"Azərbaycanda estrada səhnəsi çox çılpaq və şikəst görünür"
Teymur Göyçayev: "İndi hər yerindən duran, sintizator çalan bəstəkar olur. Kompüter vasitəsilə musiqi yaranmır. Musiqinin rəngi, ruhu olur"
Bu gün Azərbaycan musiqisini çiyinləri üzərində daşıyan peşəkar musiqiçilərimiz var ki, onlar az olsalar da üzərlərinə düşən məsuliyyət daha ağırdı. Musiqini hamı dinləyə bilər, amma hər kəs musiqi haqqında fikir bildirmək haqqına sahib ola bilməz. Musiqini bilmədən, musiqi savadı olmadan musiqidən danışmaq çətindir. Bugünkü müsahibimizin musiqidən danışmağa daha çox haqqı var.
«Şərq»in qonağı olan dirijor, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Azərbaycan Respubikasının xalq artisti, Şöhrət ordenli Teymur Göyçayevlə söhbətimiz Azərbaycan musiqisinin bu günündən oldu.
- Azərbaycan səhnəsində bir həyəcan təbili çalınır. Azərbaycan musiqi ladından, musiqisindən uzaq düşmüşük. Azərbaycan səhnəsi kənardan necə görünür?
- Azərbaycan səhnəsinə baxışım bir bucaqdan deyil. Əgər Azərbaycan xalq musiqisindən, muğam səhnəsindən söhbət gedirsə, Azərbaycan səhnəsinin görünüşü çox rəngarəng, maraqlı, professional tərzdədir. Caz musiqisindən danışmaq gərəkirsə, burda da vəziyyət çox normaldır. Şahin Növrəsli, Salman Cabbarov kimi caz musiqiçilərimiz var. Azərbaycan estrada səhnəsində isə həqiqətən vəziyyət acınacaqlıdır, dəhşətlidir. Bəli, bu gün Azərbaycan estrada səhnəsi çox çılpaq, şikəst görünür. Klassik musiqi əslində var. Sadəcə səhnədə o qədər görünmür. Estrada səhnəsində vəziyyət fərqlidir. Klassik musiqilər yaranır. Son illər estrada səhnəsində yeni nəfəs, yeni tərz yoxdu. Bu gün estrada musiqisi toyxanalara yol açıb. Estrada musiqisi toyxanaya ayaq açıb deyə, o sahədə vəziyyət ürəkaçan deyil. Estrada musiqisi peşəkarlıqdan kütlə musiqisi səviyyəsinə enib. Estrada musiqisi kütlənin zövqü ilə ayaqlaşmağa başlayıb.
- Sovet dönəmində Azərbaycan səhnəsində bir çox bəstəkarların adları çəkilirdi. Bu gün o bəstəkar nəsli yoxdu. Nə Tofiq Quliyevlər, Emin Sabitoğlular, nə Faiq Sücəddinov kimi bəstəkar nəsli yoxdu. Azərbaycan səhnəsi son 10 ildə yeni bəstəkar nəsli yetişdirə bilməyib
- Yenə də qeyd edirəm, akademik musiqi yaranır. Amma estrada musiqisi demək olar qalmayıb. Bəli, əvvəllər bəstəkarlar var idi ki, estrada musiqiləri yazardılar, müğənnilərlə işləyərdilər. O bəstəkarlıq ənənəsi itib, o tandem qalmayıb. Tofiq Quliyev Moskva Konservatoriyasını bitirmişdi. Təbii ki, onun musiqi savadı indiki bəstəkarlarda ola bilməz. Səhnəmizdə ən böyük problem savadsızlıqdı. Bu gün musiqilərin bu qədər bayağı olmasının səbəbi savadsız musiqiçilərlə çalışmaqdır. İndi hər yerindən duran, sintizator çalan bəstəkar olur. Kompüter vasitəsilə musiqi yaranmır. Musiqinin rəngi, ruhu olur. Bu gün peşəkar bəstəkarlara müraciət olunmur.
- Akademik musiqiyə maraq necə gənc nəsildə varmı?
- Əslində ciddi, akademik musiqiyə hər zaman maraq olub, var. Sadəcə o auditoiya böyük deyil. Amma maraq həmişə olub. Kamera orkestrinin, Simfonik orkestrin konsertləri olur, biz dinləyici qıtlığı yaşamırıq. Bilirsiz, uşaqlarda kiçik yaşlarından musiqi zövqünü formalaşdırmaq lazımdır. Sovet dönəmində niyə səhnədə bayağılıq görə bilməzdik? Çünki nəzarət var idi, uşaqlar abunə konsertlərə gətirilirdi, məktəblər uşaqları bu musiqiləri dinləmək üçün Filarmoniyaya gətirərdilər. Bu gün bu ənənələr itib. Hansı məktəb Simfonik orkestrin və ya Kamera orkestrinin konsertinə məktəbliləri gətiriblər. Onlardan belə bir müraciətlər olmur. Valideynlər uşaqlarının estetik zövqünü formalaşdırmaq üçün onlara kiçik yaşından bu musiqiləri dinlətməli, bu musiqilərlə tanış etməlidirlər. Kiçik yaşlarından uşaqların musiqi zövqü formalaşır. Sonradan o zövqə təsir etmək çətin olur. Çox vacib bir problemə toxunmusunuz. Bu gün bəlkə də bizim estetik zövqümüzə, musiqimizə vurulan zərbə o qədər də hiss olunmur. Amma illər sonra bu zərbənin ağırlığı özünü göstərəcək.
- Bu gün estrada səhnəsindən kimlərin ifası sizə maraqlı gəlir?
- Mən musiqiçi Ənvər Sadıqovun ifasını çox bəyənirəm. Onun kompozisiyaları çox maraqlıdır. Brilyant Dadaşovanın ifaları çox maraqlıdır, çox bəyənirəm. Faiq Ağayev, Zülfiyyə Xanbabayevanın səhnəmizdəki yeri həqiqətən dəyərlidir. Yəni bəzi estrada musiqiçiləri, müğənniləri var ki, onların yeri var. Sadəcə yeni nəsildə bunları hələ ki görə bilmirik. Həqiqətən həyəcan təbili çalınmalıdır. Çünki Azərbaycan estrada səhnəsi məhvə doğru gedir. Estrada səhnəsini palatkaların, toyların qurbanına çevirməyə imkan verə bilmərik.
Tahirə Məmmədqızı