“...Azərbaycan bölgədə ən böyük transmilli layihələrə ev sahibliyi edib”




"Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi uğurlu daxili və xarici siyasət strategiyası reallaşdırıldıqca Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanmaqla yanaşı dünyanın siyasi müstəvisində söz sahibinə çevrilir".

Bunu "Sherg.az”a iqtisadçı-ekspert, professor Fikrət Yusifov Bakıda "Cənub Qaz Dəhlizi” Məşrəvərt Şurası çərçivəsində nazirlərin beçinci toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan neft ehtiyatlarının nəqli baxımından tranzit ölkədir" fikrinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Azərbaycanın siyasi uğurlarının kökündə iqtisadi uğurlar dayanır:

"Bu birmənalı şəkildə belədir. Prezident İlham Əliyev də vurğuladığı kimi Azərbaycan artıq Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Çünki məhz ölkəmizin dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisə idi. Bu layihələrin icra edilməsi bizə milyardlarla dollar neft-qaz pullarının əldə olunmasına imkan verdi. 

Maliyyə imkanlarımızın böyüklüyü isə, öz növbəsində, bizə regional layihələri reallaşdırmaq sahəsində böyük imkanlar yaratdı. Yola saldığımız ötən illər ərzində Azərbaycan bölgədə ən böyük transmilli layihələrə ev sahibliyi etdi. 

Bunlardan ən nəhəngi 4 seqmenti olan "Cənub Qaz Dəhlizi” layihəsidir. Bu layihənin 3 hissəsi artıq istifadəyə verilib. Onun son hissəsi olan TAP xəttinin inşası işləri isə qrafikə uyğun bir şəkildə uğurla davam edir. 2020-ci ildə bu layihə tam istifadəyə veriləcək. Yəni, Azərbaycan neft və qaz satışından əldə etdiyi milyardlarla dollar vəsaitləri iri nəqliyyat layihələrinə yatırmaqla bu gün tək yerləşdiyi bölgədə deyil, Avrasiya məkanında ən aparıcı tranzit yükdaşımalar zonasına çevrilə bildi. Bu sırada Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. 

Bu layihə bizə imkan verir ki, Azərbaycan ərazisindən böyük həcmdə yüklər Şərqdən-Qərbə, Qərbdən-Şərqə daşınsın. "Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması da Azərbaycan üzərindən yüklərin bu istiqamətdə daşınmasında böyük rol oynayacaq. Azərbaycan hökuməti hazırda bu istiqamətdə dəmir yolu ilə daşımaların sürətini artırmaq məqsədilə Bakı-Astara dəmir yolunun yenidən qurulması layihəsini reallaşdırır. Bu gün "Şərq-Qərb” və "Şimal-Cənub” nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və yaxın gələcəkdə onların sayı daha da çoxalaq”.

Ayyət Əhməd