“Azərbaycan kinosu 120; tarixi, bu günü və gələcək perspektivləri”
Milli kinomuz Azərbaycanı təmsil etmək hüququna sahibdir
Azərbaycan kinosunun bir əsrdən artıq - 120 illik tarixinə nəzər salmaq istəyən Bakı metropoliteninin keçidlərində, bir kərə də tələsmədən (adətən hamımız işə, işdən evə tələsirik axı), aramla, divara vurulmuş foto-stendlərə baxa-baxa addımlasa yetərli olacaq. Son vaxtların ən çox xoşuma gələn, qəlbimi fərəhlədən, uşaqlığımı "geri qaytaran” hadisəsi məhz metronun "Nəriman Nərimanov”, "Gənclik” stansiyalarında milli kino nümunələrimizin əks olunduğu foto-stendlərə tamaşa etməkdir. Bəlkə də saatlarla onların qarşısında dayanaram, baxdıqca baxaram. Amma, evə getmək lazımdı... Metroya düşürəm, yol boyu bu xoş təəssürat məni tərk etmir. Kinomuz da mənimlə gedir. Unudulmayacaq xatirələr, silinməyəcək keçmiş kimi...
"Şərikli çörəy”i "Oskar”a təqdim edərdim...”
Çox sevirəm öz kinomuzu. Azərbaycan filmlərini. Heç bir dünya kinosu incisinə, "Oskar” laureatı filmə dəyişmərəm - "Uşaqlığın son gecəsi”ni, "Uzaq sahillərdə”ni, "Bizim Cəbiş müəllim”i, "Gün keçdi”ni, "Axırıncı aşırım”ı, "Nəsimi”ni, "Yeddi oğul...”u, "Tütək səsi”ni... Sevdiyim, hətta pərəstiş dərəcəsində vurulduğum filmlərimizin adlarını sadalamağa qalxsam, bir qəzet səhifəsi dolar, tutmaz da. Hətta bu məqaləni yazdığım dəqiqələrdə sevdiyim yüzlərlə filmin adını çəkə bilməməyimə hədsiz təəssüflənirəm. Həqiqətən də, misilsiz sərvətdir milli kino nümunələrimiz. Azərbaycan mədəniyyəti və incəsənətinin daim, tarixin bütün dövrlərində yüksəlişdə olduğunu, təkcə milli adət-ənənələri deyil, dövlətçilik ənənələrini də qoruduğuna tutarlı sübutdur. Milli kinomuz Azərbaycanı ən yüksək səviyyədə təmsil etmək hüququna sahibdir.
Xatırlayıram ki, əməkdar incəsənət xadimi, kinoşünas, mərhum Aydın Dadaşovla illər öncə təsadüfən rastlaşmışdıq. Jurnalistlərə xüsusi rəğbəti olduğundan ayaqüstü bizimlə söhbət etdi. Azərbaycan kinosunun güclü potensiala malik olduğunu deyirdi. Bunu da dedi ki, "məndən olsa, "Şərikli çörək” filmini (1969. rejissor Şamil Mahmudbəyov, ssenari Alla Axundova - red.) "Oskar”a təqdim edərəm. Bilirsiz, o film necə böyük ustalıqla çəkilib, təsəvvür edə bilmirsən ki, o illərdə belə film ərsəyə gətiriblər...” Aydın müəllimin o sözünü heç unutmadım. Milli kinomuza niyə bu qədər yüksək dəyər verdiyini zaman keçdikcə daha çox anlayıram. Və düşünürəm ki, "Şərikli çörək” və ya hansısa başqa bir filmin, məsələn, "Xarabalıqdan çıxan milyonçu” filmindən nəyi əskikdir ki?! Sonuncu 8 "Oskar”, 3 "Qızıl qlobus” alıb, nominasiyalar arasında "yüksək dramatizm” də var. "Pəncərə” filmi (1991. rejissorlar Həsən və Ənvər Əbluc, ssenari İsi Məlikzadə) azmı dramatikdir? Ən yüksək kino mükafatlarını haqq edən filmlərimiz çoxdur. Sadəcə, onları zamanında dünya arenasına çıxara bilməmişik. Siyasi quruluşun maneçiliyi də olub, təbii ki. Amma artıq özgürük, müstəqilik. Və müstəqil Azərbaycanın filmləri artıq ən müxtəlif kinofestivallarda nümayiş olunur, mükafatlara təqdim olunur və alır da.
"Çölçü”, "Nabat”, "Nar bağı”...
