“Azərbaycanda fotojurnalistika çox bərbad durumdadır”

Rasim Sadıxov: “Əksər portallarımız fotojurnalist deyil, hansısa restorandan ucuz qiymətə fotoqraf tuturlar”



Ölkənin aparıcı media quruluşları böyük oxucu auditoriyası qazanmaq uğrunda uzun illər bir-biri ilə ciddi rəqabətə giriblər. Dərc etdikləri materialların oxunaqlığının yüksəldilməsinə çalışıblar. Bunun isə əsas yolunu verilən mətnlərin müvafiq maraqlı şəkillərlə bəzədilməsində görüblər. Heç kimə sirr deyil ki, məqaləni oxudan və oxucunun diqqətini yazıya cəlb edən eksklüziv, orijinal və mətnə aid görüntülərdir. Bu baxımdan mətbuatı fotojurnalistikasız təsəvvür etmək mümkün deyil.

Sözügedən janr jurnalistikanın ən mühüm və ayrılmaz qollarından biridir. Jurnalistlər ictimai-siyasi həyatda baş verənləri sözlə ifadə edirsə, fotojurnalistlər bunu şəkillərlə çatdırırlar. Lakin hazırda fotojurnalistikaya maraq azalıb və bu sahədə kifayət qədər problemlər peyda olub. Bəzi qəzet və saytlar hansısa xəbəri və ya reportajı mətnə uyğun olmayan fotolarla təqdim edir. Üstəgəl, müxtəlif mətnlərin davamlı olaraq eyni şəkillərlə işıqlandırılması halına da çox rast gəlinir ki, o da oxucuları yorur. Bundan başqa, redaksiyalar fotomüxbir saxlamaq əvəzinə, jurnalistlərə fotoaparat verib, çəkilişlərə göndərirlər. Şübhəsiz ki, həmin qeyri-peşəkarlar ortaya cazibədar görüntülər qoya bilmirlər. Belə olan təqdirdə isə məhsulun keyfiyyəti aşağı düşür.

Bu sahədəki nöqsanların qaynaqlandığı səbəblər və problemdən qurtuluş yolları barədə "Şərq”ə danışan tanınmış, peşəkar və qocaman fotojurnalist Rasim Sadıxov qeyd edib ki, Azərbaycanda fotojurnalistika çox bərbad durumdadır. Onun sözlərinə görə, fotojurnalistlə fotoqraf anlayışları qarışdırılmamalıdır: "Anlamaq lazımdır ki, fotomüxbir restoran fotoqrafı deyil, jurnalistdir. O, bəy-gəlin şəkli yox, reportaj hazırlayır. Yazarlar fikirlərini sözlə ifadə edirlər. Fotojurnalistlər isə düşüncələrini şəkillərlə izah edirlər. Bizdə fotojurnalistlərə ikinci dərəcəli jurnalist kimi yanaşırlar. Bu səbəbdən fotojurnalistikamız dözülməz vəziyyətə düşüb. Baxın, əksər portallarımız fotojurnalist deyil, hansısa restorandan ucuz qiymətə fotoqraf tuturlar. Ona deyirlər ki, gün ərzində bu qədər pul verəcəm, filan yerlərdən bizə foto gətirməlisən. O da gedir tədbirə, qeyri-adi və eksklüziv deyil, 2-3 portret şəkli çəkib, qayıdır. Fotoqraf üçün həmin şəklin tədbiri əks etdirib-etdirməməsi önəmli deyil. O çəkib, pulunu alır. Belə fotoqrafların mətbuata ayaq açması fotojurnalistlərin adına böyük ləkə gətirdi və indi bizim də fəaliyyətimizə dırnaqarası baxırlar”.

Mütəxəssisin qənaətincə, bir fotojurnalist gün ərzində maksimum 2 fotoreportaj hazırlaya bilər: "Həqiqi jurnalistin imkanı ancaq buna çata bilər. Bu, mexanizm deyil. O reportajı elə çəkməlidir ki, əlaqədar mətni və ya tədbiri əhatə edə bilsin. Reaksiyaları göstərsin. Yəni reportaja baxanda sözə ehtiyac qalmasın. Oxucu ona baxanda nə əldə etdiyinin fərqində olmalıdır. Əsl fotojurnalistlər işini bu istiqamətdə qurmalıdır. Biz işimizi belə qurmuşuq. Belə olarsa, qüsurları aradan qaldıra bilərik”.

Redaksiyaların fotojurnalist saxlamamalarının səbəbinə gəlincə, müsahibimiz söyləyib ki, mətbu orqanların maddi durumu buna imkan vermir: "Media quruluşlarında maddi rifahın səviyyəsi aşağı olduğuna görə, fotojurnalistlərə ehtiyac duymurlar. Bu bəladan hələ yaxa qurtara bilməmişik. Söz yox ki, ölkədə çox oxunaqlı, maraqlı məqalələrlə çıxış edən mətbuat nümunələri mövcuddur. Onlar imkansızlıq səbəbindən fotojurnalist götürmürlər. Buna rəğmən anlamaq lazımdır ki, yazını oxudan şəkildir. Baxın, indiki halda xəbər saytlarının əksəriyyəti "kimsə kimisə bıçaqladı” və ya "kimsə kimisə zorladı” başlıqlı xəbərlər verirlər. Axı, mətbuat maarifləndirici orqandır. Məsələn, bu günlərdə "Azərbaycan” qəzetinin şöbə müdiri İxtiyar Hüseynlinin "Qarabağ: tarix olduğu kimi” məqaləsi var. O məqaləni oxuyandan sonra rahatlıq tapdım. Hazırda bu cür yazılara ehtiyac duyulur. Millətə belə məsələlər maraqlıdır. Media tərbiyəedici orqandır. İP xatirinə, "Filankəs çılpaq fotolarını yaydı” başlıqlı məlumatlar dayandırılmalıdır”. Bu, jurnalistika deyil”.

