Azərbaycançı mücahid...
Aslan bəy Sultanov ömrünü Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə həsr edib
(Əvvəli ötən sayımızda)
Aslan bəy Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı vəzifəsinə təyin olunandan və şöhrəti artandan sonra onun vətən, millət üçün gördüyü işlərə ciddi şəkildə kölgə salmağa, fəaliyyətini ləkələməyə çalışırlar. Aslan bəyin özü heç vaxt fəaliyyətini siyasiləşdirmək, mövqeyindən sui-istifadə eləmək, yaxud vəzifə tutmaq həvəsində olmayıb. Buna görə də "indi Azərbaycana mənim siyasi bacarığım yox, hərbçiliyim lazımdır” deyərək, təyinatdan bir müddət sonra fövqəladə komissar vəzifəsindən imtina edərək doğma qəzasına qayıdıb və Zəngəzur milis idarəsinin rəisi vəzifəsində çalışmağa başlayıb. Buna baxmayaraq, o vaxt Zəngəzur qəzasındakı bütün məsul vəzifələri onun təyin elədiyi adamlar tutduğundan, Aslan bəy yalnız milis rəisi deyil, həm də qəzada real güc sahibi idi. Təbii ki, bu məqam həm yerlərdəki, həm də mərkəzdəki kommunistləri, erməniləri narahat edirdi. Bundan əlavə, məlum olduğu kimi, Kommunist bolşeviklər partiyasının Mərkəzi Komitəsinin qərarı ilə 1920-ci ildə Zəngəzur torpaqları Ermənistana verildi. Təbii ki, Aslan bəy bununla barışmadı və mərkəzə qəti etirazını bildirdi. Bir müddət əvvəl Zəngəzurda daşnakların torpaq arzularını gözlərində qoyduğu, onlara qarşı qəhrəmanlıqla mübarizə apardığı üçün general Nijde Aslan bəyin başına külli miqdarda pul mükafatı təyin etdi. Ancaq daşnak Nijdenin Zəngəzur qartalını aradan götürmək üçün ayırdığı mükafata ehtiyac qalmırdı. Təəssüf ki, mərkəzdə və yerlərdə olan kommunistlərin əməlləri bundan daha effektli təsir edirdi. Məhz onların xain əməlləri sayəsində təkcə Aslan bəyin yox, həm də Azərbaycanın gözəl guşəsi olan Zəngəzurun taleyi müəyyənləşməyə başladı.
Erməninin Nəriman Nərimanovdan tələbi
Həmin dövrdə yerlərdəki kommunistlərdən mərkəzə göndərilən donosların, şikayət məktublarının da ardı-arası kəsilmirdi. Məsələn, Zəngəzur qəzası yerli Kommunist Partiyasının məsul katibi olan Nəzər Heydərovun 1921-ci ildə mərkəzə ünvanladığı məktubunda deyilirdi: "Qəza hakimiyyətinin başında Kommunist Partiyasının üzvü olmayan Sultanovlar dayanırsa, o zaman qəza hakimiyyətinin idarə olunmasında başıpozuqluq və hərc-mərclik yaranır, kommunistləri isə tezliklə ölüm gözləyir...” Dəhşətlisi onda idi ki, bu məsələdə ermənilərlə Azərbaycan kommunistlərinin fikirləri üst-üstə düşürdü. Əgər Azərbaycan kommunistləri əlavə səlahiyyət, karyera üçün ermənilərlə işbirliyinə gedirdilərsə, ermənilər də onlara Zəngəzurda tam möhkəmlənmək üçün böyük maneə olan Aslan bəy xofundan, onun bu torpaq alverinə qarşı etirazından qurtulmaq istəyirdilər. Beləcə, bu şeytan birliyin əməlləri tam sürətlə, özü də planlı şəkildə işə düşürdü. Bunun nə qədər xəyanətkar bir plan olduğunu anlamaq üçün Faiq Abdullayevin "Zəngəzur aslanı” kitabından götürdüyümüz faktlara nəzər salaq. 1921-ci il mart ayında ermənilərin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə və Azərbaycan İnqilab Komitəsinin sədrinə göndərdiyi məktubu olduğu kimi oxuyaq: "Sizdən xahiş edirik ki, təcili olaraq Zəngəzur mahalının Azərbaycan hissəsinin Qubadlı qəzasının aşağıdakı əksinqilabçılar təcili olaraq geri çağırılsın: - Xudabaxış bəy Sultanov, Aslan bəy Sultanov, Behbud bəy Sultanov, İsrafil bəy Sultanov, İsfəndiyar bəy Hocaxanski. İnqilab Komitəsinin aşağıdakı tərkibdə təşkil olunmasını təklif edirik: İnqilab Komitəsinin sədri Nəzər Heydərov, onun yoldaşları Oruc Babayev, katib Canbin Möminov, milis rəisi Əli Şərifov...” Göründüyü kimi ermənilər xahişdən, təklifdən daha çox Azərbaycan kommunistlərinə "əmr” verirlər ki, kimi hansı vəzifədən çıxarmaq, kimləri isə o vəzifələrə qoymaq lazımdır. Arxivdəki bu sənədə Nəriman Nərimanov tərəfindən qoyulan dərkənar isə məyusedicidir. Nərimanov Xalq Daxili İşlər Komissarı Həmid Sultanova göstəriş verir ki, ermənilərin təklifini olduğu kimi icra etsin. Burada bir haşiyə də çıxaq. Ermənilərin Aslan bəy Sultanov başda olmaqla Zəngəzurdakı vətənpərvər insanların vəzifələrindən götürülməsi xahişlərini başa düşmək olar. Bəs ermənilər nəyə görə məhz məktubda adları çəkilənləri bu vəzifələrdə görmək istəyirdilər?
