Şair Ramaldanov: "Azərbaycanın hərbi- texniki təchizatının inkişafında Rusiya silahları çox vacibdir"
Məlumdur ki, Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığın böyük ənənələri var. Azərbaycanın mütəmadi olaraq Rusiyadan silah-sursat alması bunun sübutu sayıla bilər. Ordumuzun texniki-təchizatının möhkəmlənməsində Rusiya istehsalı silahların önəmli yer tutduğunu qeyd etmək lazımdır. Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfəri, Soçi şəhərində Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü zamanı hərbi-texniki əməkdaşlığın bundan sonra davam etdirilməsi müzakirə olundu. Bildirildi ki, silah mübadiləsi baxımından əməkdaşlıq daha da inkişaf etdiriləcək. Ekspertlər qeyd edirlər ki, Rusiya ilə hərbi sahədə əməkdaşlıq Azərbaycan üçün müsbət amildir.
Ehtiyyatda olan polkovnik Şair Ramaldanov da hesab edir ki, biz Rusiya ilə hərbi sahədə əməkdaşlığı inkişaf etdirməliyik.
Polkovnik "Sherg.az"-a açıqlamasında söylədi ki, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır:
"Moskva bizim ərazi bütövlüyümüzü tanıyır. Rusiya dünyanın aparıcı dövləti olmaqla yanaşı ATƏT-in Minsk qrupunun üzvü və üç həmsədr ölkədən biridir. Bütün bunları nəzərə alaraq, Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olması, yaxınlaşma, inkişaf müsbətdir. Nə qədər Rusiya ilə əməkdaşlıq güclü olsa müsbətdir. İlk növbədə hərbi-texniki sahədə əməkdaşlıq çox önəmlidir. Hərbi sənayemizin inkişafında biz Rusiyanın imkanlarından istifadə etməliyik”.
Polkovnik xatırladıb ki, cənab president İlham Əliyevlə Rusiya prezidenti arasında keçirilən sonuncu görüş zamanı hərbi texniki-təchizat məsələləri, Rusiyadan silah alınması da müzakirə edilib:
"Azərbaycana Qarabağ münaqişəsinin həllində hansısa formada "yaşıl işıq” yanacaq"
"Görüşdə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab president İlham Əliyev vurğuladı ki, Azərbaycan Rusiyadan 5 milyarddan artıq məbləğdə silah alıb. Bu çox böyük rəqəmdir, Rusiya üçün etibarlı bazar olduğumuz deməkdir. Həm də Azərbaycan Rusiyadan silah-sursatı kredit yolu ilə deyil, nağd şəkildə alır. Bununla Azərbaycan bədnam qonşumuz Ermənistandan seçilir”.
Ş.Ramaldanov deyib ki, son zamanlar Rusiya-Ermənistan arasındakı gərgin münasibətlər, Ermənistan baş naziri Nikol Paşinyanın atdığı addımlar Kremldə xoş qarşılanmır:
"Belə bir vəziyyətdə Azərbaycan prezidentinin Rusiyaya səfəri, orada verilən bəyanatlar, iki ölkə arasında imzalanan sənədlər, əməkdaşlığın daha da inkişaf etdirilməsi strategiyasının seçilməsi müsbətdir. Düşünürəm ki, iqtisadi, hərbi-sənaye sahəsində razılaşmalarla yanaşı, ölkə başçıları Qarabağ münaqişəsini də müzakirə ediblər. Bu müzakirələrin Qarabağ probleminin həllində müsbət nəticələr verəcəyi gözlənilir. Kremlin Azərbaycana isti münasibəti, dostluq yanaşması bizim üçün önəmlidir. Bu günə kimi istər siyasi olsun, istərsə də digər münasibətlərdə, Azərbaycan Rusiyaya problemlər yaratmayıb. Amma Ermənistanın hazırkı hakimiyyəti Moskvaya problem yaratmaqla məşğuldur. Bunu da Rusiya rəhbərliyi anlayır, görür. Ona görə də, Rusiya Azərbaycana etibarlı tərəfdaş kimi yanaşmaqdadır. Hazırda Cənubi Qafqazda Rusiya, Türkiyə və Azərbaycan əməkdaşlığı var və bu güclənməkdədir. Hesab edirəm ki, Azərbaycana Qarabağ münaqişəsinin həllində hansısa formada "yaşıl işıq” yanacaq. Bu problemlər fonunda hərbi-texniki sahədə Rusiya ilə Azərbaycanın daha sıx münasibətləri təqdirəlaiqdir. Azərbaycanın hərbi- texniki təchizatının inkişafında Rusiya silahları çox vacibdir. Bundan sonra da Rusiya silahlarının alınması istiqamətində əldə olunan razılıq, Qarabağda ola biləcək, gözlənilən hərbi əməliyyatlara öz töhfəsini verəcək. Ermənistan qeyri-konstruktiv mövqe tutmaqla, sülhə gəlmədiyini ortaya qoymaqdadır. Bunun da alternativi müharibə olduğu üçün, bizim hərbi-texniki sahəmiz güclü olmalıdır. Ordumuzun silah təchizatı baxımından Rusiya hərbi sənayesindən yararlanmaq mütləqdir. Ona görə də, hər istiqamətdə olduğu kimi, hərbi-texniki istiqamətdə də Rusiya ilə əməkdaşlıq önəmlidir. Bu Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü daha da artıracaq”.
Anar