“Bundan istifadə edərək qısa müddətdə böyük azad iqtisadi zona yarada bilərik. Bunun faydalarını isə saymaqla bitməz”
Bu il Azərbaycanda Acman Azad İqtisadi Zonasının (AİZ) nümayəndəliyi açılacaq. Azərbaycanla yanaşı, belə bir nümayəndəlik Çin, İsveçrə, Kanada və Honkonqda da açılacaq. Acman AİZ-in nümayəndəliyinin açılmasının xarici investorlarla əlaqələrin möhkəmləndirilməsinə və yeni investisiyaların cəlb edilməsinin artırılmasına yardım edəcəyi gözlənilir.
Qeyd edək ki, Acman AİZ 1988-ci ildə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaradılıb. Hazırda zonada 22 min şirkət fəaliyyət göstərir.
Bu cür iqtisadi zonaların dünyada çox olduğunu və yüksək iqtisadi inkişaf təmin etdiyini vurğulayan iqtisadçı-ekspert Elçin Bayramlı ərəb coğrafiyasında da belə zonaların olduğunu deyib:
"Onlardan ən böyüyü Dubaydır. Azərbaycanda AİZ-lərin nümayəndəliyinin açılması bizə bu sahədə həm müsbət təcrübəni öyrənməyə imkan verəcək, həm də ticarət əlaqələrini genişləndirəcək. Bizdə belə zonaların yaradılması haqda 15 ildən çoxdur müzakirələr gedir, lakin bizim hazırkı şərtlər bunun üçün bəzi çətinliklər yaradır. Müharibə vəziyyətində vəhşi bir düşmənlə yaşayırıq.
Azərbaycanda XİZ-lərin (Xüsusi İqtisadi Zona) yaranmasından başlamaq effektli olacaq. Bu istiqamətdə müəyyən addımlar atılır. Azərbaycan dünyadakı AİZ və XİZ- lərin çoxundan daha əlverişli coğrafi mövqeyə və digər şərtlərə malikdir. Bundan istifadə edərək qısa müddətdə böyük azad iqtisadi zona yarada bilərik. Bunun faydalarını isə saymaqla bitməz”.
Körfəz ölkələrindən investisiyaların cəlb edilməsinin Azərbaycan üçün prioritet məsələ olduğunu vurğulayan iqtisadçı-alim Vüqar Bayramov son illər ərəblərlə birlikdə iqtisadi zonaların yaradılması prosesinin sürətləndiyini deyib:
"Bununla bağlı ölkə başçısının sərəncamı da var. Azad iqtisadi zonalar fonunda ərəblərin iqtisadi əlaqələrin gücləndirilməsi Azərbaycan iqtisadiyyatı üçün əlverişlidir. Körvəz ölkələrindən sərmayə cəlb edilməsi baxımından da Azərbaycanda Acman Azad İqtisadi Zonasının (AİZ) nümayəndəliyinin açılması əhəmiyyətlidir. Çünki Azərbaycana daha çox investisiyaların cəlb edilməsi qeyri- neft sektorunun inkişafına da şərait yarada bilər”.
Şəymən