"... Sərrast atıcı və ermənilərin düşmənidir!”
Məsələ onda idi ki, 1920-ci il noyabr ayının 20-də Zəngəzurun Ermənistana birləşdirilməsiylə bağlı çağırılmış qurultaya erməni Armenak Qaragözov rəhbərlik edirdi. Ermənilərin Zəngəzurda hökumət işlərinə gətirmək istədikləri Nəzər Heydərov, Oruc Babayev kimi kommunistlər isə qurultay qəza komitəsinin rəyasət heyətinin üzvləri idilər. Məktubda milis rəisi vəzifəsinə təklif olunan Əli Şərifov isə bir müddət əvvəl hökumətin milyon yarıma qədər pulunu mənimsəmiş, buna görə Xudabaxış Sultanov tərəfindən həbs edilmişdi. Yəni, ermənilər Zəngəzurda o adamları görmək istəyirdilər ki, onlar torpaqların ermənilərə verilməsi işində iştirak etmiş olsunlar. Həmçinin gələcək təcavüzkar planlarında onlara nəinki maneə olmasınlar, əksinə, yardım etsinlər. Beləcə, erməni və Azərbaycan kommunistlərinin niyyətləri baş tutur. Ermənilərin 1921-ci il mart ayının 28-də Nərimanova göndərdiyi ultimativ formalı məktubdakı təkliflər həyata keçirilir. 1921-ci il aprel ayının əvvəllərində eynən ermənilərin təklif etdikləri kimi Aslan bəyin təşkil elədiyi Qəza İnqilab Komitəsi mərkəz tərəfindən buraxılır. Aslan bəy Sultanov tutduğu vəzifədən azad edilir. Xudabaxış bəy isə həbs olunur. Bu işin ikrah doğuran tərəflərindən biri də odur ki, məlum dəyişikliklər barədə Aslan bəy Sultanova heç bir məlumat verilmir. Aslan bəy mərkəzin bu əməllərindən xəbər tutanda isə Azərbaycan İnqilab Komitəsinə ittihamedici məktub göndərərək məsələlərin yenidən araşdırılması üçün komissiya göndərilməsini tələb edir. Bundan sonra Aslan bəyin tələbiylə Mərkəz Qubadlı qəzasına komissiya göndərir və 1921-ci il may ayının 29-da komissiya üzvünün Nəriman Nərimanov və partiyanın Ali İqtisad Şurasının sədri Mirzə Davud Hüseynova ünvanlanan məlumatında qarayaxma kampaniyasının davamı kimi məqamlar olsa da, bəzi həqiqətlər də yer alır. Məsələn, məlumat sahibi bildirir ki, yerli bəylərin Qırmızı Orduyla birləşmələrinin kökündə onların ermənilərə nifrəti dayanır. Həqiqətən, etiraf eləməliyik ki, Aslan bəy Qırmızı Orduyla birgə məhz erməni daşnaklarına qarşı vuruşub. Məlumatın bir yerində isə müəllif xüsusi olaraq yazır: "Qəza Milis İdarəsinin rəisi Aslan bəy Sultanov sərrast atıcı və ermənilərin düşmənidir!”
"Məni Aslan bəy dəfn eləsin...”
