Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri niyə toplaşır? - Regionda qovğa




"Azərbaycan müdafiə naziri, general -polkovnik Zakir Həsənovun xarici ölkələrə səfərlərinin hər biri məqsədlidir”.

Bunu "Sherg.az”a Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Tbilisi toplantısından danışarkən millət vəkili Elman Məmmədov deyib. 

O bildirib ki, qarşılıqlı əməkdaşlığın genişlənməsi, hərbi sahədə təcrübə mübadiləsi, silah-sursat alışı və satışında razılaşmaların əldə olunması məqsədilə vaxtaşırı işgüzar səfərlər həyata keçirilir:

"Müdafiə nazirləri döyüş təcrübələrinin öyrənilməsi, ordularda olan yeniliklərin tətbiqi üçün bir araya gəlir, fikir mübadiləsi aparırlar. Bütün bunlar vacib mahiyyət daşıyır.

Azərbaycan Gürcüstan və Türkiyə eyni regionda yerləşir. Ona görə, hər iki dövlətlə hərbi sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Burada həm neft-qaz kəmərlərinin, həm dəmir yolu xəttinin, həm də digər əhəmiyyətli layihələrin təhlükəsizliyinin qorunması məqsədilə birgə tədbirlər həyata keçirilir.

Bununla bərabər regionda təhlükəsizliyin təmin olunması, stabilliyin qorunması baxımından hər üç ölkənin əməkdaşlığı əhəmiyyətlidir”.

Müdafiə naziri Zakir Həsənovun bir neçə gün öncə Belarusa səfərini də xatırladan E.Məmmədov bu dövlətlə əlaqələrə də toxunub:

"Belarusla intensiv əlaqələrin mövcud olduğunu nəzərə alsaq, müdafiə nazirinin bu dövlətə səfəri təəccübləndirici deyil. Eyni zamanda, Azərbaycan şimal qonşumuz olan Rusiya ilə də əməkdaşlığı genişləndirir. Bütün səfərlər və əməkdaşlıqlar Azərbaycan Silahlı Qüvvələrinin güclənməsinə xidmət göstərir”.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov artıq Tbilisi şəhərinə yola düşüb. Məlumata görə, nazirin səfərinin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin oktyabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etməkdir.

Aysel Aslan