Vaqif Qarayev: “Düzgün istifadə olunduğu təqdirdə qulaq çöpü nə böyüklər, nə də uşaqlar üçün təhlükəli deyil”
İlqar Əzimov: “Qulaqdakı kirləri çöplə çıxartmaq doğru deyil, həkimə getmək lazımdır”
Bir çox həkimlər körpələrin qulağını qulaq çöpü ilə təmizləməyi məsləhət görmür. LOR həkimləri bu çöpləri ən ziyanlı və təhlükəli əşya hesab edir.
Yalnız ABŞ-da hər gün xəstəxanalara qulaq çöplərindən istifadəyə görə ciddi qulaq travmaları alan 34 uşaq daxil olur. İl ərzində bu, 125 000 uşaq təşkil edir. Bu məlumatı Ohayo Kliniki xəstəxanasının mütəxəssisləri yayıblar.
Travmaların səbəbi qulaqların təmizlənməsi (73 faiz hallarda), qulaq çöplərindən oyuncaq kimi istifadə etmək (10 faiz hallarda), qulaqda qulaq çöpü ola-ola yıxılma (9 faiz hallarda). Pasiyentlərin yarısı 3 yaşına çatmamış uşaqlardır.
Ən yayılmış travmalar - təbil pərdəsinin və yumşaq toxumların zədələnməsidir. 99 faiz hallarda travmalar yüngül olsa da, bəzən qulaq çöpündən istifadə çox ciddi fəsadlara, hətta karlığa səbəb olur.
Qulağın özü-özünü təmizləyən orqan olduğunu vurğulayan lor həkimləri qeyd edir ki, qulaqda yığılan "çirk” əslində qulağı mikroblar, toz və s.-dən qoruyan çox vacib maddədir. Bu maddə qulaqda daim əmələ gəlir və heç bir müdaxilə olmadan özü-özündən qulaqdan çıxır. Qulaq çöpləri isə qulaq çirkini qulağın dərinliyinə itələyərək təbil pərdəsinin travmalarının riskini artırır.
Ekspertlər qulaq kirinin qulaq üçün olduqca faydalı bir sekresiya olduğunu və qulaq çöpləri ilə qətiliklə təmizlənməməsi lazım olduğunu söyləyir. Əks halda qulaq mexanizmi pozulur və tamamilə eşitməni itirmə təhlükəsi yaranır.
Qulaq çöpləri niyə təhlükəlidir?
Pediatr Vaqif Qarayev isə hesab edir ki, düzgün istifadə olunduğu təqdirdə qulaq çöpü nə böyüklər, nə də uşaqlar üçün təhlükəli deyil. Sadəcə olaraq əl vərdişi olmalıdır ki, kiri təmizləyən zaman qulaq pərdəsi zədələnməsin: "Qulaq mütəmadi olaraq təmizlənməlidir. Bunun üçün də qulaq çöpündən başqa bir vəsait yoxdur axı? Qulaqları ucu pambıqlı çöplə təmizləməkdə bir təhlükə görmürəm, bir şərtlə ki, ehtiyatlı olsunlar. Qulaqları dərindən təmizləməyə ehtiyac yoxdur.
Düzdür, həmin çöplə səliqəsiz davranıb uşaqların qulaq pərdəsini zədələyən valideynlər var. Bu isə qəbulolunmaz bir haldır”.
Qulaq kirinin qulağı müdafiə funksiyası daşıması fikri ilə razılaşan V.Qarayevə görə, təmizlənmədiyi təqdirdə qulaqda tıxac yaranır: "Qulaq kirinin antibakterial, göbələyə qarşı müdafiə funksiyası var. Onun təmizlənməsi qulağı müdafiəsiz qoyur. Amma gigiyenik və estetik baxımdan da qulaqların təmizlənməsi daha məqsədəuyğundur. Vaxtaşırı olaraq, qulaq və burun təmizlənməlidir. Bəzi insanlar qulaqlarını hər gün çöplə təmizləyirlər. Qulağın hər gün təmizlənməsi qulaq yolunun zədələnməsinə gətirib çıxara bilər”.
Qulaq-burun-boğaz həkimi İlqar Əzimov isə qeyd edir ki, qulağı çöplə təmizləmək, elmin qəbul etmədiyi bir prosesdir. "Çöpün ucundakı sintetik məhsul qulağın içərisində allergiya, dermatit, qaşıntı yarada bilər. Qulağın içində kir vəziləri var. Vəzilərin funksiyası tükləri yağlamaqdır və normal halda onlar hava ilə qarışıb təmizlənir. Bəzən qulaqda hiper funksiya prosesi baş verir. Bu zaman qulağın içərisində çoxalan kir hava ilə qarışa bilmir və orada çirk əmələ gətirir. Həmin çirki heç bir şeylə çıxartmaq lazım deyil. Əgər çirk çoxdursa, mütləq həkimə getmək lazımdır”.
Əslində, qulaq kirləri hesab etdiyimiz maddələr qulağımız üçün faydalıdır, ancaq qulaq çöplərindən istifadə etməklə özümüzə pislik etmiş oluruq. Bununla yanaşı, kirin yığılıb qalması və eşitmənin itirilməsinə səbəb olur.
Qulaq pərdəsi təxminən 2.5-3 sm içəridə yerləşir. Partlayış, yüksək səslə qışqırma, travma, güclü şillə nəticəsində cırıla bilən qulaq pərdəsi qulaq çöpü ilə də zədələnə bilər.
Şəymən