Azərbaycanda internetə məhdudiyyət tətbiq oluna bilərmi ? - Açıqlama





"Azərbaycanda internet azaddır”.

Bunu "Sherg.az”a İKT üzrə mütəxəssis Cahid İsmayıloğlunun "Youtube” sosial şəbəkəsinin ölkəmizdə bağlanması barədə təklifinə münasibət bildirərkən deputat Tahir Mirkişili söyləyib. 

O bildirib ki, hər bir məlumat qanun çərçivəsində alına və ötürülə bilər:

"Azərbaycanda internetə  heç bir məhdudiyyət tətbiq olunmur. Azərbaycana internet üzərindən zərər vurmaq istəyən qüvvələr azdır və belə də olacaq. Çünki Azərbaycanda vətəndaş mövqeyi çox güclüdür. Ona görə hər hansı məhdudiyyətlərin tətbiq olunmasına ehtiyac yoxdur”.

Qeyd edək ki, C.İsmayıloğlu təcili olaraq ölkəmizdə "Youtube” sosial şəbəkəsi bağlanmasını təklif edib. Onun sözlərinə görə, Azərbaycan üçün strateji olaylar öncəsi baş verən proseslərdən sui-istifadə edib, ölkəmizə maksimum zərər vurmaq istəyən qüvvələr bu platformada aktivləşiblər: 

"Dağıdıcı çağırışlar, montaj edilmiş şantaj və təhqir xarakterli video çarxlar, qondarma inforqraflar və s. bu video paylaşım səhifəsində sürətlə yayılmaqda və yüz minlər tərəfindən izlənilməkdədir”.

Aysel Aslan