"2016-2017-ci tədris ilindən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul başlayacaq”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, qəbul 5 ixtisas üzrə planlaşdırılır: " Azərbaycan – Fransız ( UFAZ) universiteti prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Azərbaycan prezident İlham Əliyevlə Fransa prezidenti Fransua Ollandın göstərişi ilə belə bir ali təhsil müəssisəsinin Azərbaycanda yaradılması qərara alınıb. Onu da xatırladım ki, Bakıda Fransız liseyi də fəaliyyət göstərir. Liseyin də açılışı Fransa prezidentinin Azərbaycanda səfəri zamanı baş tutmuşdu".
Nazir qeyd edib ki, Fransa və Azərbaycan arasında təhsil sahəsində əlaqələr möhkəmdir və getdikcə inkişaf edir. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xüsusi dəstəyi var.
Universitetin fəaliyyətinə toxunan nazir Mikayıl Cabbarov bildirib ki, Azərbaycan və Fransa tərəfindən həmkar universitetlər də artıq müəyyən edilib: " Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransa tərəfindən isə məşhur Strasburq universiteti seçilib. Təbii ki, zamanla hər iki ölkənin digər ali təhsil müəssisələrinin də layihəyə qoşulmaq imkanı var, ancaq müqavilə mütləqdir. Bu il artıq universitetə 5 ixtisas üzrə qəbul planlaşdırılır. Yeni tədris ilinin başlamasına bir neçə ay qalmış bütün təşkilati və digər məsələlərin həlli nəzərdə tutulur. Hazırda binanın təmir işi həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən tədris proqramlarının dəqiqləşdirilməsi, tədris aparan xarici və yerli müəllimlərin seçimi istiqamətində işlər aparılır”.
"Bildirim ki, universitetdə ilk illərdə tədris ingilis dilində həyata keçiriləcək. Bu da öz növbəsində həm tədris alacaq tələbələrin, həm də müəllimlərin qısa zamanda ən müasir bilgilərlə yiyələnməsinə şərait yarada bilər” – deyə, nazir əlavə edib.
Bundan əvvəl Moskva Dövlət Universitetinin Azərbaycanda filialının yaradılmasını xatırladan M.Cabbarov deyib ki, Azərbaycan – Fransız ( UFAZ) universiteti son 2 il ərzində təhsil sahəsində ikinci böyük layihə sayılır və bu işləri görməkdə məqsəd Azərbaycan vətəndaşları yüksək keyfiyyətli ali təhsili öz ölkələrində, yaxınlarından ayrılmadan əldə edə bilməsidir.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 9-da "Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə sərəncam imzalayıb.