Azərbaycan, Türkiyə, Türkmənistan yeni əməkdaşlığın xəritəsini cızır

“Bu 3 ölkənin Xəzər və Qara dəniz bölgəsində yaxından əməkdaşlıq etməsi bölgə proseslərinin xeyrinə olacaq”




"İlin sonuna qədər Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri - İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Qurbanqulu Berdiməhəmmədovun görüşü gözlənilir”.

Məlumata görə, bu barədə Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu deyib. Səfir qeyd edib ki, görüşdə əsas müzakirə mövzuları energetika sahəsində əməkdaşlıq, həmçinin Türkmənistan qazının sonradan Trans-Anadolu boru kəməri (TAP) vasitəsilə Avropaya nəqli məqsədilə Xəzər dənizindən Azərbaycana boru kəmərinin çəkilməsi məsələsi olacaq.

Görüşü şərh edən politoloq Tofiq Abbasov "Şərq”ə söyləyib ki, bu, yeni bir formatdı. Ekspertin sözlərinə görə, gələcəklə bağlı layihələr baxımından sıxlıq müşahidə olunur: "Bu sıxlıq enerji daşıyıcılarının dünya bazarına çıxarılması, nəqliyyat sektorunun inkişafı və yeni humanitar layihələrin gerçəkləşməsindən ibarətdir. Türk birliyi çərçivəsində olan layihələrdir. Bununla bağlı hər 3 ölkənin özünün baxışları və yanaşmaları mövcuddur. Bu ölkələrin üçünün də böyük potensialı var. Düzdü, Türkmənistan uzun müddət bu proseslərə bir o qədər də dinamik mövqe sərgiləmirdi. Çünki bu ölkənin xüsusi bir neytral statusu var. Amma son zamanlar biz artıq görürük ki, Türkmənistan da dünya proseslərinə açılır. Bəzi məsələlərdə, o cümlədən də enerji layihələrinin gerçəkləşməsində Türkmənistan kifayət qədər fəal mövqe nümayiş etdirir. Eyni zamanda bu ölkələrin ən böyük istehsal qabiliyyəti var. Türkmənistan və Azərbaycanın çox böyük tranzit imkanları var. Əlbəttə, bu ölkələr arasında gələcəklə bağlı məsələlər müəyyən bir nöqtədə kəsişir. Ümidverici və rasional layihələr gerçəkləşdirilə bilər”.

Ekspertin qənaətincə, bu ölkələr arasında qaz kəməri layihəsi də çox aktualdır: "Düzdü, onu xarici ölkələrin bəzi qrupları siyasilşədirirlər. Halbuki bu, özü-özlüyündə iqtisadi bir dirəyə söykənir. Türkmənistan qaz ehtiyatları kifayət qədər böyükdür. Transxəzər qaz kəməri layihə kimi reallaşarsa, onda o üçlük çərçivəsində çox məhsuldar birlik yaradıla bilər. Siyasi cəhətdən Xəzərin status məsələsi reallaşmasa belə, yenə də variantlar var. Hər üç ölkə sıxışdırılmış qazı tankerlər vasitəsilə Azərbaycandan Türkiyəyə, ordan da Avropaya çıxara bilər. Buraya İran da öz coğrafi parametrlərini qata bilər. Müxtəlif variantlar var. Əsas odur ki, hazırda bu 3 ölkə arasında siyasi dialoq çox təminatlı və ümidvericidir. Hesab edirəm ki, bu 3 ölkənin Xəzər və Qara dəniz bölgəsində yaxından əməkdaşlıq etməsi bölgə proseslərinin xeyrinə olacaq”.

Ayyət Əhməd