“Son məhsulun kəmiyyət və keyfiyyətinə görə stimullaşdırma proqramları və mexanizmləri daha effektiv olardı”
“Yəni sizin arı pətəyinizin sayı çox, amma məhsuldarlığı az ola bilər. Bu da ciddi effekt verməyə bilər”
Hələ qədimdən bütün xəstəliklərin ən yaxşı çarəsi kimi bal göstərilirdi. O zamanlar nə cibləri soyan "firma dərmanları”, nə də naşı həkimlərin yazdıqları uzun reseptlər vardı. Təbii bal saç ucundan tutmuş ayaq barmaqlarınadək xeyri olan bir nemət hesab olunur. Üzdəki sızanaqlar və müxtəlif yaralar, soyuqdəymə, öskürək, boğaz ağrıları, mədə xəstəlikləri bir sözlə min bir dərdin dərmanıdır bal.
Bu yaxınlarda ölkə başçısı İlham Əliyev arıçılığın inkişafının stimullaşdırılması haqqında sərəncam imzalayıb. Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilib.
Nazirlər Kabinetinə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydasını, Azərbaycan prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək, Kənd Təsərrüfatı Nazirliyinə isə Dövlət Statistika Komitəsi ilə birlikdə arı ailələrinin ilin əvvəlinə və sonuna sayı, verilmiş subsidiyanın məbləği, habelə bal istehsalı həcminin dinamikası barədə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan müddətdə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat təqdim etmək, yüksək məhsuldar bal arılarının yetişdirilməsi və arıçılıq məhsullarının istehsalının artırılması üçün arıçılıqda seleksiya-damazlıq işinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görmək tapşırılıb.
Arıçılıq təsərrüfatı ilə məşğul olan qədim ölkələrdən biri kimi Azərbaycanın bu sahəni daha da inkişaf etdirməsi vacibdir. Xüsusilə ölkə başçısının arıçılığa olan diqqəti təsərrüfatın daha da inkişafına təkan verir.
Prezident tərəfindən kənd təsərrüfatında stimullaşdırıcı addımlar atılmasının təqdirəlayiq olduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə bildirib ki, ölkəmizdə arıçılığın daha da inkişaf etdirilməsi mümkündür. İqtisadçının sözlərinə görə, arıçılıq təsərrüfatının inkişafı eyni zamanda ölkəmiz üçün iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir:
"Kənd təsərrüfatının inkişafı ilə bağlı qərarlar olub. Sadəcə bu qərarların yerinə yetirilməsi, alt səviyyədə olan məmurlar və icra nümayəndələri tərəfindən düzgün iş qrafikinin olmaması effektivliyi aşağı salır. Beləliklə, verilən qərarlardan sonra hər hansı bir sahədə ciddi uğurların tez bir zamanda olması əngəllənir. Prezidentin indiki sərəncamı da arıçılığın stimullaşdırılması üçün mühüm addımdır və yaxın 5 il ərzində kifayət qədər böyük məbləğ ayrılacaq. Məncə, son məhsulun kəmiyyət və keyfiyyətinə görə stimullaşdırma proqramları və mexanizmləri daha effektiv olardı. Çünki təkcə arı pətəyinin sayına görə subsidiyaların verilməsi nəticə etibarı ilə son məhsulun kəmiyyət və keyfiyyətinə təsir göstərəcək amil deyil. Arıçılıq sahəsinin Azərbaycanda ciddi potensialı var. Dünyada təqribən illik 2 milyon ton bal bazarı var. Ölkəmizin də bu bazarda az da olsa yer tutmaq imkanı var. Azərbaycanda kifayət qədər keyfiyyətli məhsul istehsal etmək olar.
Çox yaxşı olardı ki, ayrılan vəsaitin daha effektiv xərclənməsi üçün bu sahədə stimullaşdırma proqramları son məhsulun həcminə və keyfiyyət göstəricilərinə görə verilsin. Bu da fermerlərdə daha çox və keyfiyyətli məhsul istehsaletmə stimulu yarada bilərdi. Yəni sizin arı pətəyinizin sayı çox, amma məhsuldarlığı az ola bilər. Bu da ciddi effekt verməyə bilər. Yəni, arı pətəyinin sayının çox olması o demək deyil ki, məhsul da çox alınacaq. Keyfiyyət, həcm göstəriciləri olmalıdır. Ona görə düşünürəm ki, arıçılıqla bağlı verilən qərarlar doğrudur, amma mexanizmlərin yenidən işlənməsində fayda var. Son məhsulun kəmiyyət və keyfiyyətinə görə stimullaşdırma proqramının qəbul olunması, mexanizmlərin yaradılması bu sahənin inkişafına ciddi töhfə verə bilər”.
Yeganə Bayramova