"Ötən müddət ərzində Azərbaycan dövləti öz ciddiyətini ortaya qoyub. Qısa müddət ərzində regionda və dünyada hörmət və söz sahibinə çevrilib. Əlindəki məhdud imkanlarla real güc əldə edib”.
Bunu "Sherg.az”a Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan dünənki iclasında səsləndirdiyi "2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib" fikirlərinə münasibət bildirərkən ADA-nın professoru, siyasi elmlər doktoru Elnur Soltan söyləyib.
Ekspert diqqətə çatdırıb ki, hər bir azərbaycanlı dövlətimizin uğurları ilə qürur duyur:
"Cənab Prezident dəfələrlə qeyd edib ki, məqsəd ən mükəmmə uğurlara nail olmaq üçün dayanmadan irəliləməkdir. Keçdiyimiz illər ciddi yatırım, investisiya illəri olub. Siyasətimizə, iqtisadiyyatımıza, Qarabağın azad edilməsinə böyük yatırımlar qoyulub. Təhsil sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb. Ölkə iqtisadiyyatının gələcəkdə tamamilə azad prinsiplər üzərində fəaliyyət göstərməsi üçün işlər görülüb. Çox düzgün istiqamətlərdə yatırımlar qoyulub. Yollar yenidən qurulur, suvarma sistemləri təzələnir, avadanlıqlar yenilənir. Bir neçə ildən sonra SSRİ-dən qalan sistemlər tamamilə sıradan çıxacaq. O zaman addımlarımızın nə qədər doğru olduğu ortaya çıxacaq. Eyni zamanda Azərbaycanda təhsil sisteminin güclü təməlləri atılır. Dövlətçilik institutlaşdırılır, mərkəzləşdirilir. Avropanın tarixinə nəzər salsaq, görərik ki, onlar da tarixlərində mərkəzləşmə sistemini keçiblər”.
Analitik vurğulayıb ki, Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsindən də danışıb:
"Azərbaycan dövləti bütün qərarları və addımları ilə heç kimin təlimatları ilə hərəkət etmədiyini göstərdi. Azərbaycan yaxın və uzaq xarici dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq qurur. Bu münasibətlər böyük əmək və düşüncə hesabına yaradılır və möhkəmləndirir. Yaxın qonşularla normal əməkdaşlığımız var. Türkiyə ilə münasibətlərimiz güclü təməllərə, qardaşlıq əlaqələrinə dayanır. Gürcüstan və Rusiya ilə inkişaf etməkdə olan strateji münasibətlərimiz var. İranla da əlaqələrimiz sağlamdır. Eyni zamanda Avropa ölkələri ilə də normal əməkdaşlığımız mövcuddur. Qərb ölkələri bizim enerji ehtiyatlarımızı olduqca əhəmiyyətli hesab edirlər. Azərbaycan Şimal və Cənub nəqliyyat dəhlizləri vasitəsi ilə uzaq ölkələrə, o cümlədən Çinə çıxış imkanı əldə etdi. Bunlar çox mühüm məsələlərdir”.
E.Soltan bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş barəsində fikirlərini bəyan edib:
"Düşənbə görüşü çox məsələni aydınlaşdırdı. Görüşdə kimin daha çox özünə güvəndiyi, kimdən asılı olub-olmadığı bəlli oldu. Paşinyan hazırda daxili auditoriyaya və Qərb ictimaiyyətinə oynayır. Cənab Prezident İlham Əliyev isə kifayət qədər təcrübəli və beynəlxalq münasibətləri mükəmməl bilən lider olduğu üçün Paşinyanın mövqeyini çox gözəl başa düşür”.
Ayyət,
İsmayıl