Azərbaycan gerçəkləri dünyaya davamlı çatdırılmalıdır

Abdulhamit Avşar: Azərbaycanın haqq səsi hər yerdə eşidilməlidir





 Vaxtilə TRT-nin Azərbaycan nümayəndəliyinə rəhbərlik etmiş Abdulhamit Avşar qardaş ölkənin aparıcı televiziyasında mühüm vəzifəyə təyin edilib. Artıq bir neçə gündür ki, o, Türkiyə teleradio şirkətinin ən böyük qurumlarından olan İstanbul bürosuna rəhərlik edir. Bu barədə "Olaylar”a professor Qulu Məhərrəmli məlumat verib. İstanbulda Türkiyə Dil Qurumunun toplantısında iştirak edən professor Qulu Məhərrəmli TRT-nin yerli bürosuna baş çəkərək A.Avşarla görüşüb. Tanınmış jurnalistlərin görüşündə müasir Azərbaycanın dünya mediasında, xüsusən də telekanallarda daha intensiv tanıdılması zərurəti barədə fikir mübadiləsi olub. "Mən Azərbaycandakı işimdən ayrılsam da, qardaş ölkənin problemlərini unutmamışam. Bu illər ərzində Azərbaycanın istiqlal tarixi, müstəqillik dövründə üzləşdiyi çətinliklər, erməni işğalı nəticəsində yaranmış hərbi siyasi problemlər barədə bir neçə sənədli film hazırlayıb efirə vermişəm. Amma bunlarla kifayətlənmək olmaz. Bir neçə aydan sonra Bakıda keçiriləcək Birinci Avropa Olimpiya oyunlarından istifadə edərək, yeni təbliğat dalğası yaratmaq gərəkdir, çünki, indi dünyanın diqqəti Bakıya yönəlib. Bu işdə biz TRT olaraq azərbaycanlı həmkarlarımıza hər cür dəstək verməyə hazırıq, Azərbaycanın haqq səsi hər yerdə eşidilməlidir”. Görüş zamanı hər iki televiziyaçı Azərbaycanı dünya ekranlarında, o cümlədən Türkiə efir məkanında daha parlaq şəkildə tanıdacaq konkret veriliş formatlarını müzakirə ediblər. Bununla bağlı müzakirələrin davam etdirilməsi və konkret mövzular üzrə sənədli film layihələrinin hazırlanması və maliyyə mənbələrinin axtarılması qərara alınıb.