Kinomuzun tarixi məlumdur. Görkəmli yazıçılar, ssenaristlər zəngin material ortaya qoyub, istedadlı rejissorlarımız, kinonun ərsəyə gəlməsində əvəzsiz xidmətləri olan kino işçiləri və misilsiz obrazlar qalereyası yaradan aktyorlarımız da bu nümunələrin mədəniyyət tariximizdə əbədi qalmasına müəzzəm əmək sərf edib. İndi daha çox kinomuzun bu günü və gələcək perspektivləri barədə danışmalıyıq.
Əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas, Azərbaycan tamaşaçısına əcnəbi filmləri "Retro”dan tanıdan və sevdirən Ayaz Salayev. Kinomuzun bu günü və gələcək perspektivləri barədə niyə Ayaz Salayevlə həmsöhbət olmaq qərarına gəldik, çünki məhz Ayaz Salayev 1995-ci ildə çəkdiyi "Yarasa” filmi ilə müstəqilliyini bərpa etmiş Azərbaycanı Azərbaycan kinosu timsalında beynəlxalq səviyyədə tanıtdı. "Yarasa” ümumdünya kinofestivallarında ilk Qran-Pri qazanmış filmimiz və xarici ölkələrə satılan ilk filmlərdəndir. Və həmçinin, Ayaz Salayev Azərbaycan vətəndaşı adını haqq etməyən Rüstəm İbrahimbəyov kimi ünsürə tutarlı cavab verməsi ilə gündəmdədir.
Bəs, Ayaz Salayev kinomuzun bu günündən razıdırmı və perspektivləri necə görür?
- Son 10 ildə çəkilmiş filmləri analiz etsək, mən "Çölçü”, "Nabat” və "Nar bağı” filmlərini qeyd edərdim. Bu 3 film, bəli, son 10 ildə istehsal olunmuş ən yaxşı filmlərdir. "Nar bağı”nı həmişə tərifləmişəm. Bu film Avrasiya Beynəlxalq Film Festivalında mükafatlara layiq görülüb. Xarici dildə ən yaxşı film nominasiyası üzrə "Oskar”a təqdim olunub. Bilirsiz, hər bir ölkə "Oskar”a film təqdim edə bilər. Təqdim olunanlardan əvvəlcə 20 ən yaxşı film seçilir, sonra bu 20-nin arasından 5 ən yaxşı film seçilir və məhz bu 5 film nominant sayılır. Adını çəkdiyim filmlərin hər 3-ü mükafatlara layiqdir ("Nar bağı” Anton Çexovun "Albalı bağı” pyesinin motivləri əsasında çəkilib. Amma bu filmdə cərəyan edən hadisələr, həm də İsi Məlikzadənin "Dədə palıd” povestini və bu povest əsasında 1984-cü ildə çəkilmiş "Qoca palıdın nağılı” filmini xatırladır - M.R.). Ümumiyyətlə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrü analiz etdikdə, mən kinomuzun inkişafını 3 mərhələyə ayırıram; 1990-cı illər, 2000-ci illər və son 10 il. 1990-cı illərdə kinomuza yeni nəfəs gəldi. Bir çox ekran əsərləri yarandı, o cümlədən Qarabağ müharibəsi haqqında filmlər çəkildi. "Fəryad”, "Ağ atlı oğlan”..., mərhum Rasim Ocaqovun bir neçə ekran işi və s. 2000-ci illərin başlanğıcında da gözəl ekran əsərləri yaranıb. Son 10 ildə isə kinomuzda sanki ikinci nəfəs açılıb. Amma mən daha artığını gözləyirəm. Şəxsi vəsaitlərə çəkilən filmlər də çoxalıb. Yaxşılar da var, pislər də. Bir müddət əvvəl, adını çəkməyəcəyəm, bir filmi izləməyə getmişdim. Dəhşətə gəldim. Təsəvvür edin ki, ekrana baxmaqdansa, tamaşaçı zalına baxmağı üstün tutdum.
Kino işığa xidmət etməlidir, qaranlığa yox
A.Salayev deyir ki, kinomuzun inkişafını istəyiriksə, bu sahəyə dövlət vəsaiti ayrılmalıdır:
- Bəziləri deyir, necə olur, Avropada, Amerikada müstəqil studiyalar, prodakşn şirkətlər filmlər çəkir, biz isə dövlətdən dəstək gözləyirik? Mən belə düşünmürəm. Bizim kinomuz hazırda elə bir səviyyədədir ki, ona dövlət dəstəyi lazımdır. Hazırda Mədəniyyət Nazirliyi kinomuzla bağlı ciddi düşünməyə başlayıb. Milli kinonun inkişaf perspektivləri ilə bağlı plan hazırlanır. Bir neçə filmin adını çəkirəmsə, bu o demək deyil ki, kinomuzun bugünki vəziyyətindən razıyam. Bugünki səviyyə məni qane etmir. Azərbaycan kinosunu milli mədəniyyətimizin göstəricisi kimi görmək istəyiriksə, dövlət dəstəyi mütləqdir.
A.Salayev kinomuzun gələcəyinə böyük ümidləri olduğunu da dedi:
- İncəsənət Akademiyasında dərs deyirəm. Çox istedadlı tələbələr var. Rejissor işi, operatorluq, aktyorluq üzrə təhsil alanlar məndə gələcəyə ümid yaradır. Yeni adlar gəlir kinoya. Bu da məni sevindirir. Hazırda telekanallarda nümayiş olunan seriallarınsa kinomuzun inkişafında heç bir rolunu görmürəm. Bunlar, bilirsiz, rejissorlar, operatorlar, aktyorların işsiz qalmaması üçündür.
Qaldı ki, Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü” filminə, bu barədə məqaləmdə fikrimi bildirmişəm. Qısaca, onu deyə bələrəm ki, bu film son dərəcə çirkin və iyrənc məqsədlər üçün çəkilib. Kino dünyada incəsənətin ən çox sevilən növüdür. Kino işıqdır, ziyadır. İnsanlara bəşəriyyəti sevdirə biləcək vasitədir. Ondan məkrli məqsədlər üçün istifadə olunmamalıdır.
Müasir kinomuzun təmsilçiləri - "Əli və Nino”, "Son iclas”...
Son illərdə çəkilmiş filmlərdən danışanda, təbii ki, "Əli və Nino”, həmçinin bu günlərdə nümayişi baş tutmuş "Son iclas” filmlərini vurğulamalıyıq. Şərqin həzin eşq hekayəsi - Qurban Səidin "Əli və Nino” romanının ekranlaşdırılmasının layihə rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Film Avropa Azərbaycan Cəmiyyətini (TEAS) təşkilatçılığı ilə çəkilib. Filmin süjeti məhz əbədi sevgi nağılı üzərində qurulduğundan tamaşaçı tərəfindən sevilir. Xarici ölkə sənət adamlarının iştirakı - rejissor Asif Kapadia, aktyorlar Adam Bakri, Mariya Valvede, sevimli aktyorumuz Fəxrəddin Manafov, Türkiyənin məşhur aktyoru Halid Ergencin iştirakı filmə həm də beynəlxalq status qazandırır.
"Son iclas” bədii-sənədli filmə isə, bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə istehsalçıların töhfəsidir. Film Heydər Əliyev Fondunun dəstəyi və "bp Azərbaycan” şirkətinin sponsorluğu ilə çəkilib. Filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Filmdə AXC-nin 23 aylıq fəaliyyəti və parlamentin son iclası fonunda Şərqdə ilk demokratik dövlətin süqutu əksini tapıb. Filmin çəkilməsində məqsəd şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini diqqətə çatdırmaqdır. Filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin texniki, eləcə də yaradıcı heyətini yerli mütəxəssislər və peşəkar aktyorlar təşkil edir.
Əsas məqamlardan biri də odur ki, "Son iclas” filmi "CinemaPlus” kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz nümayiş olunub. Bununla da Bakı Media Mərkəzi hər kəsə cümhuriyyətimizin tarixi ilə tanış olmaq, tariximizi öyrənmək və onunla qürur duymaq imkanı yaradıb.
Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsullarının istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətində son illərdə 5 film hazırlanıb. Mərkəzin son işləri sırasında "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, "Əbədi ezamiyyət”, "Multikulturalizm İli”nə həsr olunmuş "Bir günəş altında” filmləri yer alır. Onu da vurğulayaq ki, "Əbədi ezamiyyət” sənədli filmi də Azərbaycan Xalq Cümhuriyyəti tarixinə - 1919-cu il Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin həyatına həsr olunub.
Son illərdə yaranan istər bədii, istərsə də sənədli-bədii filmlər Azərbaycan milli kinosunun əmin əllərdə olduğunu göstərir. Əsas odur ki, kinomuz milli kökləri üzərində dayanır və inkişaf edir.
Məlahət Rzayeva
Yazı Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.