Komissiya tərəf nümayiş etdirsə belə, müəyyən işlər görür. Belə ki, Xudabaxış bəyin böhtanla həbs olunması qərarına imza atan kommunistlər ay yarımdan sonra onun azad olunması barədə qərara imza atırlar. Bölgədə narazılıq dalğasının artdığını görən mərkəzi hakimiyyət yeni yaranmış yerli hökumətdə Aslan bəyi Xanlıq qəza komissarı təyin edir. Ancaq Aslan bəy hakimiyyətdən incidiyindən uzunmüddətli məzuniyyətə çıxır. O, bir də işinə 1922-ci ilin oktyabr ayının sonlarında qayıdır. Belə ki, Xanlıqda baş verən qiyamdan sonra Mərkəzi hakimiyyətdən gələn vəzifəli adamlar ondan bu qiyamın yatırılmasını xahiş edirlər. Bəzi mənbələrdə Nəriman Nərimanovun da şəxsən ondan "Azərbaycan parçalanır, bunun qarşısını almaq üçün bütün hərbi gücünüzdən və nüfuzunuzdan istifadə edin” xahişində olduğu yazılır. Bundan sonra Aslan bəy işə qarışır. Qiyamın rəhbəri Qoçu Təhməzə vaxtilə aralarında yaxşı münasibət olduğunu xatırladaraq bildirir ki, Azərbaycanın parçalanmasına yol vermək olmaz. Ancaq qarşı tərəf bu təklifi qəbul etmir və tərəflər arasındakı döyüşdə Aslan bəy Sultanov Qoçu Təhməzi öldürür. Deyirlər, qiyamçı can üstündə olanda ətrafındakılara vəsiyyət eləyir ki, Aslan bəy onun meyitini "gədə-güdənin əlinə verməyib, şəxsən özü dəfn eləsin”. Aslan bəy zəmanənin düşmən saldığı mərd soydaşının bu vəsiyyətinə əməl edir. Kommunistlərin etirazına baxmayaraq, Qoçu Təhməzi şəxsən özü ədəb-ərkanla dəfn elətdirir.
Üsyan bayrağı qalxır - 7 illik mübarizə və son..
Bütün bu xidmətlərindən sonra belə mərkəzi hakimiyyətin və yerli kommunistlərin ona qarşı olan qərəzləri səngimək bilmir. Sonunda Aslan bəy bolşeviklərdən üz çevirir və Qarabağdakı, Zəngəzurdakı ona sadiq bütün hərbi qüvvələrini hərəkətə gətirərək, müqavimət hərəkatına başlayır. Bu mübarizə sərasər 7 il çəkir. 1929-cu ilin yayında evinə gəlib uşaqları ilə görüşən Aslan bəyin gəlişindən xəbər tutan hökumət dəstəsi evi mühasirəyə alaraq onu təslim olmağa çağırır. Rədd cavabından sonra atışma başlayır. Aslan bəy silahlıları evdən uzaqlaşdırmaq üçün atışa-atışa meşəyə tərəf gedir. Ancaq artıq o yaralı idi. Xeyli məsafə qət etdikdən sonra Zəngəzur aslanı Pəyhan adlanan ərazidə vəfat edir. Deyirlər, yerli hökumət onun meyitinə kimsənin yaxınlaşmasına, basdırılmasına belə icazə vermir. Ancaq bütün hədə-qorxulara baxmayaraq, onun cənazəsi Qarağac kəndinə gətirilir, ətraf kəndlərin də camaatının iştirakı ilə dəfn olunur. Ölümündən sonra onun qohum-əqrəbası pərən-pərən salınır, ailəsi isə Nuxanın Daşburun kəndinə sürgün edilir. Buradan onların Qazaxıstana sürgün olunmaları planlanır. Ancaq kiçik bir təsadüf bütün ailəni onları gözləyən məşəqqətlərdən xilas edir. Mircəfər Bağırov Azərbaycan Fövqəladə Komissiyasının sədri işləyən vaxtlarda yolu Nuxaya düşür və burada insanlar qarşısında çıxış edir. Onun rus millətindən olan yaşlı yavəri camaatın arasında gəzəndə Aslan bəyin qardaşı Süleyman bəylə rastlaşır və bu barədə Mircəfər Bağırova məlumat verir. Məsələ bunda idi ki, Aslan bəy Sultanov Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı vəzifəsini daşıyanda Mircəfər Bağırovun da həmin dövrdə onun rəhbərliyi altında işlədiyi arxiv sənədləriylə təsdiq olunur. Onların yaxın tanışlığı isə Aslan bəyin bir dəfə Mircəfər Bağırovu və sonradan ona yavər olacaq həmin rusu quldurların mühasirəsində ikən real ölümdən qurtarması ilə başlayıb. Mircəfər Bağırov sonralar da həmişə Aslan bəyin şəxsiyyətinə böyük hörmət bəslədiyindən, ailəni Qazaxıstana sürgün olunmaqdan xilas edir. O, sonralar da Sultanovlar ailəsinə rəğbətini gizlətmir. Hətta onları repressiyadan qorumaq üçün soyadlarını dəyişmələrini də Mircəfər Bağırov bu ailəyə məsləhət görüb. İndi Sultanovlar ulu babaları Kərbəlayi Hüseyn bəyin atası Abdulla bəyin adıyla "Abdullayev” soyadını daşıyır. 70 illik Sovet Hakimiyyəti dövründə Aslan bəy Sultanovun nəsli Azərbaycana neçə-neçə ziyalı, dövlət adamı verdi. Bu böyük nəslin nümayəndələri indi də dövlətin, dövlətçiliyin yanında olaraq müstəqil Azərbaycanın möhkəmlənməsi üçün çalışırlar. Ancaq onların hər biri üçün ən böyük qələbə babalarının uğrunda qan tökdüyü doğma Qarabağın, Zəngəzurun azad olunacağı gün olacaq.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb