Azərbaycan ərazilərini işğaldan azad etmək istəsə, nələr baş verər ?- Aktual şərh

Azər Rəşidoğlu:"Rusiya buna qarşı çıxacaq və öz for-postuna kömək edəcək. ABŞ və Avropa, İran Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağıracaq"




"İmkan olsaydı, Azərbaycan öz konstitusion hüquqlarını işğalda olan torpaqlarımızda tətbiq edərdi”.

Bunu "Sherg.az”a siyasi şərhçi, "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu deyib. 

O vurğulayıb ki, hələlik erməni terrorçularını işğal altındakı torpaqlarından təmizləmək Bakının istəyindən asılı deyil:

"Türkiyənin Afrin əməliyyatı Rusiya və ABŞ arasındakı qarşıdurmanın təzahürləri idi. Həmin bölgədə ABŞ-ın silahlandırdığı PYD-nin durmasına baxmayaraq, rus hərbi birləşmələri də var idi. Türkiyə ABŞ və Rusiya qoşunları arasındakı ziddiyyətlərdən istifadə edərək, sərhədlərinə yönələn təxribatları kənarlaşdıra bildi. Azərbaycan əməliyyatlara başlayarsa, tərəflərə qarşı "sülhə vadar etmə” addımı işə düşəcəkdir.

Ermənistana belə bəhanə lazımdır ki, Azərbaycanın öz vətəndaşları olan erməni əhalisinə qarşı divan tutduğunu bəyan etsinlər. Ona görə, savaşa başlamaq həmişə mümkündür, amma beynəlxalq səviyyədə necə qəbul olunacağı da önəmlidir. Rusiya buna qarşı çıxacaq və öz for-postuna kömək edəcək. 

ABŞ və Avropa, İran Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağıracaq. Bu məsələdə yeganə strateji müttəfiqimiz olan Türkiyənin isə dəstəyi bəyanat verməkdən uzağa getməz. Dünyanın mövqeyi Azərbaycanın yanında olmadığına görə, rəsmi Bakı bunu nəzərdən keçirmir”.

Aysel Aslan