"Azərbaycan futbolu rüşvətə bulaşmış ölkə kimi tanınacaq" - Barışmaq çətindir






"AFFA İntizam Komitəsinin üzvlərinin əlində ciddi fakt, dəlil olmadan belə sərt qərar verə biləcəyinə inanmıram”.

Bunu "Sherg.az”a "Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyətin ömürlük qadağan edilməsinə münasibət bildirərkən AFFA yanında Media Komitəsinin sədri, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli deyib. 

O vurğulayıb ki, mediada bu iki futbolçunun təxminən 400 min dolların güdazına getdiyinə dair xəbərlərin dolaşması təsadüfi deyil:

"Bütün hallarda ölkənin aparıcı futbolçularından ikisinin məhz bu yola əl atması acı təəssüf doğurur. Şəxsi planda, əlbəttə, bu, Mirhüseyn Seyidovla Nizami Hacıyevin faciəsidir. Onlar ömür boyunca bu ləkənin ağır yükü altında əziləcəklər. Amma məsələyə qlobal yanaşsaq, söhbət həm də Azərbaycan futbolunun nüfuzuna çox ciddi zərbə vurulmasından gedir. Xüsusən də "Qarabağ"ın son uğurları sayəsində qitə futbol ailəsində tanınmağa başlamışdıq. Amma indi Azərbaycan qitədə futbolu rüşvətə, alverə bulaşmış ölkə kimi tanınacaq. Bax, bu məqamla barışmaq çətindir.

Qeyd edək ki, futbolçular barəsində qərar Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə verilib. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdiriləcək.

Aysel Aslan