“Azərbaycan-Gürcüstan münasibətləri bərabərhüquqludur və qarşılıqlı etimada söykənir”- Deputat





"Azərbaycan xarici siyasətinin əsas prioriteti kimi ikitərəfli münasibətlər, qonşularla strateji əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir”.

Bunu "Sherg.az”a inkişaf etməkdə olan Azərbaycan-Gürcüstan münasibətlərinin əhəmiyyətini şərh edərkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov söyləyib. 

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan fundamental məsələlərdə eyni mövqedən çıxış edirlər, beynəlxalq hüquq siyasətinə sadiqdirlər:

"Azərbaycan Gürcüstanın enerji məsələlərinin həlində müstəsna rola malikdir. Ölkəmizin təşəbbüskar olduğu layihələrin hər birində Gürcüstana yer ayrılıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və son olaraq, "Cənub Qaz Dəhlizi” layihələrində təmsil olunan dövlətlər sırasında Gürcüstanın adı dəyişməzdir. Bu nöqteyi-nəzərdən Azərbaycan-Gürcüstan münasibətləri inkişaf etməkdədir.

Qeyd etməliyik ki, Gürcüstanda 500 minə qədər soydaşımız yaşayır. Bu da mühüm amil kimi diqqət mərkəzindədir. Əməkdaşlığın humanitar sahədə davam etdirilməsi, bu ölkədə yaşayan soydaşlarımızın işlə təminatı və s. əhəmiyyət kəsb edən məsələlərdir. Hesab edirəm ki, Azərbaycan-Gürcüstan münasibətləri "Dövlətlərarası əlaqələr necə olmalıdır ?” sualına ən yaxşı nümunələrdən biridir. Dünyada bir çox dövlətlər arasında bir növ etimadsızlıq problemi gündəmə gətirilir. Halbuki Azərbaycan və Gürcüstan münasibətləri bərabərhüquqludur, qarşılıqlı etimada əsaslanır, bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə söykənir”.

Gürcüstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində mövqeyinə gəlincə, deputat rəsmi Tbilisinin Azərbaycanın haqlı mövqeyini hər zaman müdafiə etdiyini diqqətə çatdırıb:

"Gürcüstan münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Qonşu dövlətin ərazisində ermənilərin də kompakt halda yaşadığı bölgə var. Həmin hissədə məskunlaşan ermənilərin istənilən vaxt Dağlıq Qarabağ ssenarisini işə salmaq ehtimalı mümkündür. Ona görə, gürcü dövlət xadimləri, rəhbərlər bu ehtimalı heç zaman yaddan çıxarmırlar. Çünki ermənilərin istənilən separatçı addımları Gürcüstanın ərazi bütövlüyünə təhdiddir.

Gürcüstan hökuməti bir müddət əvvəl Rusiyadan Ermənistana göndərilən, Gürcüstan ərazisindən keçən taxıl məhsullarının daşınması məsələsində öz mövqeyini ortaya qoydu və daşınmanın yalnız gəmi vasitəsilə həyata keçirilməsinin mümkün olduğunu vurğuladı. Bu qətiyyətli mövqe onsuz da səfalət içərisində boğulan Ermənistan üçün ciddi problemlərin yaranmasına gətirib çıxaracaq. Artıq düşmən ölkədə ağır çöküş baş verəcəyi proqnozlaşdırılır.

Bütün sadalanan faktorları nəzərə alaraq, qeyd edə bilərik ki, Azərbaycan və Gürcüstan münasibətlərinin inkişaf etdirilməsi əhəmiyyətli məsələ olaraq qalır”.

Aysel Aslan