Mütəxəssis hesab edir ki, bütün toplantılardan maraqlı fotoreportaj hazırlamaq mümkündür: "Baxın, bir neçə tələbələrim var. Tədbirə göndərirəm. Maraqlı şəkillər gətirməyəndə deyirlər ki, 20 nəfər iştirak edirdi. Hamısı da masa arxasında oturub, danışırlar. Ondan necə reportaj hazırlayım? Onları başa salıram. Yanıma salıb, özümlə müşavirələrə aparıram və onlara yaradıcı fotonu çəkməyin sirlərini aşılayıram. Fotoaparatın düyməsini basmaqla fotojurnalist olmaq mümkün deyil. Fotojurnalist güclü müşahidə qabiliyyətinə malik olmalıdır. Bu sənəti sevmək lazımdır ki, real nəticələr ortaya qoyasan”.

Tələbələri ilə qürur duyduğunu deyən R.Sadıxov diqqətə çatdırıb ki, onların hamısı potensiallı gənclərdir: "Bu sahəyə çox böyük maraqları var. Amma onların gələcəkdə fotojurnalist kimi çalışmaları sual altındadır. Çünki sözügedən sahəyə maraq olmadığından kasıb və pul çıxmayan peşəyə çevrilib. Gənclər gəlirlər, kasıb sahə olduğunu görəndə qaçırlar”.

Yazının oxunmasında görüntünün oynadağı roldan söz açan mütəxəssis hesab edir ki, şəkillər yazının mahiyyətini və önəmini gücləndirir: "Baxın, oxucular yazıya baxmazdan əvvəl fotoya nəzər salırlar. Foto cəlbedici olanda yazıya baxırlar və mətndə yazılanları oxumağa başlayırlar. Şəkil maraqlı olanda oxucu sayı artır. Fikir verin, bizim bəzi media orqanları "google”ə girirlər. Ordan bir şəkli götürüb, kompüterlərinin yaddaşına atırlar. Həmin şəkildən təkrar-təkrar istifadə edirlər. Bu da heç bir effekt vermir. O şəkli ikinci dəfə görən oxucu həmin yazıya heç gözucu da baxmır. Şəkil məqaləyə uyğun olmalıdır. Yazı emosionaldırsa, danışanların şəkilləri də emosional olmalıdır. Belə olanda oxucu maraqlanır. Oxucu məhz o maraq üçün həmin mətbu orqana yenidən müraciət edir. Sonda isə ən aktiv oxucuya çevrilir”.

Fotoların üzərlərinə yerləşdirilən "loqo”lara toxunan müsahibimiz bəyan edib ki, bu, müəllif hüquqlarının qorunması cəhətdən doğru addımdır: "Müəllifin haqqıdır. İş onundur. Dəhşət burasındadır ki, bəzən fotonu özləri çəkmirlər. Haradansa "kopi past” edib, üzərinə öz adlarını və çalışdıqları orqanın loqosunu yapışdırırlar. Yəni plagiatla məşğuldurlar. Şəxsən mənim şəkillərimi oğurlayırlar. Təsəvvür edin, gənclik vaxtımda çəkdiyim şəkilləri götürüb, bugünün loqosunu yapışdırırlar. Bunun qarşısı alınmalıdır. Vaxtım yoxdur. Yoxsa gedib, o adamlara deyərdim ki, bu məsələləri yığışdırın. Plagiatlıq baş alıb gedir. Redaktorlar da oğurluğa göz yumurlar. Fotojurnalistikanı tərəqqidən dayandıran səbəblərdən biri də budur”.

Peşəkar və ixtisaslı fotojurnalistlərimizin xarici mətbuata axın olduğunu deyən həmsöhbətimiz bunun səbəbini ölkəmizdə yaxşı fotojurnalistə dəyər verilməməsi ilə izah edib: "Şəkillərimin əksər alıcısı əcnəbilərdir. Professional fotojurnalistlər görürlər ki, onların əməyinə qiymət verilmir, buna görə də xaricə üz tuturlar. Türkiyə, Fransa və digər xarici ölkələrin Azərbaycandakı səfirliklərində çalışanlar azərbaycanlı fotojurnalistlərdir. Bu da onun göstəricisidir ki, bizdə sanballı fotojurnalistə dəyər yoxdur. Professional jurnalistləri itiririk. Bu hal davam etsə, həmin sahədə çox böyük boşluqlar yaranacaq. Artıq həmin boşluqlar müşahidə olunmaqdadır. Türkiyəli fotojurnalistlər ölkəmizə ayaq açmağa başlayıb. Cəmiyyətimizdə belə təfəkkür formalaşıb ki, kim əcnəbidirsə, yalnız o, işinin ustasıdır. Bu təfəkkür hər kəsin alt şüuruna oturub. Dərk etmək lazımdır ki, yerli peşəkarlara müraciət etmək lazımdır. Reklam şirkətləri bizlə işləməlidir. Onlar da işləmir”.
Həmsöhbətimizin fikrincə, mövcud problemlərdən yaxa qurtarmaq üçün redaksiyaların maddi rifahı yaxşılaşmalıdır: "Reklam şirkətləri hansısa porno şəkillər yayan saytlarla deyil, ciddi media quruluşları ilə əməkdaşlıqda maraqlı olmalıdırlar. Belə olan halda redaksiyaların iqtisadi şəraiti yüksələn xətt üzrə inkişaf edəcək və onlar fotojurnalist cəlb edəcəklər”.

Davamı var....

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb