Azərbaycan kütləvi siqaret çəkənlər ölkəsinə çevrilir

Tütün məmulatlarının qiymətini qaldırmaqla bu bəlaya qarşı mübarizə aparmaq olmaz



Səhiyyə Nazirliyi siqaretin qiymətinin artırılmasını təklif edib. Siqaretin zərərlərindən danışan Sağlam həyat tərzi üzrə milli koordinatoru Azad Hacıyev bildirib ki, siqaret çəkilən yerlərin məhdudlaşdırılması, siqaretin qiymətinin bahalaşması, müxtəlif yerlərdə, o cümlədən restoran və kafelərdə siqaret çəkilməsinin qadağan edilməsi tütünçəkmə ilə mübarizədə effektiv olar.

Koordinator deyib ki, uşaqları siqaretdən qorumağın ən əsas yolu onların yanında siqaret çəkməməkdir: "Siqaret tüstüsündə 400-dən çox təhlükəli maddə var. Əgər uşaq siqaret çəkənin yanında olsa, onlar uşağın tənəffüs yollarına daxil ola bilər. Ona görə də ev şəraitində uşaqların yanında siqaret çəkilməsini qadağan etmək lazımdır”.

Siqaretin pərakandə satış qiymətinin bahalaşmasını gənclərin və yeniyetmələrin onlardan istifadəsini məhdudlaşdıra biləcəyini deyən ekspertlər, qiymətlərin daha da artırılmasının tərəfdarıdır. Onlar hesab edir ki, Azərbaycan bazarında məhsulların yarısından çoxu xaricdən idxal edilir. Siqaretin pərakəndə satış qiymətinin bahalaşması gənclərin və yeniyetmələrin onlardan istifadəsini məhdudlaşdırır.

Bir çox ekspertlərdən fərqli olaraq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, siqaretin qiymətini artırmaq onun istifadəsinin qarşısının alınmasına təsir edə bilməz. O qeyd edib ki, siqaretdən istifadənin qarşısını almaq üçün daha güclü təbliğat işləri aparılmalıdır:

"Dünyada bu cür təcrübələr çoxdur. Məlum məsələdir ki, siqaret aludəçilikdən əmələ gəlir. Bu, məişət narkomaniyasıdır. Siqaret çəkməyi narkomaniya ilə müqayisə etmək olar. Narkotikin qiymətinin qalxması onun yox olmasına və azalmasına gətirib çıxarmır. Siqaret əleyhinə kampaniyalarda daha effektli metodlardan istifadə etmək lazımdır”.

E.Hüseynov təəssüf hissi ilə deyib ki, Azərbaycan kütləvi siqaret çəkənlər ölkəsinə çevrilir: "Azərbaycanda siqaret aludəçilərinin sayı kifayət qədərdir, baxmayaraq ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Tütün Əleyhinə Konvensiyasına qoşulub. Bu konvensiyanın bir çox tələbləri var. Misal üçün, siqaret qutularının üzərində "Səhiyyə Nazirliyi xəbərdarlıq edir” yazıları tez-tez dəyişdirilməlidir. Rusiyada xərçəng xəstəliyinə tutulmuş insanların şəkilləri, vaxtaşırı, siqaret qutularının üzərinə vurulur. Bizdə də buna oxşar təcrübələrdən istifadə olunmalıdır. Filmlərdə siqaretin görüntüsü qadağan edilməlidir və s.”.

Bu məsələni dəfələrlə mətbuatda və Milli Məclisin plenar iclaslarında qaldırdığını deyən millət vəkili Musa Quliyev də tütün məmulatlarına qoyulan aksiz vergilərinin artırılmasının və siqaretin satış qiymətinin qaldırılmasının tərəfdarıdır: "Bu zaman həm dövlət büdcəsinə daha çox vəsait daxil olar, həm də insanlar məcbur qalıb siqaretdən daha az istifadə edərlər. Xüsusilə də, gənclər və yeniyetmələrin siqaretdən istifadə imkanları daha da məhdudlaşmış olacaq. Hazırda Azərbaycan siqaretin ən ucuz satıldığı ölkələrdən biridir. Hesab edirəm ki, digər vacib tədbirlərlə birlikdə, siqaretin qiymətini bahalaşdırmaqla da bu pis vərdişin qarşısını almaq olar”.

"Tütün haqqında” qanunun taleyi ilə bağlı danışan millət vəkili bildirib ki, artıq qanun layihəsi yetişib: "Sözügedən qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəsi üçün artıq gecdir. Çünki artıq payız sessiyası yarıya çatıb və gündəmdə olan əsas məsələ büdcənin müzakirəsidir. Dekabrda isə sessiya başa çatacaq. Ümid edirəm ki, yaz sessiyasında bu məsələ mütləq parlamentin gündəliyinə çıxarılacaq. Demək olar ki, "Tütün haqqında” qanun layihəsi artıq yetişib və qəbul olunmalıdır”.

Şəymən