan sarsıla bilər”.

Filologiya üzrə fəlsəfə doktoru Tofiq Yusifov bildirib ki, Azərbaycanda plüralizm, sözün azad ifadə edilməsi, şəffaflıq sahəsində vəziyyəti ümumilikdə normal qiymətləndirmək olar: "Mənim fikrimə etiraz edənlər ola bilər və bu təbiidir. İstənilən şəxsi, strukturu, hətta hakimiyyəti də tənqid eləmək olar, amma proses əsaslandırmalarla, faktlarla müşayiət olunmalıdır. Həm də səndən faktın haradan əldə olunduğunu soruşanda mənbəni təqdim etməyi bacarmalısan. Bizim mətbuatımızda çox qıcıqlandırıcı, mücərrəd, basmaqəlib, çox vaxt məsuliyyətsiz işlədilən bir ifadə var: mötəbər mənbənin verdiyi məlumata görə. Kimdir bu "mötəbər mənbə?” Səmimi  deyirəm, bunların "mötəbər mənbələrinin” 70 faizi ya özlərinin heç də intellektlə öyünə bilməyəcək beyinlərinin, ya da avtobusda kimdənsə eşitdiklərinin məhsuludur. Mövcud qanunvericiliyə görə, haqqında söhbət gedən şəxsin ixtiyarı var ki, məhkəməyə müraciət edərək həmin mötəbər mənbənin açılmasını tələb etsin. Məlumat hər hansı insanın həyatı üçün, yaxud ictimai-siyasi cəhətdən təhlükəlidirsə, dövlətin təhlükəsizliyinə xələl gələrsə, jurnalist mənbəni məhkəmədə deməyə borcludur. Demokratiyanın birinci göstəricisi azad mətbuatdır. İndiyə qədər ABŞ-ın konstitusiyasına təxminən 28 əlavə edilib. Onun birincisi mətbuat və söz azadlığı haqqındadır. Yəni ölkədə heç kəs insanların mətbuat və söz azadlığı haqqını məhdudlaşdıra bilməz. Azərbaycanda isə plüralizmdən bəzən həddən artıq sui-istifadə xaos yaradır. Çünki bəziləri plüralizmi ağzına gələni danışmaq və məsuliyyətsiz bəyanatlar vermək kimi anlayır. Amma danışılanların, yazılanların arxasında məntiq, qərəzsizlik, vicdanlılıq dayanmalıdır. Plüralizm ölkənin, cəmiyyətin, xalqın inkişafı, tərəqqisi naminə olarsa əladır, amma plüralizm populizmə, münasibətlərin gərginləşməsinə, qarşıdurmaya xidmət edəcəksə, bu fitnəkarlıqdır”.

Onun sözlərinə görə, Azərbaycanda mətbuatın inkişafının, o cümlədən, söz azadlığı və plüralizmin yüksək səviyyədə olmasının arxasında illərlə gəlinən yol, formalaşan ənənə dayanır. Bu yolda qarşıya çıxan problemlər isə cəmiyyət-dövlət tandeminin birgə səyi nəticəsində aradan qaldırılır. Bu birgə fəaliyyət nəticə etibarı ilə dövlətin inkişafına, ölkəmizdə söz azadlığının daha da möhkəmlənməsinə xidmət göstərir. Heç şübhəsiz, Azərbaycan mətbuatının inkişaf tarixində açılan bu yeni mərhələ birmənalı olaraq Prezident İlham Əliyevin mediaya, söz azadlığına qayğısını, diqqətini özündə təcəssüm etdirir.

Plüralizmin inkişafına dövlət dəstəyinin izləri

"Azadinform”un baş redaktoru Niyaz Niftiyevin sözlərinə görə, Azərbaycanda 1993-cü ildən sonra bu sahədə də mövcud olan problemlər tədricən və planlı şəkildə aradan qalxmağa başlayıb. Azad sözün, mətbuat azadlığının, plüralizmin inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə - bütün bunlar Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ölkəmizdə söz və məlumat azadlığının, plüralizmin inkişafının təmin olunması istiqamətində yürüdülən siyasət indi də ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Onun fikrincə, bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb. Dövlət tərəfindən uğurla davam etdirilən konseptual inkişaf strategiyası ölkəmizdə insan hüquq və azadlıqlarının daha da möhkəmlənməsini və Azərbaycan xalqının iradəsinə əsaslanan demokratik, suveren müstəqil dövlət quruculuğu prosesinin yüksək nəticələrlə gələcəkdə də davam etdirilməsini şərtləndirir. Bu, dövlət tərəfindən verilən dəstəkdir.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb